Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini sonsuz məhəbbətlə yad edirik...
Müəllif: Günel MƏHƏRRƏMZADƏ, redaktor
14 mart 2024 11:07
Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu ölkə tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Məhz belə insanlardan biri də görkəmli akademik Zərifə xanım Əliyevadır. Zərifə xanım xalqın yaddaşında novator və istedadlı alim, bilikli və bacarıqlı həkim, tanınmış ictimai xadim, gözəl və qayğıkeş ana kimi qalıb. Bu görkəmli şəxsiyyət dövrünün ən tanınmış ziyalı ailələrinin birində dünyaya göz açmışdı. Zərifə xanımın dünyaya gəldiyi ailədə bütün yüksək insani keyfiyyətlər nəsildən-nəslə qanla keçmişdi. Azərbaycanın görkəmli ictimai xadimlərindən olanаkаdemik Əziz Əliyev övladlarını mənəvi təmizliyə, paklığa öyrətmiş, milli-ənənələr üzərində tərbiyə etmişdi. Uşaqlıqdan bu gözəl ailədə yiyələndiyi xüsusiyyətlər bütün həyatı boyu Zərifə xanıma çox kömək etmişdi. Bu yüksək nəcib xüsusiyyətlər ona sanki ailəsindən miras qalmışdı.Zərifə xanım təmkinli, səbrli, dözümlü qadın olaraq biliyi, bacarığı, müdrik söhbətləri, səmimi, xoş rəftarı, ətrafındakılara mərhəməti ilə hamının rəğbətini qazanmışdı.
Zərifə xanım Əliyeva atasının - görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdi. Onun səhiyyə sahəsini, xüsusən də, oftalmologiya sahəsinib ardınca getməkdə atasının və ailəsinin böyük təsiri olmuşdu. Bu peşəni seçmək Əziz Əliyevin ailəsində artıq ənənəyə çevrilmişdi. Onun 2 oğlu da tibb sahəsinə öz xidmətləri ilə töhfələr vermişlər.
Azərbaycan ailə modelinin əsas simalarından olan Heydər Əliyevin ailəsinin ideal sayılmasında Zərifə xanımın xüsusi əməyi olmuşdur. O,valideynlərindən götürdüyü bütün yüksək milli-mənəvi keyfiyyətləri sonradan Heydər Əliyevlə qurduğu ailəsində də tətbiq etməyə başlamışdı.Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda ən böyük məsuliyyəti Ümummilli Lider Heydər Əliyev ilə ailə qurması idi. Çünki bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşımışdı. yaşadıqları o xoşbəxt illərdə Heydər Əliyev həmişə gərgin iş rejimi ilə gecə-gündüz bilmədən işləmiş, xalqının gələcəyi yolunda ömrünü şam kimi əritmişdi. Ən ağır, ən təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını tək qoymamış, onun dayağına çevrilmişdi. Dahi şəxsiyyət Heydər Əliyev öz xanımı haqqında çox haqlı olaraq demişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailəmin çox böyük rolu olub...Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar.”
Cəmiyyətin həyatında fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı olan bir qadın, gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Böyük zəka sahibi olan Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdir. O, hər zaman övladlarına qarşı səmimi olmuş, onlara dost münasibəti bəsləmişdir. Zərifə xanım ömür-gün yoldaşı Heydər Əliyev ilə birlikdə qəlblərində daim Azərbaycan sevgisi yaşayan, vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər.Zərifə xanım özünə xas olan xeyirxahlıq, alicənablıq, insansevərlik, səmimilik kimi xüsusiyyətlərini övladlarına da ötürmüşdü. Onun təmkinliliyi, səbirliliyi, düzgünlüyü, düşüncəsi, ağlı, savadı və digər müsbət xasiyyətləri övladlarının da onun yolunu getməsinə köməkçi olmuşdu.
Zərifə xanım o qədər düşüncəli insan idi ki, onun söhbətlərindən sonra, yaxud müəyyən mövzuda məsləhətləşdikdən sonra insan sanki rahatlıq tapırdı. Bu ağıllı qadın həmişə çalışırdı ki, bütün insanların dərdinə əlac tapa bilsin, onların əlindən tutsun. Əgər hansısa problemin həlli ondan asılı deyildisə də, çalışırdı ki, kömək olmaq istədiyi insanları aidiyyatı şəxslərə, yaxud yerlərə istiqamətləndirsin. O, akademik, professor, elm xadimi, müxtəlif mükafatlarla təltif olunmasına baxmayaraq, heç vaxt özünü sadə insanlardan ayırmazdı. Görkəmli oftalmoloq dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdi.
Zərifə xanım çox ünsiyyətcil xanım idi, onun danışığında səmimilik, mülayimlik müşahidə olunurdu. Kimsənin xətrinə dəyməyi sevməzdi. Hətta dəvət edildiyi tədbirləri geri çevirməz, canla-başla iştirak edərdi. Onun həyat enerjisi o qədər güclü idi ki, bundan yan keçmək olmazdı. Zərifə xanım həm gözəl dost, həmdə yaxşı sirdaş idi. Yaxşı dostun dar gündə tanınmasını o, həmişə sübut edirdi. O, dostlarının yalnız yaxşı deyil, çətin günlərində də yanlarında olur, dərdlərini öz dərdi kimi qəbul edirdi. Bir çoxları bu nəcib insanı həkim və elm xadimi ilə yanaşı, yaxşı bir dost kimi də xatırlayır.
Zərifə Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır. O, şöhrətli alim, görkəmli oftalmoloq kimi öz töhfələrini verməklə gənc oftalmoloqların inkişafı yolunda çalışmışdır. Novator alimin zəngin elmi irsi, öz sahəsi üzrə apardığı tədqiqatlar, müəllifi olduğu əsərlər ölkəmizin tibb sahəsinin genişlənərək inkişaf etməsinin dayağına çevrilmişdir.Onun bir çox əsərləri və dərslikləri oftalmoloqların stolüstü kitabı kimi daim vərəqlənir. Müəllifi olduğu “Oftalmoloq kadrların təlim-tərbiyəsi”, “Həkimlərin təkmilləşdirilməsininelmi əsasları” silsilə əsərləri bu gün də oftalmoloqların zəngin kitabxanalarının nümunələrindəndir.
Akademik Zərifə xanımın Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıtması və öz dəsti-xətti ilə hər zaman seçilməsi də onun fərqliliyindən, qabilliyətindən xəbər verir. Qeyd edək ki, o, həmçinin, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü olmuş ilk oftalmoloq olmuşdur. Onun oftalmologiyanın aktual mövzularına dair apardığı tədqiqatlar göz xəstəliklərinin müalicəsi üçün metodların axtarılıb tapılmasına təkan vermişdir. Bir-birindən fərqli və vacib mövzuları əhatə edən "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti" və digər elmi məqalələri, monoqrafiyaları çap edilmişdir.İnsanın işıqlı dünyadan məhrum olmaması üçün göz nuruna ehtiyacı var. Zərifə xanım da məhz göz nurunun qorunması üçün çalışırdı. Öz gözündəki nur da insanların diqqətindən yayınmırdı.
Bacarıqlı həkimin əsas məqsədlərindən biri də insanların çox əziyyət çəkdiyi traxoma xəstəliyinin qarşısını almaq olmuşdur. O, traxoma xəstəliyinə qarşı müalicəvi və profilaktik tədbirlərin təşkilində fəal iştirak etmişdir. O, bu xəstəliyin geniş yayıldığı rayonlara getmiş, oftalmoloqlara mühazirələr oxumuş, əhali arasında maarifləndirmə işləri aparmışdır. Tanınmış alim sonradan 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi, alimlik dərəcəsinə layiq görülmüşdür. Traxoma ilə bağlı tədqiqatlarından əlavə o, oftalmologiyanın başqa problemlərinin elmi araşdırılması ilə də məşğul olmağa başlamışdır.O, vərəm, şəkər, qlaukoma xəstəlikləri səbəbindən baş verən narahatlıqların öyrənilməsi sahəsinə yeniliklər gətirmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə-görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, professor Zərifə Əliyevaya oftalmologiya sahəsində ən yüksək mükafata-SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Qeyd edim ki, Zərifə xanım həmin adı çəkilən mükafata layiq görülən ilk qadın olmuşdur.
Kliniki və nəzəri oftalmologiyanın bir sıra vacib məsələlərinə həsr olunan yeni və uğurlu tədqiqatların əsasını qoyan Zərifə xanım Əliyeva Azərbaycanda kimya sənayesinin də genişlənməsi və inkişafı ilə bağlı görmə üzvünə kimyəvi maddələrin təsiretmə mexanizminin praktiki olaraq aşkar edilməsi kimi ciddi işlərin də banisidir. İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» adlı doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilmişdir.
Zərifə Əliyeva, həmçinin, nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya - “İridodiaqnostikanın əsasları” və “İridodiaqnostika” kitablarını nəşr etdirmişdir. onun əsərlərinin hər birinin arxasında dərin düşüncələr, elmi tapıntılar, inanılmaz faktlar dayanır.Ulu Öndər Heydər Əliyev Zərifə xanımın oftalmologiya sahəsindəki tədqiqatlarını, əsərlərini, mətbuatda çıxan məqalələrini yüksək qiymətləndirərək qeyd etmişdir ki, Zərifə xanımhəmişə çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın.
Xəstənin mənafeyinin həkim üçün hər şeydən üstün olduğunu deyən oftalmoloq Zərifə xanımın fikrincə, həkim xəstəsi ilə hər zaman xoş rəftarla davranmalı, hər şeyi ona aydın şəkildə izah etməli, mərhəmətli, səbirli olmalıdır.Həkim xəstəliyi olan, müalicə almaq üçün müraciət edən insanlara xəstəliyini başa düşülən dildə anlatmalıdır. Zərifə xanım belə düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanların ağrısını hiss etməlidir. “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir.”O, özü də məhz belə həkim idi: hamının sevib seçdiyi oftalmoloq. İş yoldaşları da hər zaman vurğulayırlar ki, Zərifə xanım uzaq bölgələrdən gəlib xəstəxanada müalicə alan xəstələrə xüsusi diqqətlə yanaşır, evdən yemək, geyim gətirirdi ki, onlar ailədən uzaqda olduqlarını hiss etməsinlər. Xəstənin daxili aləmini öyrənməyə çalışanoftalmoloq xəstənin şikayətini və xəstəliyin baş vermə səbəblərini aydınlaşdırmağaçalışırdı.Qeyd etmək yerinə düşər ki, Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur.
Zərifə Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları, müalicəvi işlərlə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirmişdir.Akademik xanım oftalmologiya sahəsində gənc kadrların hazırlanmasında səylə fəaliyyət göstərmişdir. Görkəmli alimətəcrübə baxımından səhiyyə üçün kadr hazırlığına və həkimlərin ixtisasının artırılmasınaçəkdiyi əziyyətə hər zaman dəyər verilir. Göz həkimi ixtisası üzrə təhsil alan tələbələr Zərifə xanımı özlərinə nümunə götürərək onun oftalmologiya elminə aid etdiyi elmi işləri qiymətləndirir və bunlara layiq olmaq üçün inamla çalışırlar. Bu gün Zərifə Əliyevanın elmi məktəbinin çoxsaylı nümayəndələri indi də onun ənənələrini davam etdirirlər.
Zərifə xanım təkcə tibb sahəsinə maraq göstərmirdi, o, həmçinin ədəbiyyatı, musiqini də çox sevirdi. Onun ədəbiyyat sahəsindəki bilikləri, incəsənət, xüsusilə, təsviri incəsənət, rəsm əsərləri haqqında mülahizələri adamı heyrətləndirməyə bilməzdi. O, həmçinin, fortepiano üzrə musiqi təhsili almışdı.
Xəstələrə dünya işığı bəxş etmiş Zərifə xanım Əliyeva gələcəyimiz olan uşaqları bir ana kimi sevir, onlara xüsusi qayğı və nəvazişlə yanaşmışdır. O deyirdi ki, uşaqlıq çağları hər bir kəsin özünü dərk etməsində həlledici mərhələdir və ömrü boyu müraciət etdiyi uşaqlıq dünyasını heç nə ilə əvəz etmək mümkün deyil, insan məhz uşaqlıqda xeyrin və şərin nə olduğunu anlayır.
Artıq uzun illərdir ki, tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva bizim aramızda yoxdur. Hər dəfə bu gözəl insanı xatırlayanda dərin hörmət və ehtiram hissi keçiririk. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər, o cümlədən, bir qadın və ana kimi ideal olması və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır. Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, adına küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və s. onun adının əbədiləşdirilməsinin layiqli göstəricisi, ona qoyulan hörmətin, bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir. Bakıda müasir Oftalmologiya Mərkəzinin yaradılması Zərifə xanımın çoxdankıarzularından idi. Oftalmologiya Mərkəzi görmə qabiliyyətində problem olan hər kəsin pənah gətirdiyi yerdir. Klinikanın fəaliyyəti dövründə respublikamızın şəhər və rayonlarından gələn yüz minlərlə xəstəyə yüksək səviyyəli xidmət göstərilmişdir. O cümlədən, yaşadığı müddətdə respublikamızın ən yüksək keyfiyyətli oftalmoloji avadanlıqlarla təchiz edilməsində də Zərifə xanımın misilsiz xidmətləri olmuşdur.
Xalqımız tərəfindən hər il aprelin 28-də Zərifə xanımın doğum günü, 15-də isə anım günü dərin ehtiramla qeyd olunması xalqının ona olan böyük məhəbbətinin ifadəsidir. İnanırıq ki, zaman keçdikcə, nəsillər dəyişdikcə, bu məhəbbət xalqın ürəyində bir sevgi abidəsi kimi daim ucalacaq.