“Qarabağ Azərbaycandır və nida işarəsi!”
Müəllif: Aysel BABAYEVA, AQUPDK Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı
14 mart 2024 11:43
Hər şey bu cümlə ilə başladı...
Qarabağ savaşının yeni mərhələsində bu tarixi şüarla başlayan yol noyabrın 10-u qələbə ilə yekunlaşdı. Bütün azərbaycanlıların xəyalları, arzularında olan Qarabağ öz həqiqi sahibinə qovuşdu.
Qarabağ münaqişəsinin başlandığı gündən 30 ilə yaxın müddətdə Azərbaycanın ədalət uğrunda mübarizəsində öz haqq səsini dünya ictimaiyyətinə çatdırması və torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün göstərdiyi səylər nəhayət ki, öz töhfəsini verdi. Bu illərdə siyasi, iqtisadi və hüquqi müstəvidə əldə edilən inkişafla yanaşı, ordu quruculuğu sahəsində də ciddi addımlar atıldı. Bunun nəticəsidir ki, bu gün artıq biz azad olunmuş torpaqlarda həyata keçiriləcək yenidənqurma və quruculuq işləri barədə danışa bilirik.
Amma bu günədək çox uzun və keşməkeşli yollardan keçdik. Mərhələ-mərhələ, addım-addım, qarış-qarış...
Hələ 2016-cı il aprel ayının əvvəlində cəbhə xətti boyunca Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirdi. Döyüşlər qüdrətli Ordumuzun qələbəsi ilə nəticələndi: Tərtər rayonunun Talış kəndi, Madagiz istiqamətindəki yüksəkliklər və bəzi döyüş mövqeləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi düşməndən azad olundu. Bu əks-hücum Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə keçirilən uğurlu Horadiz əməliyyatından sonra “Aprel döyüşləri” kimi tarixə düşdü və ilk Qələbəmiz oldu. Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin “keçilməz erməni səngərləri” haqqında mifi alt-üst edildi.
Aprel döyüşləri ilə dünya ictimaiyyətinə Azərbaycanın işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində olmadığı bir daha bəyan edildi. Bütün dünya, o cümlədən Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun gücünə, qələbə əzminə şahid olaraq, düşmənə layiqli cavab vermək, torpaqlarını işğaldan azad etmək iqtidarında olduğuna əmin oldu.
2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Bu ikinci QƏLƏBƏMİZ idi və tarixə “Günnüt əməliyyatı” adı ilə yazıldı.
“Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək. Biz bu müqəddəs günü yaxınlaşdırırıq”
Prezident cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda səsləndirdiyi bu fikirlər bu gündən baxanda necə də həyəcanlandırır. Amma o zaman bəzilərinə xəyal kimi görünən bu bəyanat indi günümüzün reallığıdır.
BMT Təhlükəsizik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin yerinə yetirilməsi...
BMT Baş Assambleyasının qətnamələri...
Cenevrə Konvensiyaları.... və sükut...
Prezident İlham Əliyev 2019-cu il oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan baş nazirinin “təəccüb doğuran” bəyanatına cavab olaraq bildirdi: “Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Prezident İlham Əliyev bununla bir daha qəti şəkildə bəyan etdi ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".
Bu tarixi çıxışdan sonra Qarabağ məsələsinin həllində yeni bir mərhələyə qədəm qoyuldu.
2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər başladı.
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edildi.
3 gün davam edən Tovuz hadisələri zamanı 11 hərbçimizin şəhid olmasından təsirlənən ölkə əhalisi karantin şərtlərinə baxmayaraq küçələrə axışdı, öz həmrəyliyini, artıq erməni təxribatına, işğala dözümünün qalmadığını ifadə etdi. İyulun 15-də “Qarabağ Azərbaycandır” şüarı altında meydanlara axışan hər kəs bu münaqişənin tezliklə bitməsini, bu məsələnin gələcək nəsillərə qalmamasını istəyirdi. Burada kimliyindən, peşəsindən, yaşından asılı olmayaraq hər kəs bir amal və bir arzu üçün birləşmişdi: AZƏRBAYCAN, VƏTƏN və onun azadlığı.
Bu, Ali Baş Komandan, ordu və cəmiyyətin birliyinin mücəssəməsi idi. Elə bu nümayişdən sonra gənclərimiz, 1-ci Qarabağ Müharibəsi veteranları, qazilərimiz orduya könüllü yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında qələbəlik yaratdı. Minlərlə soydaşımız torpaqlarımızın mənfur işğalçıdan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması və 1 milyondan çox məcburi köçkünümüzün öz doğma yurd-yuvasına qayıtması üçün “dayanmamağı”, döyüşərək irəli getməyi, canla-qanla torpaqlarımızı, Qarabağımızı azad etməyi tələb edirdi. Nəticədə 10 minədək insan könüllü olaraq ordu sıralarına yazıldı.
İşğalın, zülmün, ədalətsizliyin bitdiyi, qələbə və zəfər dolu 44 əzəmətli gün...
Sentyabrın 27-si səhər saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusu qoşunlarının bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.
44 günlük Vətən müharibəsi başladı.
Azərbaycanın Müzəffər Ordusu hər gün yeni zirvələri fəth edərək düşmən tapdağında olan ərazilərimizi bir-birinin ardınca işğaldan azad etdi.
Ermənistanın hərbi - siyasi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətini pərdələmək, millətimizin və dövlətimizin iradəsini qırmaq məqsədi ilə Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Naftalanın mülki əhalisinin sıx yaşadığı əraziləri davamlı atəşə tutaraq faşizm ideyalarından qaynaqlanan siyasətinin iç üzünü bir daha dünyaya göstərdi. Sivil əhalinin ballistik raketlərdən hədəfə alınması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən Cenevrə Konvensiyalarının müddəalarının kobud şəkildə pozulması demək idi. Başqa sözlə, bu, beynəlxalq cinayət və beynəlxalq terrorizmin ermənicə təzahürü idi.
Bütün bu cinayətlərin cavabında əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. Vətən naminə şəhid olmuş igid övladlarımızın qanı yerdə qalmadı, düşmənə layiq olduğu cavab Qarabağın ürəyi Şuşada verildi.
Xüdafərin körpüsü, Suqovuşan, Murovdağ zirvəsi, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Şuşa...
Hər kəsə xəyal kimi görünənlər artıq gerçəkliyimizə çevrildi. Qəhrəman oğullarımız igidlik və şücaət göstərərək döyüş meydanında düşməni diz çökdürdü. Müzəffər Ordumuzun əsgərlərinin mərdliyi və dəyanəti dillərə dastan oldu.
Böyük qələbə... Elə bir qələbə ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.
Noyabrın 8-i Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Şuşanın işğaldan azad olunduğunu elan etdi.
Bütün Azərbaycan ayaqda idi. Bayraqlarımız səmada dalğalanır, xalqın sevinc sədaları eşidilir, Ordumuza və əsgərlərimizə minnətdarlıq, şəhidlərimizə rəhmət səsləndirilirdi.
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının iştirakı ilə üçtərəfli bəyanat imzalandı. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Ermənistan işğal etdiyi bütün Azərbaycan torpaqlarını azad etmək üçün öhdəlik götürdü.
Ermənistanın uzun illər davam edən işğalçı siyasətinə, əsassız ərazi iddialarına, mülki əhalimizə və tarixi-mədəni irsimizə qarşı terror hücumlarına Azərbaycan dövləti məğlubedilməz Müzəffər Ordusunun yüksək döyüş ruhu ilə savaş meydanında layiqli şəkildə cavab verdi. Regionda sülhün və sabitliyin təmin olunmasına nail oldu. Vətən müharibəsi bütün dünyaya azərbaycanlıların azadlıqsevər, mütərəqqi, mərd xalq olduğunu nümayiş etdirdi. Bu taleyüklü günlərdə qardaş Türkiyənin Azərbaycanın haqq işində daim yanında olması, eləcə də Pakistan, İsrail, Ukrayna kimi dövlətlərin mənəvi, siyasi dəstəyi, Qoşulmama Hərəkatına üzv olan ölkələrin Azərbaycanı dəstəkləyən birmənalı mövqeyi xalqımızda böyük ruh yüksəkliyi yaradaraq, qələbəyə olan inamı daha da artırdı.
Birinci vitse-prezident Mehriban Əliyevanın da dediyi kimi: “30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini!”
Biz Qarabağı dirçəldəcəyik!
Ali Baş Komandan xalqımıza və dünya birliyinə işğal dövrünün bitdiyini qələbədən sonra Qarabağa ilk səfəri zamanı, məhz azad edilmiş torpaqlarımızda bəyan etdi. Həmin gün azad Qarabağda həyata keçiriləcək ilk layihə olan Əhmədbəyli – Füzuli –Şuşa yolunun çəkilişinə başlanması ilə bərpa və quruculuq işlərinə start verildi.
30 illik haqq mübarizəmizdə əvəzsiz dəstəyini əsirgəməyən qardaş Türkiyə quruculuq dönəmində Qarabağda həyata keçirilən layihələrdə də ən böyük tərəfdaşımız oldu. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə birgə səfəri zamanı imzalanan bəyannamə ilə illərdən bəri davam edən dostluq-qardaşlıq münasibətləri yeni mərhələyə qədəm qoydu. Onlar iki qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, müqavilələrə sadiq olduqlarını bir daha təsdiq edərək Azərbaycanla Türkiyə arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırıldığının, eyni zamanda dünya çapında nadir əməkdaşlıq, iş birliyi və müttəfiqliyin nümunəsini göstərdilər.
Bu gün Şuşada, Ağdamda, Füzulidə, eləcə də digər rayonlarda həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz qürur və məmnunluq hissi yaradır. İşğaldan azad edilmiş bütün ərazilərdə müasir şəhər, qəsəbə və kəndlər salınır, dağıdılmış bütün obyektlər son texnologiyalara əsasən dəqiq işlənmiş layihələrlə bərpa edilir.
Bölgədə tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsilə beynəlxalq daşımalar həm əhalinin Qarabağa qayıdışına, həm də orada icra olunacaq iqtisadi layihələrin səmərəliliyinin artmasına şərait yaradan əsas faktorlardan biri kimi çıxış edir.
İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılacaq “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradaraq, Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyinin artırmasına səbəb olacaqdır.
Artıq heç kim inkar edə bilməz ki, regionda Azərbaycan tərəfindən yaradılan reallıqlar yeni siyasi-iqtisadi konfiqurasiyanı və bölgə ölkələri arasında münasibətlərin də yeni xarakterini özündə ehtiva edir. Qlobal inteqrasiya proseslərinin sürətlənməsinə imkan yaradır. İşlərin dəqiqliklə hazırlanmış plan və koordinasiya olunmuş fəaliyyət əsasında həyata keçirilməsini tələb edir.
Bu tələblərə isə hər kəsdən daha çox hazır olan Azərbaycan bu coğrafiyada əvvəlkindən də gözəl həyat şəraiti yaratmağa, xoşbəxt həyatı və uşaq gülüşlərini hər evə, hər ailəyə qaytarmağa qadirdir. Odur ki, bir daha ucadan deyirik:
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!