Yeniyetmələrlə münasibətdə valideynlər nəyə diqqət yetirməlidirlər?
Müəllif: Zülfiyyə SADIQ, AQUPDK Ailə məsələləri şöbəsinin əməkdaşı
4 aprel 2024 10:11
Müasir dövrdə valideyn-övlad münasibətlərinin önəmi barədə çox danışılır. Belə ki, cəmiyyətdə uşaq və yeniyetmələrlə bağlı rastlaşdığımız problemlərin kökündə həmişə ailədaxili münasibətləri əsas götürürük. Təcrübədə rast gəlinən problemlər sırasında yeniyetmələrin valideynləri tərəfindən başa düşülməməsi, hüquqlarının məhdudlaşdırılması, şəxsi həyatına müdaxilə edilməsi, valideynlərin yeniyetmələri özləri ilə müqayisə etmələri, eyni həyat tərzini və tərbiyə metodlarını yeniyetmələrə tətbiq etməsi, onları qorumaq məqsədilə həddən artıq nəzarətdə saxlaması, yeniyetmələrə seçim hüququnun verilməməsi, yeniyetməlik yaş dövrünün xüsusiyyətlərinin nəzərə alınmaması və s. hallar daxildir. Bütün bu hallar valideyn-övlad münasibətlərində gərginliklərin yaranmasına səbəb olur. Valideynlərin yeniyetməlik yaş xüsusiyyətlərini və davranış reaksiyalarını bilməsi bu gərginliklərin aradan qaldırılmasında, konfliktlərin həll olunmasında yaxından köməklik göstərə bilər.
Yeniyetməlik dövrünün xüsusiyyətləri?
Fiziki inkişafın sürətlə cərəyan etməsi;
Cinsi yetişkənlik və digər cinsə maraq;
Özünü “böyük” adam kimi göstərmək cəhdi;
Mənlik şüurunun formalaşması, öz “mən”inin kəşfi;
Əxlaqi şüurun təşəkkülü, mövcud davranış normalarına özünəməxsus münasibət;
Ünsiyyətə meylin güclənməsi, yəni qəlbinə yaxın yoldaş, dost tapmaq cəhdi.
Yeniyetməlik yaş dövründə əsas davranış reaksiyaları hansılardır?
Yaşıdlarla qruplaşma reaksiyası - yeniyetmənin ünsiyyət tələbatının ödənməsinə xidmət edir; yeniyetmə “mikromühiti”ndəki xüsusi zövqlər, davranış maneraları, dəb etalonları, danışıq tərzi və s. böyüklər arasında qəbul olunmuş normalardan kənara çıxır. Yeniyetmə qrupları tərkibinə görə sabitdir, liderin nüfuzu üstünlük təşkil edir, qrupdaxili qarşılıqlı münasibətlərdə ciddi subardinasiya mövcuddur.
Cinsi həvəs -cinsi yetişkənlik yeniyetmə şəxsiyyətinin formalaşmasına və davranışına mühüm və fəal təsir göstərir. Yeniyetmələrin cinsi davranışı dinamik olur; “Femininlik” (qadınlıq) və “maskulinlik” (kişilik) meyarları aktuallaşır, yeniyetmələr təqlid əsasında seksual davranış şablonlarına yiyələnirlər.
Yeniyetməlik dövründə özünüdərketmənin formalaşması ilə şərtlənən reaksiyalar əsasən fiziki və psixoloji inkişafda əks olunur. Fiziki inkişaf nəticəsində zahiri görkəmini müəyyən etalonlarla müqayisə edən yeniyetmə özündə “nöqsanlar” tapır, bu da narahatlıq, təşviş, özünəinamsızlıq və s. yaradır, özünüqiymətləndirmənin aşağı düşməsinə səbəb olur. Daxili aləmini dərk etməyə başlayan yeniyetmə özünüqiymətləndirməyə, intellektual bacarıqlarının və əxlaqi keyfiyyətlərin qiymətləndirilməsinə daha çox maraq göstərməyə başlayır. Ətraf aləmə dair fikir və mülahizələrin ortaya çıxması, gələcəyə dair planların qurulması qabarıq şəkildə özünü göstərir.
Yeniyetmələrin həvəs, hobbi-reaksiyalarının yaranması dünyagörüşünün artmasına, hər hansı sahəyə maraq göstərməsinə, yaşıdlar qrupunda ünsiyyət və eyniləşmədə əks olunur. Həvəs reaksiyaları psixoloji müdafiə rolunu oynayır və yeniyetmənin bütün həyatına nüfuz edir.
Yeniyetmələrin davranışında yaranan neqativ reaksiyaların əsas səbəbləri yuxarıda da qeyd edildiyi kimi valideyn-övlad münasibətlərindəki ziddiyyətlər, ümumən ailədaxili münasibətlərin düzgün qurulmaması, ailədaxili ünsiyyətin zəif olması, yeniyetmənin özünü qeyri-adekvat qiymətləndirməsi, özünəinamsızlıq, qrupdaxili mövqeyinin sabit olmaması və s.-dən qaynaqlanır. Yeniyetməlik dövründəki neqativ davranış reaksiyaları böyüklərin himayə və nəzarətindən xilas olmaq cəhdində, açıq emansipasiya reaksiyası- kobudluq, itaətsizlik, höcətlik, böyüklərin fikir və göstərişlərini, mövcud qayda-qanun və ənənələri saymamaqda, gizli emansipasiya reaksiyası - səfillik, cinsi sərbəstlik, qeyri-formal asosial qrupların yaradılmasında özünü göstərir.
Ədəbiyyatda yeniyetmələrə xas olan bəzi davranış nümunələri verilir. Bu davranış nümunələri də yeniyetmələri başa düşməkdə və yaranan problemlərin düzgün həllində köməklik göstərir.
§ Otağa qapanmaq. Otağı yeniyetmə üçün qala kimidir, ora başqalarının girməsini istəmir, evdəki vaxtının çoxunu öz otağında keçirir.
§ Ailələrin müqayisəsi. Yeniyetmə üçün dünyadakı ən pis, ən qəddar, ən anlayışsız ailə özününküdür, ən yaxşı ailə isə təbii ki, digərlərinin ailələridir.
§ “Mən keflənmirəm”. Spirtli içkilərlə yenicə tanış olmağa başlayan yeniyetmələr özlərini sübüt etmək üçün həmişə sərxoş olmadıqlarını iddia edirlər.
§ Qapını çırpıb çıxmaq. Ailədə baş verən söz-söhbətin axırı qapını çırpıb getməklə bitir.
§ “Heç kim məni başa düşmür”. “Bu dünyada mən təkəm. Heç kim mənim dərdimi başa düşmür”. Amma bütün yeniyetmələr eyni dərəcədə tənhadırlar.
§ “Gəl evlənək”. Bu yaşda bir-birləri ilə təzə tanış olan, aşiq olmuş yeniyetmələr evlənmək sevdasına düşür, bəzən bir-birlərinə üzük da bağışlayırlar. Lakin bir xırda mübahisədən sonra üzükləri dərhal atıb gedirlər.
§ Həyatın nə olduğunu başa düşürəm. 15 yaşında həyatı başa düşdüyünü zənn edən yeniyetmələrin dilindən düşməyən cümlədir. Hətta bəzən qoca kişilər kimi nəsihət də verirlər: “Bu həyatda gərək heç kimə inanmayasan, həyatın qanunu budur”.
§ Buralardan gedəcəm. Ali məktəb imtahanlarının qorxusu başlayanda bu fikirlər oyanır. Birinci getmək istədikləri ölkə Amerika olur. Sonra yavaş-yavaş Avropa ölkələrinə gəlib çıxırlar.
§ Siyasət murdar şeydir. “Bütün siyasətçilər öz mənfəətlərini güdürlər. Buna görə də həyatda heç vaxt siyasətə qarışmamaq lazımdır”. Buna görə də heç televiziya xəbərlərinə də baxmırlar.
§ Gündəlik. Yanvarın 1-də başlayırlar gündəlik yazmağa. 4-5 gün yazıb sonra cümlələri yavaş-yavaş azaldırlar. Axırda gündəlik kitabların arasında itib batır.
§ “Ananla gedirsən”. Yeniyetmələrin anasından, atasından və bütün qohumlarından zəhləsi getdiyi bir dövr var. Ana və atasıyla bir yerə getdikləri üçün əsəbləşir, küçədə valideynləri ilə görünməkdən utanırlar.
§ “Sıxılıram”. İnsan hərdən sıxıla bilər, ancaq yeniyetmələrdə bu sıxılmaq bəzən uzun çəkir. Hara gedirsə, getsin üzündə narazı ifadə var. Bu da zamanla keçən bir haldır.
§ İntihar. Ailədaxilində baş verən münaqişələr, sevgisizlik, çevrəsində baş verən problemlər, sevgi münasibətlərində yaranan gərginliklər, problemlər onları intihar etməyə sövq edir. İntihar və intihara cəhd hallarının bir çoxunda məqsəd diqqətinə özünə çəkməkdir.
Böhran vəziyyətində yeniyetmələrə necə dəstək ola bilərik?
Yeniyetmə üçün ailə ilə birlikdə olmaqla yanaşı, bəzən tək qala biləcəyi və öz düşüncələrinə qapıla biləcəyi şəxsi zonanın və zamanın olması vacibdir. Buna görə də onların gündəlik fəaliyyətlərini, davranışlarını nəzarətdə saxlamaqdan və ya tənqid etməkdən çəkinməli.
Yeniyetmələrin psixi sağlamlığını təmin etmək üçün ailə və dostlarla münasibəti sağlam olmalıdır. Onun sosial həyatını davam etdirə biləcəyi mühiti təmin etməli.
Sosial təcrid vəziyyətində yeniyetmələr günlərini doldurmaq üçün müxtəlif faydasız fəaliyyətlərlə məşğul ola bilərlər. Bu da internet və oyun aludəçiliyi yarada bilər. Yeniyetmələri maraqlarına uyğun fəaliyyətə yönləndirmək vacibdir. Lakin uşaqları internetdən istifadə və ya oyun oynamaqdan tamamilə məhrum etmək olmaz. Problemi həll etmək üçün birlikdə gündəlik oyun və əlavə fəaliyyətlər fikirləşmək olar.
Böhran vəziyyətinə səbəb olan hadisəni aydın şəkildə izah etməyə və bütün sualları cavablandırmağa çalışmaq, ailədə və ya uşağa yaxın insanlar arasında itki olduqda bu barədə yeniyetmə ilə danışmaq lazımdır.
Yeniyetmə ilə ünsiyyət zamanı onu aktiv dinləməli, göz kontaktında olmalı, nə deməsindən asılı olmayaraq, mühakimə etməməli, günahlandırmamalı, problemin həllinə səbrlə yanaşmalı, yeniyetmənin hiss və emosiyalarını ifadə etməsinə imkan verməlidir.
Yeniyetmədə ən azı iki həftə davam edən əhval-ruhiyyədə düşkünlük, fəallığın azalması, tez yorulma, marağın və zövqalma hissinin itirilməsi, çarəsizlik hissi, özünüqiymətləndirmə və özünəinamın aşağı olması və s. kimi depressiv əlamətlər və ya əsassız olan təşviş hissinin olduğu müşahidə edildikdə, valideynlə ünsiyyətdən qaçırsa, mütləq peşəkar psixoloji xidmətə müraciət edilməsi tövsiyə olunur.