Zorakılıqla mübarizə səndən başlayır!
Müəllif: Mehriban ZEYNALOVA, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri
4 aprel 2024 11:27
İllər öncə, bir xanım bizə müraciət etmişdi. O, müraciətə tək gəlməmişdi... bir tərəfində anası, digər tərəfində isə qardaşı dayanmışdı. Xanım təhsilli, dilli-dilavər, ekranlara baxanların bəlkə də güc simvolu bildiyi tanınmış bir xanım idi. Boşanmaq istəyirdi...
Söhbətə başlayanda artıq vəziyyəti anlamışdım. Müraciətə baxmayaraq, xilası özü inkar edirdi. Zənnimdə yanılmadım. Müzakirələrdən sonra, gedim bir az düşünüm “dedi”. Növbəti dəfə yenə gəldi. Bu dəfə tək idi. Təkrar söhbətləşdik. Azacıq dəyişiklik müşahidə edilsə də, hiss edilirdi ki, yenə tərəddüddədir. Lakin, tərəddüdə baxmayaraq boşanmaq istədiyini bildirdi. Biz qanunun bütün imkanlarından bəhrələnib, işi məhkəməyə verdik. Sübutlar, hətta gələcək üçün təminatlar perspektivi olan məhkəmə prosesinin üçüncü iclasında, ondan zəng gəldi “bağışlayın biz barışdıq”...
Yalnız iki ildən sonra boşanma qərarı qətiləşdi, boşanma baş verdi. Lakin artıq, bir çox imkanlar (iqtisadi) itirilmişdi. Yazdığım əhvalat yeganə hadisə deyil, belə hadisələr yüzlərlə, bəzən minlərlə olur...
Zorakılıqla mübarizə çətin prosesdir. Biz əksər vaxt, qanunlardan, xidmətlərdən, münasibətlərdən şikayətlənirik. Əlbəttə, hər hansı bir ölkədə məişət zorakılığı mövcuddursa, demək onun qarşısını almaq üçün qanunlar və xidmət paketləri mütləq olmalıdır. Lakin, bütün bunlardan əvvəl zorakılıqla mübarizə üçün şəxsin özünün zorakılığı dərk etməsi və ondan xilas olmaq arzusu ən öndə dayanan məsələ olmalıdır.
Beynəlxalq təcrübədə zorakılığa məruz qalmış şəxslərin vəziyyəti, 5 mərhələli cədvəllə müəyyən edilir. Bu nə üçün edilir... Çünki zorakılığa məruz qalmış şəxslər dəstək üçün dəfələrlə müraciət etsə də, əksər vaxt zorakılıqdan xilas üçün qərar qəbul edə bilmir. Onlar travmatik vəziyyətdə eyni sualları təkrar-təkrar verir, xilas olmaq istədiklərini bildirir. Lakin...
Mütəxəssislər belə hallarda, beş mərhələli cədvəllə şəxsin xilas istəyinin hansı faiz səviyyəsində olmasını müəyyənləşdirir. Şəxs zorakılıqdan xilas olmaq istəyirmi, yaxud ona hansı səviyyədə hazırdır. Bəzən zorakılıqla mübarizə aparan tərəflər, müraciətlərə həssas olsa belə, şəxs özü bu prosesə hazır deyilsə, zorakılıqdan xilas etmək üçün mütləq şəkildə onun zorakılığı dərk etməsi, ən əsası isə xilas hissini formalaşdırmaq vacib amildir.
Diqqətinizə qeyd etdiyim 5 mərhələni təqdim edirəm:
· Qurban bilmir ki, o qurbandır (dərketmə%, xilas hissi%) - “mən onunla xoşbəxtəm”, “o mənə qarşı çox mərhəmətlidir, hər şeyin günahkarı mənəm”, “münasibətlərin alınmamasında günahkar özüməm”, “o həmişə haqlıdır”, “qadın günahın özüdür”, “acizlik alışqanlığı”, “ daimi əməllərində utanc və günah hissini görməsi”
· Qurban bilir ki o qurbandır, lakin hesab edir ki, hər iki tərəf günahkardır (ayılma mərhələsi) (dərketmə 50%, xilas hissi 0%)– “hər ikimiz günahkarıq”, görəsən ayrılsam necə olar”, “Hisslər və sevgi asılılığı (bağlılıq)”, “nəyisə dəyişə bilmək ümidi”, “təklikdə nəyinsə öhdəsindən gələ bilməmək qorxusu”, “qisas alacağından qorxu hissi”, depressiya –“qala da bilmirəm, gedə də bilmirəm”, “özünə hörmət hissinin yox olması, ikrah və nifrət”;
· Qurban kimin günahkar olduğunu dərk edir (gözün açılması) (dərketmə 100%, xilas hissi 50%) – qurban artıq kimin günahkar olduğunu anlayır, sevgi keçir, Stokholm sindromu keçir, güclü kədər hissi var, qəzəb və narahatlıq, öz haqqlarını tələb etmək, hakimiyyətin yenidən bölüşdürülməsi, ayrılmaqla bağlı qərarı qəbul edir;
· Qurban münasibətlərdən azad olur (dərketmə 100%, xilas hissi 80%) – artıq vicdanı bütün günahlardan azad edilmiş halda azadlığa qovuşma, siz təcavüzkardan uzaqlaşıb müstəqil yaşayırsınız, rahat nəfəs alıb, hayatdan zövq alırsınız, lakin, fikrinizin 20%-i onunla bağlı məşğuldur. Hərdən tərəddüdlər olur. Onun yeni qurbanına qarşı, nifrət, qəzəb və paxıllıq hissiniz oyanır;
· Qurban zorakılığın təsirindən azaddır (dərketmə 100%, xilas hissi 100%) – öz həyatının qurucusuna çevrilir, özünü qiymətləndirmə bərpa olunmaqla yanaşı, əminlik hissi və enerji qayıdır. Qərarlara və əhvalına keçmiş təcavüzkar müdaxilə edə bilmir. Artıq şəxsə qarşı biganəlik şkalası formalaşır. Toksik (təcavüzkar) adamları müəyyən edə bilir. Beşinci mərhələyə çatan insanlar təcavüzkara qarşı qisas hissində yaşamır. Onlar düzgün seçim etmədiklərini dərk edirlər. Yeni yanaşmada düzgün seçimin əhəmiyyətini artıq dərk etmiş olurlar.
Qeyd edilən beş mərhələ üzrə şəxsin vəziyyətinin qiymətləndirilməsi adətən məişət zorakılığı üzrə ixtisaslaşmış psixoloq və sosial işçilər tərəfindən aparılır. Əksər vaxt şəxslər (1-ci mərhələ) üzrə özünün zorakılıq qurbanı olduğunu nə dərk etmir, yaxud da xilas hissi mövcud olmur. Belə insanların aşkarlanması, daha çox fiziki zorakılıq zəminində şəxsin polisə müraciəti, yaxud sığınacaqlara istiqamətləndirilməsi zamanı aşkarlana bilir. Onlar “görünməyən”, “əlçatmayan” qurbanlardır.
“Görünməyən” qurbanlar illər uzunu bu şəraitdə yaşayıb, müxtəlif xəstəliklərdən əziyyət çəkə bilirlər. Onlar hətta xəstəliklərin əsl səbəbinin zorakılıq odluğunu belə anlamırlar.
“Görünməyən” qurbanların aşkarlanması üçün ən yaxşı vasitə maarifləndirmədir. Geniş kütləyə açıq olan, televizya, radio, sosial şəbəkə, məlumatlandırma vərəqləri, könüllülərin fəaliyyəti vasitəsilə, onlara çatmaqdır. Göründüyü kimi, Azərbaycanda bu cür verilişlər müxtəlif televiziya kanallarında var və mütəxəssislərin iştirakı təmin edilir. Məhz o verilişlərdə mütəxəssislər zorakılığın mahiyyəti və nəticəsi barədə əhalini məlumatlandırır. Belə verilişlərə baxan şəxslər özünün qurban olmasını dərk etməsinə imkan yaradır (2-ci mərhələ).
2-ci mərhələyə qədəm qoyan şəxslər hər iki tərəfi günahkar hesab etsə də, xilas barədə düşünmür. Bu tip qurbanlar qismən təhlükə mənbəyinə çevrilə bilirlər. Daxili aqressiya, tərəddüdlər, özünü və ətrafdakıları ittiham. Əslində bu mərhələdə olan şəxslərin emosional qeyri-stabilliyi nəticəsində, hətta cinayət törədə bilməsi ehtimalı çoxdur. İkinci mərhələdə qeyd edilən meyarları özündə görən zorakılıq qurbanları Ailə, Qadın və Uşaq Porblemləri üzrə Dövlət Komitəsinə müraciət edib, pulsuz psixoloji yardımla bağlı kömək istəyə bilər. Yaxud, 860 nömrəli qaynar xətt vasitəsilə ilkin psixoloji yardım ala bilər. Digər resurslar xidmət təklif edən QHT-yə müraciət edə bilər. Bu QHT-lərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytına “akkreditasiya olunmuş QHT” adı ilə qeyd edilir və hər birinin telefon nömrələri göstərilir. Məsləhət görülməyən mənbə, sosial şəbəkədə mütəxəssis axtarışıdır. Bəzi hallarda məişət zorakılığı sahəsində ixtisaslaşmamış psixoloq daha çox zərər verə bilər. Ən yaxşı hal rəsmi dövlət və QHT-nin saytlarındakı məlumatlara baxılsın. Bir neçə il öncə, sığınacağımıza müraciət edən bir xanımın öz ailə probleminin həlli ilə bağlı sosial şəbəkədə psixoloq axtarışı onun dələduzla üzləşməsi, daha sonra şantaj olunması, ən sonda ailəsinin dağılması ilə nəticələndi.
3-cü mərhələ üzrə vəziyyət qurbanın xeyrinə dəyişə bilir. Artıq o xilas barədə düşünür. Belə hallarda xilas üçün standartlara söykənən adamlar bəzən uğursuzluqla üzləşə bilər. Adətən biz təhlükəsizlik çıxışı və ya planı hazırlayarkən müxtəlif mənbələr barədə qadına məlumat veririk. Bir müddət öncə, zorakılıq törədən şəxs özü evdən gedərkən belə, xanımın qapısının ağzında onu izləyən birisinin dayanmasını təmin edirdi. Belə olan halda qadın evi tərk edə bilmədiyindən çox təlaş keçirirdi. Biz onunla belə qərara gəldik ki, bu dəfə polisi yox, təcili yardımı çağırıb, həmin vasitə ilə evi tərk etməsi təmin edilə bilər. Məhz bu vasitə ilə zorakılıqdan zərərçəkmiş şəxs zorakılıqdan özünü xilas edə bildi. Digər bir mənbə, 112 xidməti idi. Təbii ki, ənənəvi, 102 və 860 qaynar xəttlər özü qüvvəsində qalır. Ümumilikdə təhlükədə olan şəxslər üçün qaynar xəttlərin nömrələrini özündə qeyd etmək yaxşı haldır. Digər bir resurs, ərazi üzrə İcra Hakimiyyətlərinin nəzdində zorakılıqla mübarizə üzrə Komissiyalardır. Zorakılığa məruz qalmış şəxsin, öz həyatı ilə bağlı qərar qəbul etməsi, yaxud zorakılıq törədən şəxsin uzaqlaşdırılması üçün məhz komissiyaya müraciət edib mühafizə orderi almaqla qorunmaq mümkündür.
3-cü mərhələ həm də şəxsin zorakılıqdan azad olması üçün əlverişli reabilitasiya imkanları olan dövrdür. Bu mərhələdə reabilitasiya üçün müraciət edənlər, zorakılığı dərketmə və xilasolma mərhələsində olduğundan, onlarla reabilitasiya effektiv nəticə verir. Məsələn, birinci mərhələ üzrə reabilitasiyanın aparılması bəzən effektsiz nəticələnir. Çünki şəxs özü müqavimət üçün daxilən hazır deyil. Reabilitasiya könüllü olmadıqda effektsiz nəticələnir. Təsəvvür edin, Sizi mexaniki, olaraq reabilitasiyaya cəlb edirlər. Siz isə təcavüzkara pərəstiş edir, onun əməllərini doğru, özünüzü günahkar hesab edirsiz. Belə halda reabilitasiya xidməti göstərən mütəxssislərin istənilən tapşırığı əhəmiyyətsiz vaxt itkisi ilə nəticələnir. Reabilitasiya şəxsin zorakılığa müqavimətini artırmaq, onu zorakılıqla mübarizədə dayanıqlı etmək, öz həyatını müsbətə dəyişmək istədikdə olduqca effektiv xidmət paketidir. Zorakılıqla mübarizənin meyarlarından ən vacibi Sizi idarə etmək istəyənləri dayandırmaqdır. Bu qohumlar, qonşular, həyat yoldaşı, övladlar, keçmiş həyat yoldaşı və s. istənilən şəxs ola bilər. İlk addım bu istəkdən başlayır. Bəzən stereotiplər, ittihamlar, manipulyasiyalar, zorakılığı dayandırmaq istəyən şəxslərə qarşı hərtərəfli hücum xarakteri ala bilir. Nəzərə alın ki, əksər vaxt məhz o insanlar sonradan Sizin gələcək həyatınızda hər hansı məsuliyyətdən ilk qaçanlar olur. Zorakılıqla mübarizə həm də şəxsin gələcək həyatı ilə bağlı məsuliyyəti özü üzərinə götürməsi deməkdir. Hər şey ilk Sizdən başlayır! Qanunlar, konvensiyalar, qaynar xəttlər, qaydalar və normalar Sizin zorakılığı dərk edib, ona qarşı mübarizəyə hazır olduğunuz halda Sizə ən böyük dəstək mexanizmidir.
Zorakılıqla mübarizə- Sizdən başlayır...