Cümhuriyyətə qədərki yaxın dövrdə Azərbaycan qadınlarının fəaliyyəti
Müəllif: Sabir GƏNCƏLİ, tarix elmləri doktoru, yazıçı-jurnalist
9 oktyabr 2024 15:05
Bu gün bütün dünyada ehtiramla tanınan, Şərqin və Qərbin sivilizasiyaları qovşağında şərəfli yer tutan, azadlığın, tərəqqinin, sabitliyin, xoşbəxt həyatın, xeyirxah əməllərin carçısı demokratik Azərbaycan dövlətinin çiçəkləndiyi bir dövrdə Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyini sevinclə, qürurla bayram edərkən xalqımızın vətənpərvər, qeyrətli övladlarının istiqlala gedən mübarizə yolları gözlərimizin önündə canlanır.
Bu yol sağlam əqidə, işıqlı ideyalar, müdrik əməllər yoludur. Bu müqəddəs yolda nurani nənələrimiz, müqtədir analarımız böyük xidmətlər göstərmişlər. Onları yada salıb 1918–1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması ərəfəsində şanlı tariximizə bir daha nəzər salırıq.
XIX əsrin sonlarına yaxın maarifçilik hərəkatı getdikcə güclənirdi. O dövrün ziyalıları bu hərəkata o qədər aludə olmuşdular ki, onların hamısı müəllim olmaq, məktəb açmaq, xalqı savadlandırmaq istəyirdilər.
1895-ci ildə torpaqşünaslıq naziri Qafqaza səfəri zamanı ona məktəblər açmaq üçün o qədər xahişlər edilmişdir ki, nazir özünü saxlaya bilməyib demişdir: “Əgər bütün bu xahişlərə əməl edilsə, onda hər kənddə məktəb açılmalıdır”(“Kaspi” qəzeti, 1995, №24).
Amma bu xahişlərin yüzdən biri qəbul edilirdi. Çar hökumət idarələri ucqar millətlərin maariflənməsini ləngitməyə çalışırdı.
1890-cı illərdə maarifin vəziyyətinə nəzər salanda görürük ki, Bakıda 4 orta məktəb, bir realni məktəb, bir “Müqəddəs Nina” qız məktəbi, bir Mariinskaya qız məktəbi fəaliyyət göstərirdi.
Quberniyada ibtidai məktəblərin sayı 70, Bakıda isə 21 idi. Dünyəvi elmləri öyrədən 3 rus-tatar məktəbi vardı ki, burada 168 uşaq təhsil alırdı (“Kaspi” qəzeti, 1893-cü il, №189). Gəncə quberniyasında məktəblərin sayi 56 idi. Naxçıvan əyalətində olan 11 məktəbdə cəmi 358 oğlan, 50 qız oxuyurdu. Ordubad qəzasında 3 məktəb vardı. (“Kavkazski kalendar”, 1893).
Azərbaycanda qızlara yeni üsulla dərs verməyin ilk təşəbbüsçülərindən biri olan Cəlil Məmmədquluzadənin xalq məktəbləri direktoruna yazdığı 18 yanvar tarixli raportunda deyilirdi: “Mənə həvalə olunmuş məktəbdə bu ilin yanvar ayından 8 tatar (azərbaycanlı – S.G.) qızının təhsilə başlamasını Sizə bildirməyi özümə şərəf sayıram. Onların familiyaları və adları belədir: Adıgözəlova Şarabanı, Cahangirova Səkinə, Qazıyeva Ümbül, Məmmədquluyeva Səkinə, Mehdixanova Xədicə, Mehdiyeva Zəhra, Mirzəməmmədova Səkinə və Mirzəməmmədova Mina. Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, adlarını çəkdiyim qızlardan ibarət xüsusi hazırlıq qrupu düzəldilib, onlarla özüm məşğul oluram.
Oğlan məktəbində qızlar üçün xüsusi sinfin açılması böyük cəsarət idi. Belə bir cəsarəti 1894-cü ildə Şəkidə görkəmli maarifçi, müəllim M.Şeyxzadə etmiş, dərs dediyi “Darüssüa” məktəbinin nəzdində qızlar üçün ayrıca sinif açmışdı. Burada yeni üsulla dərsi Şeyxzadənin qızı Şəfiqə xanım deyirdi.
Gəncədə də, Naxçıvanda da belə xüsusi məktəblər olmuşdur.
1890-cı illərin axırlarında maarif, mədəniyyət sahəsində atılan bir sıra addımlar maarifpərvər ziyalıları bir qədər də cəsarətləndirmişdi. Azərbaycanda gözə görünən bir qız məktəbi açmaq lazım idi. Bu haqda ziyalılar, xüsusən H.B.Zərdabi çox düşünürdü. O, şəhər idarəsində məktəb komissiyasının üzvü idi.
Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevdə maarifə, mədəniyyətə meylin artmasında, heç şübhəsiz o dövrün ziyalılarının böyük təsiri olmuşdu.
Nümunəvi təhsil ocağı kimi maarif və mədəniyyətimizin tarixində xüsusi yeri olan bu ilk müsəlman qız məktəbi H.Z.Tağıyevin adı ilə bağlıdır. Bu məktəbin yaradılması ideyası 1894-cü ildə qalxmışdı. 1898-ci il may ayının 19-da qız məktəbinin qərarnaməsi və layihəsi təsdiq olundu. Məktəbin imperatriçə Aleksandra Fyodorovanın şərəfinə “Aleksandrinskaya” adlandırılması qərara alındı. Bundan sonra H.Z.Tağıyev məktəbin inşasına başlamış, tikintiyə 183 min manat vəsait xərclənmişdi. Layihəyə əsasən məktəb pansion olmalıydı. Buna görə də burada qızların yaşayışı, ərzağı, müəllimlərin maaşı, yatağı, həkim xidməti və s. məsələlər üçün əlavə xərclər tələb olunurdu. Hacı bunlar üçün 125 min manat birdəfəlik vəsait buraxmışdı. Məktəbdə 50 şagirdin təhsil alması nəzərdə tutulmuşdu. Onlardan 20 nəfəri təhsil haqqından azad edilirdi. Məktəbə Qafqazın hər yerindən 8 yaşından 11 yaşınadək qızlar qəbul olunurdu.
Məktəbin müəllim və tərbiyəçilər heyəti əvvəlcədən müəyyən edilmişdi. H.B.Zərdabinin həyat yoldaşı Hənifə xanım məktəbə müdir, Şəfiqə xanım Şeyxzadə-Əfəndizadə ana dili və ədəbiyyat, Səkinə xanım Axundzadə şəriət dərsi müəllimi təyin olunmuşdu.
Məktəbin açılışı 1901-ci ilin oktyabrın 7-də olmuşdur. “Kaspi” qəzeti bu açılışı belə təsvir edirdi: “Məktəbin binası bayraqlarla bəzədilmişdi. Gündüz saat 12-də salon adamlarla dolmuşdu. Məktəbin yaradılması və tikilməsi haqqında məlumat verildikdən sonra çıxışlar oldu. Hamı bu açılışı böyük bir mədəni hadisə kimi qiymətləndirirdi. Məktəbin qəyyumluq şurasına H.B.Zərdabi, “Kaspi” qəzetinin redaktoru Ə.B.Topçubaşov və dağ-mədən mühəndisi F.B.Vəzirov fəxri üzv seçildilər. Məktəbdə təhsil alacaq qızlardan düzəldilmiş xor bir neçə Azərbaycan mahnısı oxudu. Azərbaycanda bu ilk uşaq qız xorunu Bakı rus-tatar məktəbinin müəllimi Mirzə Yaqub Əlizadə təşkil etmişdi.
Sonra məktəbin adına göndərilmiş ünvanlar və təbrik teleqramları oxundu. Sürəkli alqışlar altında ilk oxunan ünvana H.B.Zərdabi qol çəkdi və aşağıda bu sözləri yazdı: “Çox sağ ol, Hacı!”.
Müsəlman ziyalı qadınlarının teleqramları daha çox təsir bağışladı. Məktəbin açılışını onlar öz həyatlarının mədəni bayramı hesab edirdilər.
Bu təhsil ocağının açılişı haqqında o zaman Bakıda olmuş fransız səyyahı Baron de Bay Parisdə nəşr etdirdiyi “Rusiyanın icmalı” adlı əsərində yüksək qiymətləndirərək yazırdı ki, bu ideya müasirdir, maraqlıdır, təsirləndiricidir”.
Məktəbdə təlim-tərbiyə işinin yaxşı qurulması üçün müəllimlər ilk gündən ciddi fəaliyyətə başlamışdılar. Hər dərs 50 dəqiqədən ibarət olan 5 məşğələ keçirilirdi. Maraqlı tədris proqramı əsasında ana dili, riyaziyyat, coğrafiya, təbiyyat və şəriət dərsləri təlim edilirdi.
Məktəbin şöhrəti tez yayıldı. Artıq ikinci tədris ilində məktəbə 25 qız qəbul olundu. Buna müvafiq olaraq müəllimlərin də sayı artdı. Daşkənddə yaşayan polkovnik qızı Xədicə Əbdürrəhmanova, tiflisli zadəgan qadın Rəhilə Terequlova müəllim təyin edildilər (“Azərbaycan MDTA, fond 309, s. iş 75).
Sonrakı illərdə məktəb daha da böyüdü. 1904–1905-ci tədris ilində burada 6 müəllim, 11 xidmətçi qadın çalışırdı. İlk buraxılış 1906-cı ildə oldu. 15 qız – Ayna Musabəyova, Fatma Sultanova, Maral Bayraməlibəyova, Nərgiz Sultanova, Xeyransa Axundova, Mina Məmmədzadə, Sona Axundova, Nabat Nərimanova, Türfə Əfəndiyeva, Tubu Əhmədbəyova, Sayat Usmiyeva, Gülşən Əlibəyova, Kövsər Nərimanova, Səidə Şeyxzadə, Münəvvər Əlibəyova ibtidai təhsili başa vurdular.
Bu qızlar məktəbin qəyyumluq şurasına və H.Z.Tağıyevə yazdıqları təşəkkür ünvanında öz sevinclərini belə ifa edirdilər: “Siz bizi öz nəzərimizdə və müsəlman ictimaiyyətində yüksəltdiniz. Bizim mənəvi borcumuz bütün xalqlar arasında savadlı, tərbiyəli, yüksək qız adını doğrultmaqdır”.
Bu qızların bir çoxu təhsillərini artırmaq üçün qız gimnaziyalarında oxumuş, müəllim olmuş, ictimai-mədəni həyatda fəal iştirak etmişlər.
Zaman keçdikcə tədris ocaqlarının sayı artırdı, müəllimə ehtiyac vardı. Azərbaycanlı qadınlardan müəllim hazırlamaq məqsədilə 1915-ci ildə H.Z.Tağıyevin qız məktəbinin bazasında ikiillik pedaqoji kurslar açıldı. Peterburqda Bestujev adına ali pedaqoji kurs bitirmiş Səlimə xanım Yaqubova bu pedaqoji kursların müdiri təyin edildi. Burada o dövrün ziyalı xanımları Səbirə Əbdürrəhman, Vəsilə Musabəyova, Ədilə Şahtaxtinskaya, Səriyyə Əhmədova və b. maarifpərvər qadınlar dərs deyirdilər.
Bakıda H.Z.Tağıyevin qız məktəbi və pedaqoji kurslar açması, burada nümunəvi təlim-tərbiyə işləri aparılması ictimai həyatda bir canlanmaya və təşəbbüskarlığa səbəb oldu. İrəvanda ilk olaraq qız məktəbinin açılması üçün təşəbbüs göstərildi. Bu haqda “Kaspi” qəzeti yazırdı ki, İrəvanda hazırda xüsusi rus-müsəlman qız məktəbi fəaliyyət göstərir. Naxçıvanda isə layihə tərtib olunur (“Kaspi” qəzeti, 1901-ci il, №216).
1902-ci ildə İrəvanda açılan qız məktəbi haqqında “Şərqi-Rus” qəzetində M. Qəmərlinski yazırdı: “Bir neçə illərdən bəri şəhərimizdə iqamət edən Məmmədqulubəy Kərim Soltani cənabları Zükur məktəbi açıb hər il beş-on müsəlman uşağını gimnaziyalara verməkdən başqa bir xüsusi qız məktəbi dəxi təsis etmişdi ki, bu saətdə 18 müsəlman qızı məktəbdə öz dilində oxuyub-yazmaq və ehkami-diniyəsini öyrənməkdən əlavə rusca dəxi kamali-intizam və tərəqqi ilə təhsil etməkdədir. (“Şərqi-Rus” qəzeti, 1903-cü il, №14).
Əvvəllər məktəbə şeytan işi kimi baxanlar indi öz uşaqlarını oxutmaq istəyirdilər. Bakıda, Gəncədə, Lənkəranda, Ağdaşda, Şamaxıda, Şəkidə, Şuşada, Qazaxda təhsil işinə əhəmiyyət verilirdi. Çox keçmədi ki, Bakıda şəhər idarəsi tərəfindən ilk rəsmi məktəblər açıldı. Bakıda dövlət hesabına açılan Birinci rus-tatar qız məktəbinə Hənifə xanım Məlikova müdir təyin edildi. O öz yetirmələrindən Sürəyya Vəzirovanı, Qumru Nərimanovanı, Ayna Musabəyovanı, Asiya Nərimanovanı yanına çağırıb bu təhsil ocağını təşkil etdi.
Dramaturq N.B.Vəzirovun qızı Sara xanım İkinci rus-tatar qız məktəbini yaratdı. Görkəmli pedaqoq Rəhilə xanım Terequlova-Hacıbababəyova isə Üçüncü Rus-tatar qız məktəbinə başçılıq etməyə başladı.
Bütün həyatını milli azadlıq hərəkatına həsr edən Həsən bəy Ağayevin ömür-yoldaşı, görkəmli maarif xadimi Xədicə xanım 1909-cu ildə Gəncədə açılan Adıgözəlov adına qız məktəbinin müdiri təyin olundu. Azərbaycanda qadın təhsilinin inkişafında görkəmli rol oynamış bu məktəb 1920-ci ilədək davam etmiş, yüzlərlə qız ana dilində təhsil almışdı. “İqbal” qəzeti 1913-cü ildə bu təhsil ocağı haqqında yazırdı: “Məktəb ildən-ilə böyüyür. Hər il burada yeni şöbə açılaraq gözəl və mükəmməl təhsil öcağına çevrilir”. 1915-ci ildə məktəb daha da böyüyüb yeddisinifli ali ibtidai qız təhsil ocağı oldu. Gəncə qadınları arasında ictimai-mədəni işləri gücləndirmək məqsədilə Xədicə xanımın təşəbbüsü ilə burada qadın xeyriyyə cəmiyyəti yaradıldı. Gəncənin ziyalı qadınlarından Cavahir xanım Rəfibəyova, Şükufə Axundova, Həcər Şıxzamanova, Bilqeyis Qazıyeva, Fatma Ömərova və b. bu xeyriyyə cəmiyyətinin işində fəal iştirak edir, kasıb şagirdlərin tərbiyəsi qayğısına qalır, mədəni tədbirlər kecirib təhsil işinə kömək edirdilər.
1917-ci ildə baş verən inqilabi hadisələr Gəncənin də həyatına yeni ab-hava gətirdi. Milli ruhlu gənclər, ziyalılar istiqlaliyyət arzusu ilə mübarizəyə qoşulmuşdular. Onların ön cərgələrində gedənlərin arasında Həsən bəy Ağayev və Xədicə xanım da vardı.
110 il əvvəl Bakının ziyalı qadınlarından biri Rübabə xanım Qasımovanın mənzilində maraqlı bir yığıncaq oldu. O zaman müsəlman qadınlarının bir yerə yığışıb məsələ həll etməsi tarixdə görünməmiş siyasi bir hadisə kimi ictimaiyyətin və mətbuatın diqqətini çəlb etmişdi. “Kaspi” qəzeti 1908-ci il 30 oktyabr tarixli nömrəsində “Müsəlmanların həyatı və mətbuatı” adlı bir xəbərində yazırdı: “...Oktyabrın 26-da keçirilən bu yığıncağa tanınmış ictimai xadim H.B.Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova sədrlik edirdi. Burada ziyalı qadınlar xalqı maarifləndirmək, mədəniyyəti yaymaq qayğılarından danışıb, təkliflər irəli sürürdülər. Yığıncaq axırda bu mövzuda qərar çıxardı: “Müsəlman qadınları arasında maarifi yaymaq, eləcə də şagirdlərə maddi cəhətdən kömək etmək üçün müsəlman qadın təşkilatına çoxdan ehtiyac duyulurdu. Bu məqsədlə biz – aşağıda adları qeyd olunmuş qadınlar “Nicat” maarif cəmiyyətinin çağırışına cavab olaraq yığışıb təşkilatın vəzifələrini müzakirə etmiş və həmin cəmiyyətin Bakı qadın bölməsini yaratmağı qərara almışıq.
Hənifə xanım Məlikova, Rübabə xanın Qasımova, Xədicə xanım
Vəlibəyova, Əminə xanım Əfəndiyeva, Sürəyya xanım Axundova,
Səbirə xanım Əbdürrəhman, Sara xanım Vəzirova, Əminə xanım
Terequlova, Xurşid xanım Vəzirova, Səltənət xanım Əmiraslanova
Rəhilə xanım Hacıbababəyova, Qərib Sultan Xanlarova və Asiya
xanım Hacı Qasımova”.
Qəzetdə verilən bu xəbər müsəlman aləmində böyük əks-səda doğurdu.
Xeyriyyə cəmiyyətinin yaradılması qadınların həyatında bir oyanmaya səbəb oldu. Həmin maarifpərvər qadınlar Bakıda bir sıra xeyriyyə işləri, mədəni tədbirlər həyata keçirdilər. “Nicat” cəmiyyətinin bölməsi kimi bu ilk qadın təşkilatı çox keçmədi ki, Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinə çevrildi. 1914-cü ildə İ.B.Aşurbəyovun “Kaspi” mətbəəsində cəmiyyətin nizamnaməsi çap olundu. Cəmiyyətin fəxri sədri milyonçu M.Muxtarovun ömür yoldaşı Liza xanım idi. Cəmiyyətin yığıncaqları onun evində keçirilirdi. Cəmiyyətin fəxri, daimi, həqiqi üzvləri vardı. İctimai, mədəni həyatda ilk addımlarını atan bu xanımların əksəriyyəti qız məktəblərində dərs deyən müəllimlər idi. Azərbaycan xalq maarifinin və mədəniyyətinin inkişafı işinə qoşulan gənc ziyalı qadınlar – Əminə Ağayeva, Zərintac Ağayeva, Mina Aslanova, Tamara Axundova, Nigar Vəlibəyova, Sürəyya Vəlibəyova, Gövhıər Qazıyeva, Bəydügül Maqomayeva, Hüsnü Camal Maqomayeva, Şərabanı Şabanova, Asiya Nərimanova, Nabat Nərimanova, Səidə Şeyxzadə və başqaları xeyriyyə cəmiyyətinin adlı-sanlı üzvləri ilə birlikdə maraqlı tədbirlərdə fəal iştirak edirdilər.
Cəmiyyət tez-tez müsamirələr, görüşlər keçirir, qız məktəblərində tamaşalar, uşaqların əl işlərinin sərgilərini və satışını təşkil edirdi.
Ürəyi vətənpərvərlik hissiylə coşub-çağlayan bu qadınlar qapı-qapı düşüb uşaqları məktəbə cəlb edir, onlara dəftər, kitab, paltar, ayaqqabı alıb verir, gənc nəsli dost-tanışa yardım etmək, mərhəmətli, qayğıkeş olmaq ruhunda tərbiyə edirdilər.
XX əsrin əvvəllərində Azərbaycanda milli mətbuatın inkişafı, demokratik fikrin yayılması, milli ruhun güclənməsi Azərbaycan qadınlarının həyatında təsirediçi rol oynadı. Qadınlar da fikir meydanında olmaq, yazıb-yaratmaq arzusunda idilər. Bu sahədə ilk addımı Şəfiqə xanım Əfəndizadə atdı. Onun ilk imzası 1903-cü ildə “Şərqi-Rus” qəzetində göründü. Bu istedadlı qadını ilk olaraq qəzetin əməkdaşları təbrik etdilər. Qəzetin elə həmin nömrəsində dərc edilmiş “İdarədən” adlı yazıda deyilirdi: “Şəfiqə xanımın təbrik məktubu hamını valeh etmiş, sevindirmişdir. Əgər o biri qadınlarımız da onun kimi olsaydılar, millətimiz irəli gedərdi. Şəfiqə xanımın məktubu bizə yeni fikir, yeni duyğu gətirir...”.
Şəfiqə xanım Əfəndizadənin mədəniyyətə, maarifə səsləyən məqalələri, hekayələri “Dəbistan”, “Məktəb”, “Dirilik” jurnallarında, “Açıq söz”, “Azərbaycan” və b. qəzetlərdə də dərc edildi.
Çox keçmədi ki, 1911-ci ildə Azərbaycanın mətbuat aləminə “İşıq” adlı bir jurnal da daxil oldu. “İşıq”ın dünya işığına çıxması tərəqqipərvər adamları, xüsusilə qadınları çox sevindirdi. Azərbaycanın ziyalı qadınları öz təbriklərini, məqalələrini, şeirlərini bu ilk qadın jurnalına göndərdilər. Həlimə xanım Axundova “Övrət millət anasıdır” adlı məqalə ilə çıxış edib cəhalətpərəstləri mədəniyyətin və elmin düşməni adlandırırdı. O, deyirdi: “İndi başqa zamandır. Bütün millətlər günü-gündən tərəqqi edir, elm və maarif yolunda çalışırlar. Amma biz!..”.
Münəvvər xanım Əlixanova yazırdı: “Əgər biz öz hüquqlarımıza malik olmaq istəyiriksə, lazım və vacibdir ki, qeyrət edərək ciddi bir surətdə müttəfiq... olub əməl və arzularımızı kəndi əql və fərasətimizi ələ gətirək...”. “Bizə elm ilə bərabər, azadəlik də vacibdir”.
Maarifi, mədəniyyəti yaymağı qarşısına məqsəd qoyan “İşıq” jurnalı ətrafında onlarca ziyalı qadın toplaşmışdı. Gəncədən Asiya Axundzadə, Xuraman Rəhibəyzadə, Şəkidən Maral Nəbizadə, Şamaxıdan Gövhər Şövqiyyə, Bakıdan Səidə Şeyxzadə, Nabat Nərimanova “İşıq”ın ən fəal müəllifləri idilər.
Jurnalın redaktoru Xədicə xanın Əlibəyova (1884–1958) ömür yoldaşı, hüquqşünas Mustafa bəylə birlikdə jurnalın nəşrində böyük səy göstərmişlər. Burada onların qadın hüquqlarına dair maraqlı məqalələri dərc olunmuşdur.
“İşıq” cəmi iki ilə yaxın ömür sürdü. Lakin onun sorağı, sədası az vaxtda bütün ölkəyə yayıldı. Öz işıqlı fikirləri ilə Azərbaycan qadınlarına maarifin, mədəniyyətin əhəmiyyətini başa saldı. Qadınlar arasından ilk müxbirlərin, şairlərin yetişməsinə, dövri mətbuatımıza qədəm qoymalarına yol açdı.
Əgər XIX əsrin axırlarında qadın azadlığı, qadın hüququ haqqında maarifpərvər ziyalılar danışırdılarsa, XX əsrin ilk illərində Azərbaycanın az-çox təhsil görmüş xanımlarının da kişilərlə birlikdə səsləri eşidilməyə başlamışdı. Nəşrləri günü-gündən artan milli mətbuatımızın səhifələrində get-gedə qadın imzaları görünürdü. Qadın müəllimlərin, qız məktəblərinin və şagirdlərin sayı getdikcə çoxalırdı. Azərbaycan qadınları mütəfəkkir ziyalılarımız – H.B.Zərdabinin, C.Məmmədquluzadənin, Ə.B.Hüseynzadənin, Ə.B.Ağayevin, Ə.B.Topçubaşovun, N.Nərimanovun, M.Ə.Rəsulzadənin, H.B.Ağayevin, H.Cavidin milli qüruru gücləndirən fikirlərini, ideyalarını getdikcə mənimsəyib, həmrəy olub mübarizə yoluna qədəm qoyurdular. Maarif, mədəniyyət, incəsənət sahələrində fəallıq göstərir, qadın azadlığı, qadın hüququ uğrunda haqq səsini qaldırırdılar. Ziyalı, xanım-xatın analarımız istiqlal yolunda ömür və əməl yoldaşlarının azadlıq və müstəqillik uğrunda mübarizəsinə qoşulurdular. Bu müqəddəs işdə ilk publisist qadın Şəfiqə Əfəndizadə, görkəmli maarif xadimləri Hənifə Məlikova, Mədinə Qiyasbəyli, Xədicə Ağayeva, Məryəm Bayraməlibəyova, Nigar Şıxlinskaya, Eynülhəyat Baişova, Ümgülsüm Sadıqzadə, Səlimə Yaqubova, Qeysər Kaşıyeva, Xədicə Qayıbova və b. əsl fədakarlıq göstərmişlər. Bu azadlıq carçılarının çoxu 30-cu illərin repressiyasının qurbanı olmuşdur.
Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizədə böyük vətənpərvərlik nümunələri göstərmiş bu qadınların bütün arzuları bu gün həyata keçmişdir. Respublikamız yüksəliş yolları ilə inamla gələcəyə gedir.
Azad, müstəqil dövlətimizin qurucusu, ulu öndərimiz Heydər Əliyev Azərbaycan Demokratik Cümhuriyyətinin ideyalarını yaşadaraq həyata keçirmişdir. Bu yüksəliş yolunu bu gün hörmətli prezidentimiz cənab İlham Əliyevə, onun amal və ömür yoldaşı, Azərbaycanın birinci xanımı, ilk vitse-prezidenti Mehriban Əliyeva və müdrik xalqımız şərəflə, uğurla davam etdirirlər.