Zərif qadınların güclü mübarizəsi
Müəllif: Mariana Toteva VASİLEVA, Gənclər və idman nazrinin müavini
14 mart 2024 10:46
Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafı dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Qazanılan nailiyyətlər, ölkəmizin mötəbər yarışlara uğurla ev sahibliyi etməsi göstərir ki, respublikamızda idman yüksək səviyyədə inkişaf edir. Bu nailiyyətlər, həm də idmanımızın tarixi ənənəsindən xəbər verir.
Sevindirici məqam odur ki, qazanılan yüksək səviyyəli nailiyyətlərdə zərif cinsin nümayəndələri də pay sahibidirlər. Qadınlarımızın idmana meyl göstərmələri, at çapmaları, qılınc oynatmaları və s. Milli-mənəvi irsimiz olan "Kitabi-Dədə Qorqud”, "Koroğlu” dastanında, habelə digər ədəbiyyat nümunələrində də ustalıqla təsvir olunub.
Müasir dövrümüzdə idmanı qadınlarsız təsəvvür etmək mümkün deyil. Zəriflik və gözəllik mücəssəməsi olan əks cinsin nümayəndələrinə idmanın hər bir növündə rast gəlmək mümkündür.
Fərəh hissi ilə qeyd etmək olar ki, xanımlarımız yalnız formada qalmaq üçün idmanla məşğul olmur, eləcə də Azərbaycanın şərəfini layiqincə qoruyur, bu sahədə öz sözlərini deməyi bacarırlar.
Uşaq və gənclərin fiziki, mənəvi tərbiyəsində aparıcı mövqeyə malik olan qadınların qazandığı uğurlar idmanın təbliği, eləcə də zərif cinsin nümayəndələrinin bu sahəyə cəlb olunmaları baxımından da böyük əhəmiyyət daşıyır.
Bu hal cəmiyyətimizdə də xoş qarşılanır. Artıq hər bir valideyn cinsindən aslı olmayaraq öz övladının fiziki və mənəvi cəhətdən sağlam olması üçün idmana müraciət edir. Nəticədə ölkədə gələcəyimiz olan sağlam gənc nəsil formalaşır.
Tarixi faktlar sübut edir ki, dünyanın bütün ölkələrində qadınlar dini mənsubiyyətindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, həmişə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıblar. Hələ qədim dövrlərdə də qadın cəmiyyətin aparıcı qüvvəsi, ədalət rəmzi hesab olunub.
Buna baxmayaraq, qadınlar bir çox səhələrdə olduğu kimi, idmanda da müxtəlif dövrlərdə qadağalarla üzləşiblər.
Qadınlar Olimpiya Oyunlarında 1900-cü ildən iştirak edirlər və həmin dövrdə onlar güclərini yalnız idmanın tennis və qolf növlərində sınayırdılar.
Maraqlıdır ki, antik Olimpiya Oyunlarında olduğu kimi, 1896-cı ildə keçirilən ilk müasir Olimpiya Oyunlarında da qadınların iştirakına qadağa qoyulsa da, Afina-1896-da yunan qadın atlet Melpomeninin marafonda iştirakı barədə qeyri-rəsmi faktlar mövcuddur.
1912-ci ildə isə qadınlara üzgüçülük yarışlarında iştirak etməyə icazə verilib. XX əsrin əvvəllərində qadın idmanına qarşı tarixən formalaşan soyuq münasibət yavaş-yavaş əriməyə başlayıb.
Beynəlxalq Olimpiya Komitəsi qadın idmançılara qarşı qadağanın əbəs olduğunu xatırlayaraq 1924-cü ildə Olimpiya Xartiyasında müəyyən olunan idman növləri üzrə onların Olimpiya Oyunlarında iştirakını rəsmən təsdiq edib. Həmin ildə qadınlar arasında Olimpiya proqramına daxil edilən idman növlərinin sayı 7 olduğu halda, 1928-ci ildə bu rəqəm 9, 1936-cı ildə 10, 1948-ci ildə isə 19 olub. Maraqlıdır ki, əvvəllər məhdud idman növlərində iştirak edən qadınlar hazırda Olimpiya proqramında kişilərlə bərabər sayda çıxış edirlər.
Zəriflərə qarşı olan etibar və inam ona gətirib çıxarıb ki, 1968-ci ildə Olimpiya məşəlinin yandırılması şərəfi meksikalı qadın idmançı Enriketa Basilio Sotaloyaya, Sidney-2000 Olimpiadasında avstraliyalı Keti Fremana, Tokio-2020-də isə yaponiyalı Naomi Osaka və Ayaka Takahashiyə nəsib olub.
Qadınların idmanın kişilər üçün nəzərdə tutulan növlərində (boks, güləş, ağır atletika, futbol, hokkey) iştirakı onların hüquq bərabərliyi uğrunda apardıqları mübarizənin uğurlu nəticəsidir.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadınları ötən əsrin 20-ci illərində idmanda ilk addımlarını atmağa başlayıblar. 1925-ci ildə keçirilən birinci Bakı Olimpiadasında ilk perspektivli atletlər parlayıb. Təşkil olunan Spartakiadalar idmanın kütləviliyində yeni bir təkan olub, voleybol, üzgüçülük və güləşdə ilk nailiyyətlər qazanılıb.
SSRİ yığması tərkibində uğur qazanan azərbaycanlı qadın idmançıların sırasında Olimpiya çempionu olan həndbolçularımız Rəfiqə Şabanova, Lyudmila Şubina, Larisa Savkina, voleybolçu, Mexiko və Münhen olimpiadalarının qalibi İnna Rıskalın adlarını qeyd etmək olar.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra idmana qayğı xüsusi diqqət mərkəzində olub. 1997-ci ildə cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra idman siyasətində aparılan köklü dəyişikliklər qadın idmanının inkişafına da öz təsirini göstərib. Azərbaycanda idmanın və Olimpiya Hərəkatının daha da inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verməyə başlayıb.
Qürur hissə ilə qeyd etməliyik ki, bu gün Azərbaycanın qadın idmançıları adlarını dünya idmanı tarixinə qızıl hərflərlə yazdırırlar. Stend atıcımız Zemfira Meftahətdinova 2000-ci ildə keçirilən Sidney Olimpiya Oyunlarında qızıl medal qazanaraq, Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısı kimi tarixə düşüb. Beşqat Avropa və ikiqat dünya çempionumuz 2004-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən 28-ci Olimpiya Oyunlarında isə bürünc medala sahib çıxıb. Afina-2004-də daha bir qadın idmançımız, dünya çempionatının üçqat gümüş mükafatçısı İradə Aşumova komandamızın aktivinə Olimpiadanın bürünc medalını yazdırıb.
Səkkizqat Avropa, ikiqat dünya çempionu Mariya Stadnik Pekin-2008 və Tokio-2020-də yığmamıza bürünc, London-2012 və Rio-de-Janeyro-2016 Olimpiya Oyunlarında isə gümüş medal əldə edib.
Dünya və Avropa çempionumuz Yuliya Ratкeviç London olimpiadasında gümüş medala sahib çıxıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarında karateçimiz İrina Zaretska gümüş, cüdoçu İrina Kindzerska isə bürünc medala yiyələnib.
Azərbaycanlı qadınların idmandakı uğurları və qadın idmanının keçdiyi yola nəzər salsaq görərik ki, onların uğurları təkcə Olimpiya Oyunlarındakı nailiyyətlərlə məhdudlaşmır.
Ölkəmizin tanınmış qadın idmançılarının sırasında həmçinin cüdo üzrə beşqat dünya, ikiqat Avropa çempionu, samboçu Zülfiyyə Hüseynova, Azərbaycanın ilk beynəlxalq qrossmeysteri Aynur Sofiyeva, cüdo üzrə dünya çempionatının bürünc, Avropa çempionatının ikiqat bürünc mükafatçısı Kifayət Qasımovanın və s. adlarını qeyd etmək olar.
Maraqlıdır ki, son illər ərzində ölkəmizdə qadınların idmana marağının artmasını ötənilki statistik göstəricilər də təsdiqləyir. Belə ki, 2022-ci ildə Olimpiya növləri üzrə qazanılan nəticələrə əsasən Avropa və dünya çempionatının qalib və mükafatçıları sırasında daha çox qadınlar yer alıb. Uğur qazananlar arasında yeniyetmə idmançılarımız da fərqləniblər.
Təmsilçimiz Anna Başta qılıncoynatma üzrə Avropa çempionatının qızıl, dünya çempionatının gümüş medalını qazanıb. Bədii gimnastika üzrə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup komandamız ilk dəfə olaraq dünya çempionatında bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlib. Gimnastlarımız Avropa çempionatında da iki bürünc medal qazanıblar.
Ölkəmizin daha bir uğuru isə ötən il Azərbaycanın qadın voleybol millisinin AVRO-2023-ə vəsiqəni təmin etməsi olub.
Qitə çempionatında gənc gimnastımız Kamilə Qafarova fərdi növdə “bürünc”ə sahib çıxıb. Şahmatçımız Gövhər Beydullayeva 20 yaşa qədər qızlar arasında şahmat üzrə dünya çempionu tituluna yiyələnib. Boksçumuz Emili Rzayeva yeniyetmələr arasında ilk Avropa çempionu olub.
Təmsilçimiz Diana Dimçenko yeniyetmələr arasında sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk idmançı kimi adını Azərbaycan idmanı tarixinə yazdırıb.
Ölkəmizin zərif qəhrəmanları dünya və Avropa çempionatı ilə yanaşı, keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Ümumdünya Oyunları, Yay Universiadaları kimi mötəbər yarışlarda da ölkəmizin idman şərəfini layiqincə qoruyurlar.
Yeri gəlmişkən, qeyd etmək istərdik ki, ölkəmizdə qızların ən çox sevdiyi və müraciət etdiyi idman növlərindən biri də məhz gimnastikadır. 2002-ci ildə Azərbaycanın I Vitse-prezidenti Mehriban xanım Əliyevanın federasiyanın prezidenti seçilməsindən sonra ölkəmizdə gimnastikasının yeni inkişaf mərhələsi başlayıb. Aparılan uğurlu fəaliyyətin nəticəsidir ki, gimnastika növündə kütləvilik əldə olunub. Federasiyanın tərkibinə daxil olan 9 gimnastika növünün əksəriyyətində qadınlar çıxış edərək, müxtəlif mötəbər yarışlarda nailiyyətlər qazanırlar. Təsadüfi deyil ki, bu gün respublikamızın 29 bölgəsində məhz qızların müraciət edə biləcəyi bədii gimnastika üzrə bölmələr fəaliyyət göstərir.
Beynəlxalq Olimpiya Komitəsi tərəfindən diqqət mərkəzində olan aktual məsələlərdən biri də məhz qadınların idman təşkilatlarında təmsil olunmalarıdır.
Bu gün ölkəmizdə fəaliyyət göstərən bir sıra idman federasiyalarının uğurlu fəaliyyəti nəticəsində ölkə nümayəndələrimiz müvafiq Avropa və beynəlxalq qurumlarda uğurla təmsil olunur.
Fərəh hissi ilə qeyd etmək olar ki, AGF-nin idman direktoru, təmsilçimiz Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə FIG-nin Atletlər Komissiyasının üzvüdür. Ötən il beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva bədii gimnastika, İnara İsrafilbəyova isə gimnastika hamı üçün növü üzrə Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü seçiliblər.
İdman təkcə sağlamlıq yox, həm də sağlam düşüncə deməkdir. Zərif və müqəddəs varlıq olan qadınlarımızın güclü, cəsarətli və sağlam ruhlu olmaları isə uğurlu gənc nəslin təməli deməkdir.