Ekspertin tribunası

Su və qadınlar

Müəllif: Gülnar ƏLİYEVA, Contractor UNECE su və gender məsələləri üzrə ekspert

23 oktyabr 2024 17:37

Su və qadınlar bir-biri ilə sıx bağlıdır və cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayır. Su, həyatın təməl qaynağıdır, lakin gender bərabərliyi bu resursun düzgün bölüşdürülməsi və istifadəsində mühüm təsir göstərir.

Su resurslarının çatışmazlığı qadın və qızların həyatını daha çox çətinləşdirir. Dünyanın bir çox yerlərində suya çıxış məhdud olduğundan, qadınlar və qızlar su yığma və təmin etmə məsuliyyətini daşıyırlar. Bu, onların təhsil, iş və sosial imkanlardan geri qalmasına səbəb olur. Su yığmağa saatlar sərf edən qızlar məktəbdə vaxt keçirə bilmirlər, qadınlar isə əmək bazarında daha aktiv rol ala bilmirlər.

Su yığma zamanı ağırlığın orqanizmə göstərdiyi əks təsirlərdən də yan qaçmaq olmaz.Xüsusilə ağır yük daşımaq qadınlarda qarın əzələlərinə təzyiq göstərə bilər ki, bu da daxili orqanlara, hətta reproduktiv sistemə mənfi təsir göstərə bilər. Böyümə dövründə olan uşaqların su yığımı  prosesində iştirakı onların böyümə prosesinə əks təzyiq göstərə bilər. Bu, sümük böyüməsini ləngidə və ya poza bilər.Uşaqların onurğası və skelet sistemi hələ inkişaf mərhələsində olduğundan, ağır yüklər onurğaya təzyiq göstərə bilər və skolioz (onurğanın əyilməsi) və ya digər duruş problemlərinə səbəb ola bilər.

Sanitariya və gigiyena məsələləri də gender bərabərliyi ilə sıx bağlıdır. Təəssüf ki, bir çox ölkələrdə qadınlar və qızlar üçün təhlükəsiz və əlçatan sanitariya şəraitləri mövcud deyil. Bu isə qadınların sağlamlığına və həyat keyfiyyətinə ciddi mənfi təsir edir. Xüsusilə də yeniyetmə dövründə olan qızlar üçün məktəblərdə suya çıxışın əlçatan olmaması onlara ciddi əks təsirlər göstərə bilər. Yeniyetməlik dövründə qızlar öz şəxsi gigiyenalarına daha çox diqqət etməli olurlar, xüsusilə həssas dövrdə. Məktəblərdə suyun olmaması bu gigiyenaya mənfi təsir göstərə bilər, onların məktəbə davamiyyətini və psixoloji vəziyyətinə də mənfi təsir edə bilər.

İqlim dəyişikliyi və su çatışmazlığı qadın və kişilərə fərqli təsir göstərir. Qadınlar, xüsusilə kənd yerlərində, su və qida təminatında daha böyük məsuliyyət daşıdıqları üçün iqlim dəyişikliyinin təsirlərinə daha çox məruz qalırlar. Qadınların bu sahədə liderlik rolunu oynaması və  qərarların qəbul edilməsində və su resurslarının idarə olunmasında iştirak etmələri vacibdir.

Əksər icmalarda gündəlik məişət və təsərrüfat üçün suyun əldə olunması, saxlanılması və  istifadəsinin məsuliyyəti qadınların üzərinə düşür və su mənbələri olmadıqda və ya uzaqda yerləşdikdə onlar  üçün ciddi problemlər yaranır.

 Kənd yerlərində qadınlar yemək, təmizlik, heyvanlara qulluq, qida istehsalı və sanitariya məqsədi ilə tələb  olunan suyu gətirmək üçün gündəlik müəyyən məsafə qət etməli hətta saatlarla növbə gözləməli olurlar. Bu isə qadın və qızların təhsildən yayınmalarına və vaxtlarını çox hissəsinin su probleminə yönəlməsinə səbəb olur.

Xüsusilə qeyd etmək lazımdır ki, Kür ətrafında yerləşən ərazilərdə əhalinin yalnız su mənbəyi Kür çayı olduğundan onlar həmin suyu təmizləmədən istifadə edirdilər. Bu isə daha həssas olan qadın və uşaqlar üçün müxtəlif sağlamlıq probleminin yaranmasına səbəb olur.

 İqlim dəyişmələrinin təsiri nəticəsində Kürün suyunun azalması son bir neçə ildə Xəzər dənizinin duzlu sularının son illərdə daha da intensivləşən küləyin və dalğaların təsiri ilə Kür boyu yuxarı hərəkət etməsinə və Neftçala və Salyan rayonları ərazisində  içməli su probleminin kəskinləşməsinə sabəb oldu.

Qadınlar daha kəskin  su təchizatı problemi ilə üzləşərək onu müxtəlif vasitələrlə əldə etməklə məşğul oldular

Qadınlar gündəlik həyatda istifadə etdikləri suyun lazımi keyfiyyətə mailk olub  olmamasını bilmək üçün çay hövzəsində baş verən iqdisadi fəaliyyətlər və inkişaf layihələri barədə məlumat almalıdırlar.

Eyni zamanda qadınlar məlumat almaqla yanaşı hövzədə fəaliyyətdə olan və ya planlaşdırılan layihələr barədə məlumat aldıqdan sonra, bu layihələr ətraf mühitə və suyun kəmiyyət və keyfiyyətinə ciddi təsir etdikdə onlar bu məsələni qaldıra və həmin mənfi təsirlərin azaldıması ilə bağlı tədbirlərin görülməsini tələb edə bilərlər.

Əgər bu tələblər yerinə yetirilməzsə əlbətdəki onların müvafiq qurumlara müraciət etmək hüquqlarıda var və onlar tələb edə bilərlərki həmin su obyetktlərində bu problemlər aradan qaldırılsın.

 Onların bu hüquqları həm Orxus konvensiyası həm də ətraf mühitin vəziyyətinə dair informasiya almaq haqqında Azərbaycan  Respublikasının qanunvericiliyində nəzərdə tutulub

Eyni zamanda qadınlar hər hansısa bir planlaşdırılan inkişaf layhəsi ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsi proseslərinə geniş şəkildə cəlb olunmalıdır ki onlar məlumatlı insanlar olduğu üçün öz fikirlərini bildirməklə bu problemlərin daha yaxşı həllinə nail olsunlar.

Su ehtiyatları tükənən sərvət olduğundan onun səmərəli idarə olunması çox vacib aspektdir. Belə ki, su ehtiyatlarının səmərəli idarə edilməsi BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin, təbii fəlakət risklərinin azaldılmasına dair Sendai Çərçivə Programında və Paris Sazişi kimi beynəlxalq müqavilələrə daxil edilmişdir.

Dünya İqtisadiyyat Forumu ardıcıl üçüncü ildir ki, su böhranını ilk üç vacib qlobal risklər siyahısına daxil edir.

Cari ildə ölkəmizin sədrlik edəcəyi COP29-un gündəliyində irəli sürüləcək əsas təşəbbüslərdən biri İqlim Dəyişikliyi üçün Su Bəyannaməsinin qəbul edilməsidir. Maraqlı tərəfləri iqlim dəyişikliyinin su hövzələrinə və su ekosistemlərinə təsirləri ilə mübarizə aparmaq üçün inteqrasiya olunmuş yanaşmalar qəbul etməyə, su ilə bağlı təsirlərin azaldılması və uyğunlaşdırılması tədbirlərini milli iqlim siyasətinə inteqrasiya etməyə çağıran bəyannamə tərəflər arasında davamlılığı və ahəngdarlığı artırmaq məqsədi ilə İqlim Fəaliyyəti Naminə Su üzrə Bakı Dialoquna start verilməsini nəzərdə tutur.

Ölkə ərazisində su ehtiyatlarının məhdudluğu problemi ilə əlaqədar onlardan səmərəli istifadə olunması, su mənbələrinin çirklənməsinin qarşısının alınması və əhalinin keyfiyyətli içməli su ilə lazımi səviyyədə təmin edilməsi əsas məsələlərdən biridir.

Transsərhəd çayların qonşu dövlətlər tərəfindən çirkləndirilməsi, mövcud su ehtiyatlarından qeyri-rasional istifadə məsələləri məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının mühafizəsinin təkmilləşdirilməsini, məqsədyönlü və səmərəli istifadəsini tələb edir.

İqlim dəyişmələrinin təsiri nəticəsində  yerli çaylarla yanaşı  qonşu dövlətlərin ərazisindən Azərbaycana daxil olan Kür, Araz və Qanıx kimi çaylarda da su sərfləri son 20 ildə orta hesabla 15% azalıb.

 Eyni zamanda ölkə əhalisinin artması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi  suya olan təlabatı daha da artıracaq.

Çaydan daha çox suyun götürülməsi onların qurumasına və çay-su ekosisteminin tənəzzülünə və bir təbii landşaft elementi kimi çayların quruyaraq  yoxa çıxmasına gətirir.

 Bütün bunlar sudan səmərəli sitifadə sahəsində müvafiq tədbirlər görülməsə su təminatında və su obyektlərinin qorunub saxlanılması  sahəsində ciddi problemlərlə üzləşəcəyimizdən xəbər verir.

Yaxın gələcəkdə alternativ su mənbələrinin axtarışı, yağış sularından istifadə olunması, sudan təkrar istifadə kimi amillər də nəzərə alınmalıdır.

Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməlidir. Yeni, inkişaf etmiş, su ehtiyatlarının və ətraf mühitin qorunmasına xidmət edən metod və texnologiyaların tətbiqi və müasir idarəetmə üsullarından istifadə israfçılığın qarşısını ala bilər.

Su ehtiyatlarının mümkün azalmalarına qarşı uyğunlaşmanın yollarından biri də sudan mümkün qədər az istifadə, təsərrüfat və məişətdə yol verilən su itkilərinin azaldılmasıdır. Adi su istifadəçisindən tutmuş fermerə qədər hamı suya qənaət vərdişlərinə yiyələnməlidir. Buna görə də əhalidə ekoloji savadın artırılması vacibdir. Bu vasitə inkişaf etmiş ölkələrdə təbii resurslara qənaət etməyə imkan yaradan ən güclü vasitədir.

 

Su resurslarının mühafizəsi, onlardan səmərəli istifadə sahəsində təhsil proqramları və müxtəlif layihələr həyata keçirilir. Görülən tədbirlər bu sahədə gələcək liderlərin hazırlığını təmin etməlidir.

2018-ci ildə ekologiya fənni üzrə kurrikuluma xüsusi Dayanıqlı İnkişaf Məqsədləri modulu daxil edilmişdir.

Təhsil müəssisələrində tələbələr və məktəblilərin ekoloji biliklərinin təkmilləşdirilməsi, gənc nəslin ətraf mühit, o cümlədən su ehtiyatları sahəsində mədəniyyəti, xüsusi bacarıqları və səriştələrinin inkişaf etdirilməsi məqsədilə "Yaşıl Şəbəkə" adlı təhsil proqramı çərçivəsində “Eko-klublar” yaradılmışdır. "Yaşıl Şəbəkə" ekoloji təhsil proqramı çərçivəsində məktəb müəllimləri və ümumtəhsil müəssisələrinin tələbələri üçün tədris məşğələləri keçirilir.

Həmçinin, Təhsil Nazirliyinin bütün lisey və gimnaziyalarında da “Eko-klublar” yaradılmışdır.

“Eko-klubların” yaradılmasında məqsəd ekoloji könüllülərin ekoloji mədəniyyət və ətraf mühitin mühafizəsi, o cümlədən su ehtiyatlarından səmərəli istifadə sahəsində biliklərinin təkmilləşdirilməsi, onların xüsusi bacarıqlarının inkişaf etdirilməsidir. Beş il ərzində ekoloji forumun iştirakçılarının sayı 3000 nəfərə çatıb.

Orta məktəblərdə hər il təşkil olunan "Ekologiyanın əsasları" proqramı çərçivəsində müəllimlər tərəfindən sinifdənkənar təlimlər keçirilir 2015-2020-ci illərdə bu proqram ölkənin 40 ümumtəhsil məktəbində həyata keçirilib

Davamlı İnkişaf üçün Ətraf Mühitin Təhsili Layihəsi çərçivəsində İki il ərzində Azərbaycanın müxtəlif bölgələrində 200-dən çox müəllim üçün seminarlar təşkil olunub. Müəllimlər davamlı inkişaf və təbii ehtiyatlardan səmərəli istifadə üzrə tədris metodikası ilə tanış olublar

Hər il Koreya Beynalxalq əmakdaşlıq Agentliyi (KOICA) Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məktəblilər aksiyalar və yürüşlər keçirir. Əsas məqsəd uşaqlara və gənclərə iqlim dəyişikliyi, ətraf mühit problemləri və mühafizəsi, o cümlədən su ehtiyatlarının mühafizəsi ilə əlaqədar biliklər verməkdir.

Bununla yanaşı respublikanın bütün rayon mərkəzlərində mütəmadi olaraq digər müsabiqələr, aksiyalar, simpoziumlar, tədqiqat layihələri, elmi konfranslar və digər layihə və proqramlar həyata keçirilir.

Su qurumlarına tələbə və mütəxəssislərin,  xüsusilə ali məktəblərdə hidrometeorologiya ixtisasında təhsil almış qadınların cəlb edilməsinə üstünlük verilir.  

Su və gender bərabərliyi arasında balansı qorumaq üçün birgə iş görməliyik. Biz qadınların və qızların su resurslarına daha yaxşı çıxışını təmin etməli, onların qərarların qəbul edilməsində iştirakını dəstəkləməliyik. Bu həm su resurslarının daha səmərəli idarə olunmasına, həm də gender bərabərliyinə töhfə verəcəkdir.