Qohum nikahları sağlam ailələrin formalaşması üçün təhdiddir
Müəllif: Kamila ƏLİYEVA, AQUPDK Ailə məsələləri şöbəsinin müdir müavini
24 aprel 2024 10:41
Qohumlar arasında nikah halları və onların törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi bizim cəmiyyətdə da narahatlıq doğuran aktual ailə məsələlərindən biridir. Belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Qohum nikahların faiz dərəcəsi ümumi nikahların sayında aşağı olsa da, reallıqda dünyaya gəllən sağlamlıq imkanları məhdud olan uşaqların sayı çoxdur. Yad cütlüklər arasında nikahlar nəticəsində əlil uşaqların doğulması riski 2-4%, qohum evliliklərdən risk 4-8 %-dək artır.
Qan qohumları arasında bağlanmış nikahlar nəticəsində dünyaya gələn uşaqlarda ən çox rast gəlinən xəstəliklər:
Ø sinir sisteminin, eşitmə qabiliyyətinin pozulması;
Ø dayaq və hərəkət aparatının pozulması;
Ø qan xəstəlikləri (talassemiya, hemofiliya və s.);
Ø anadangəlmə psixi və fiziki inkişafda çatışmazlıqlar;
Ø tənəffüs orqanlarının xəstəliyi (astma, sinəgir xəstəliyi, təngənəfəslik və s.).
Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, qohum nikahları ilə bağlı bir sıra ölkənin qanunvericiliyində artıq qadağalar qoyulub. Belə ki, Çin, Tayvan, Şimali Koreya, Cənubi Koreya, Filippin və ABŞ-ın 24 ştatında baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahların bağlanmasına qadağa qoyulub. Almaniyada ailə qanunvericiliyinə əsasən 3-cü dərəcəli qohumlar arasında (yəni əmi və ya dayı və onun qardaşı və ya bacısı qızı, eləcə də bibi və ya xala və onun bacısı və ya qardaşı oğlu) nikahların bağlanmasına yol verilmir. Nikahın bağlanma şərtləri haqqında qanunun pozuntusuna yol verildiyi halda nikah etibarsız hesab edilir. MDB ölkələri arasında Tacikistan Respublikasının “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” haqqında Qanununda və Ailə Məcəlləsində edilən dəyişikliklərə əsasən 1 iyul 2016-cı il tarixindən etibarən qohumlar ( baba və (və ya) nənəsi ümumi olan şəxslər və eləcə də əmi, dayı, bibi, xala və onların uşaqları) arasında nikahlara qadağa qoyulub.
Təəssüflər olsun ki, Azərbaycanda da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür. Komitə tərəfindən 2021-ci ildə “Ölkədə qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsinə dair analitik hesabat” hazırlanıb. Sorğuda 1394 respondent iştirak edib. Təhlildə qeyd olunduğu kimi, belə nikahlara “əksəriyyət mənfi yanaşsa da, müsbət yanaşanlar da var”. Respondentlərin fikrincə, qohum evliliyinin bir sıra səbəbləri var: ”yaşlı nəslin təkidi”, “nəsildən nəslə keçən gərəksiz adətlər, stereotiplər”, atalar tərəfindən qızların təhlükəsizliyini təmin etmək məqsədilə onları erkən yaşda qohumlara ərə verilməsi, “ailə quran insanların təhsilsizliyi, ”kifayət qədər məlumatın olmamasıdır. Bu cür ailələr adətən ailəyə aid olan var-dövlətin dağılmaması, ailələr arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışların eyni olması səbəblərindən qurulur. Belə ailələrdə münaqişə yarandığı halda bu ailələr arasında nəsildən nəslə ötürülən düşmançılığa gətirib çıxarır.
Qohumlar arasında nikahların mənfi nəticələri Azərbaycan Respublikasının ailə qanunvericiliyində nəzərə alınmışdır.AR Ailə Məcəlləsinin 12 Maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər arasında nikahın bağlanmasına yol verilmir.
Qan qohumları arasında bağlanan nikahların mənfi nəticələrini nəzərə alaraq dövtlət tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir, qanunvericiliyə dəyişikliklər edilir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında Qanuna əsasən 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən şəxslər icbari tibbi müayinədən keçməlidirlər. Nikahdan əvvəl icbari tibbi müayinənin tətbiqi ilə irsi genetik xəstəliklərdən əziyyət çəkən, sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinin qarşısının alınmasına və sağlam nəslin formalaşdırılmasına şərait yaradılmışdır.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Qaydanın layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmışdır. Qaydaya əsasən, qohum nikahı nənəsi və babası eyni olan gənclər arasında bağlanan nikahlar hesab edilir. Sənədin icrası 13 dövlət qurumuna və 76 yerli icra hakimiyyətinə tapşırılıb. Sənəddə dövlət qurumların siyahısı və onların öhdəliyinə düşən vəzifələr açıqlanır. Ölkədə erkən nikah və qohum nikahların qarşısının alınması istiqamətində aparılan işlərdə qurumlararası əlaqələndirmənin operativliyini və effektivliyinin təmin edilməsi məqsədilə Qaydanın icrasına dair məsul şəxslər təyin olunub. Hər ilin yanvar ayında aidiyyəti qurumlar tərəfindən təqdim edilən məlumatlara əsasən Komitə tərəfindən görülmüş işlərə dair ölkə üzrə hesabat hazırlanır, Komitənin rəsmi saytında dərc edilir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir.
Təsdiq edilmiş Qərarın 2-ci hissəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə qohum hesab edilən gənclər arasında bağlanan nikahların və belə nikahların pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlər görülməsi tapşırılmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Səhiyyə Nazirliyinin ekspertlərin iştirakı ilə mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır. Maarifləndirici vəsait hazırlıanaraq Komitənin rəsmi saytına və sosial şəbəkə səhifələrində yerləşdirilir, eləcə də çap olunaraq, qeydiyyat şöbələrində nikaha daxil olan gənclərə paylanması üçün Ədliyyə Nazirliyinə və “ASAN xidmət” Mərkəzlərinə göndərilir.
Belə ki, yalnız 2023-cü il ərzində Qaydanın icrası istiqamətində Dövlət Komitəsi və Komitənin 11 Uşaq və Ailələrə Dətək Mərkəzləri tərəfindən Qaydada qeyd olunana 7 istiqamət üzrə 2023-cü il ərzində ümumilikdə 107 maarifləndirici tədbir keçirilib, 210297 faydalanan olub. İl ərzində 13 elektron poster Komitənin rəsmi saytında və facebook səhifəsində, eyni zamanda əhalinin geniş kütləsinin istifadə etdiyi məkanlarda (metro stansiyaların reklam lövhələrində, Baku Bus ASC nəqliyyat vasitələrinin lövhələrində) yerləşdirilib, 4000 stiker hazırlanıb və tədbir iştirakçılarına paylanılıb, 1 sosial reklam TV, sosial şəbəkələr vasitəsilə yayımlanıb. Mərkəzlər tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə erkən nikahların qarşısının alınması məqsədilə 213 məktub və erkən nikahların fəsadlarını izah edən 1460 nüsxə “Ailə başçısına məktub” adlı məlumat vərəqələri əhali arasında paylanılması üçün göndərilib.
Ölkədə bu istiqamətdə aparılan bütün bu işlərə baxmayaraq, qohum nikahların sayında artım müşahidə olunur.
Ədliyyə Nazirliyi tərəfindən verilən məlumata əsasən qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2363, 2022-ci ildə isə 2542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.2022-ci ildə qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayının çoxluğuna görə Bakı şəhəri (742), Mill-Muğan (296), Lənkəran-Astara (274), Qarabağ (226), Abşeron-Xızı (186) regionları xüsusi qeyd etmək lazımdır. Belə nikahların pozulması halları isə 2022-ci ildə daha çox Bakı şəhəri (195), Abşeron-Xızı (69), Mill-Muğan (59), Mərkəzi-Aran (47), Lənkəran-Astara (38) regionlarında müşahidə olunub.
Ölkədə qohum nikahların sayında müşahidə olunan artım ölkənin gələcək nəsillərinə və genofonduna cidddi təsir edə bilər. Bu baxımdan 12 mart 2024-cü il tarixində dövlət qurumlarının, deputatların, vətəndaş cəmiyyəti institutlarının, sahə üzrə mütəxəssislərin və media nümayəndələrinin iştirakı ilə qohumlar arasında nikahlarla bağlı geniş tərkibdə ictimai müzakirə keçirilib. Məsələnin hökumətin daim diqqətində olduğunu vurğulayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, sözügedən məsələnin Komitənin fəaliyyət istiqamətlərinə aid olduğunu, eyni zamanda aidiyyəti dövlət orqanlarının hər birinin bu istiqamətdə öz öhdəlikləri və vəzifələri olduğunu qeyd edib. Lakin müəyyən nəticələrin əldə etmək üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi və qohum nikahlara qadağaların qoyulmasının vacibliyindən danışan Komitə sədri sonda qanunvericiliyimizə həm erkən nikahlarla bağlı, həm də qohum nikahları ilə bağlı dəyişikliklərin edilməsi və hüquqi çərçivənin ciddiləşdirilməsi təklifi ilə çıxış edib. Müzakirədə iştirak edən dövlət qurumlarının nümayəndələri, deputatlar, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tibb mütəxəssisləri, hüquqşünaslar və ekspertlərailənin bütövlükdə həm cəmiyyətin, həm dövlətin sağlamlığının göstəricisi olduğunu vurğulayaraq, gələcək nəsillərin sağlamlığı və ölkəmizin demoqrafik təhlükəsizliyini təmin edilməsi naminə, qohum nikahlarının məhdudlaşdırılmasına dair qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurətinin yaranmasını vurğulayıb, cəmiyyətin bu məsələyə insan hüquqlarının məhdudlaşdırılması kimi yanaşılmamasını xüsusi qeyd ediblər.Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin həkimləri, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutunun həkim mama-ginekoloqu qohumlar arasında baş verən evliliklərin fəsadları arasında sonsuzluq, vaxtından əvvəl doğuşların meydana gəlməsi, bətndaxili ölüm hallarının baş verməsi, irsi genetik xəstəliklərin daşıyıcısı olan uşaqların doğulması kimi halları göstəriblər.
Dövlət tərəfindən sözügedən məsələnin həlli istiqamətində lazımi tədbirlərin görülməsinə baxmayaraq bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələr belə nikah hallarının baş verməsinə səbəb olur. Son illər ərzində sağlamlıq problemləri ilə, irsi genetik xəstəliklərlə, xüsusilə də anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları ilə, talassemiya xəstəliyi ilə qeydə alınmış uşaqların sayında artım cəmiyyətin imkanlarını bu məsələnin həllinə yönəltməyin və bu istiqamətdə ciddi tədbirlərin görülməsinin vacibliyini göstərir. Bununla yanaşı ictimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi cəmiyyətdə qohum nikahlarla bağlı düzgün münasibətin formalaşmasında və məsələnin həllində öz tövhəsini verəcək.