Azərbaycanda qadın və qızların hüquqlarının inkişafı üçün perspektivli dialoq
Müəllif: Genoveva TİŞEVA , Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitənin (CEDAW) sədr müavini
1 aprel 2024 11:59
“CEDAW Komitəsinin 2022-ci ildə səsləndirilmiş ən çox xatırladığım konstruktiv dialoqlarından biri də Azərbaycan hökumətinin 6-cı dövri hesabatı üzrə dialoqdur”.
Mən Azərbaycanı bənzərsiz təbiəti, tarixi, mədəniyyəti olan “Odlar yurdu” kimi tanımışam və son onilliklər ərzində qadın və qızların tərəqqi və rifahının dinamik inkişafını görmək CEDAW Komitəsinin bir üzvü kimi mənə maraqlı idi.
Altıncı hesabat Konvensiyanın 18-ci maddəsinə əsasən Komitənin 82-ci sessiyasında təqdim edilmiş və 16 iyun 2022-ci il tarixində ona baxılmışdır. İlk olaraq nümayəndə heyətinin rəhbəri Bahar xanım Muradovanın təqdim etdiyi çıxış və dövri hesabatın yenilənmiş mətni mənə müsbət təsir bağışladı. İnteraktiv formatda həyata keçirilən və nümayiş etdirilən bu təqdimat Komitəyə, CEDAW Komitəsinin 2015-ci ildən etibarən sonuncu Yekun müşahidələri və tövsiyələrindən sonra Azərbaycanın əldə etdiyi tərəqqi ilə tanış olmağa imkan yaratmışdır. “Azərbaycan Respublikasında Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”, “İnsan Alverinə Qarşı Mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” hökumət üçün prioritet məsələlər kimi təqdim edilmişdir. Eyni zamanda COVID-19 pandemiyasının qadınların məşğulluğuna və sahibkarlıq fəaliyyətinə təsirinin və nəticələrinin yumşaldılması üçün təqdim olunan tədbirlər də müsbət dəyərləndirilmişdir.
Komitənin müşahidə etdiyi digər mühüm müsbət məqam isə Bahar xanım Muradovanın rəhbərlik etdiyi heyətdə Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər nazirlik, həmçinin dövlət qurumunlarından ibarət Azərbaycanın nümayəndə heyətinin iştirakı olmuşdur. Nümayəndə heyətinin tərkibində də gender balansına riayət olunmuşdu və bu CEDAW Konvensiyasının həyata keçirilməsinə sanki sadiqlik nümayişi idi.
Dövlət hesabatına baxıldıqdan sonra CEDAW Komitəsinin əhatə dairəsinə daxil olan bir sıra məsələləri özündə birləşdirən Yekun müşahidələr və tövsiyələr hazırlandı.
Bunlar aşağıdakılardır:
Qadınlara, xüsusilə məcburi köçkün və qaçqın qadınlara qarşı ayrı-seçkiliyi qadağan edən və ayrı-seçkiliyin kəsişən formaları ilə mübarizəni özündə birləşdirən hərtərəfli qanunvericiliyi qəbul etmək;
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statusunun nazirlik statusuna yüksəldilməsi;
Ayrı-seçkilik stereotiplərini aradan qaldırmaq və qadınlara qarşı gender əsaslı zorakılığın bütün formalarının, o cümlədən məişət zorakılığının xüsusi olaraq kriminallaşdırılmasını təmin etmək;
İnsan alveri üzrə müstəqil milli məruzəçi təsisatının yaradılması;
Qadınların müəyyən peşə və işlərə çıxışını məhdudlaşdıran tövsiyə olunmayan peşələrin siyahısının ləğvi:
CEDAW Komitəsi tərəfindən verilən sonuncu tövsiyələr, eləcə də gender əsaslı zorakılığın qurbanı olmuş qadınlara hüquqi yardımın təmin edilməsi üzrə tövsiyə ilə bağlı məsələlər iki il ərzində hökumət hesabatı verilməsi üçün prioritet kimi göstərilmişdir.
Bütün tövsiyələr vacibdir. Bu tövsiyələr dövlət tərəfindən həyata keçirilməli və bununla bağlı hesabat verilməlidir. Bu proses və yuxarıda qeyd edilən müsbət məqamlar onu deməyə əsas verir ki, Azərbaycan hökuməti CEDAW Komitəsinin yekun müşahidələrini nəzərə alacaqdır. Bütövlükdə qeyd edilməlidir ki, 2022-ci ilin iyun ayında baş tutmuş səmimi dialoq zamanı hökumətin dəqiq və ətraflı cavabları Azərbaycanda qadın və qızların irəliləyişə nail olması və səlahiyyətlərinin artırılmasının təmin edilməsi üçün perspektivli təcrübədir.