Vətəndaşlar üçün
Ən çox verilən suallar
Yardım mərkəzləri – zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumlarıdır. Zərər çəkmiş şəxslər üçün dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunur. Dövlət Yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir. Yetkinlik yaşına çatmamış zərər çəkmiş şəxslər yardım mərkəzində 3 ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 ay müddətinədək zəruri hallarda sığınacaqla təmin oluna bilərlər.
Mühafizə orderi- məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktıdır. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderi məişət zorakılığını törətmiş şəxsə zorakılığın təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edə bilər. Qısamüddətli mühafizə orderi icra hakimiyyəti orqanları tərəfindən 30 gün müddətinədək verilir. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir.
Şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumat varsa cinayət təqibini həyata keçirən orqanlar tərəfindən baxılır. -Şikayətdə cinayət tərkibinin əlamətləri yoxdursa yerli icra hakimiyyəti orqanları tərəfindən baxılır. Dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayə orqanları, təhsil və səhiyyə müəssisələri, yardım mərkəzləri xidməti vəzifələrinin həyata keçirilməsi zamanı məişət zorakılığının törədilməsi barədə aldığı şikayətləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər.
Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanununa əsasən məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə yaxın qohum olan ailə üzvlərinin, birgə yaşadığı hallarda digər qohumlarının, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvadın və ya himayəçi təyin olunmuş fiziki şəxslərin və qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan yaxın qohumların birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Məişət zoraklığının əsasən fiziki, psixoloji, iqtisadi və cinsi formaları mövcuddur. -Məişət zəminində fiziki zorakılıq – qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığa zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır. - Məişət zəminində psixi zorakılıq – qanunun şamil etdiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərdir. -Məişət zəminində iqtisadi zorakılıq-qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaranmasına, belə asılılığı saxlamasına yönəlmiş hərəkətlərdir. - Məişət zəminində cinsi zorakılıq – bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.