Psixoloq yanaşması

Ailədə psixoloji mühit... Xoşbəxtlik haqqında düşüncə

Müəllif: Rövşən NƏCƏFOV, Klinik psixoloq, psixoterapevt

14 mart 2024 11:52

 

İnsanın xoşbəxtliyi onun qazandığı dəyərə bağlıdır. Ailə insanın seçimidir və xoşbəxtliyi üçün qazandığı dəyərdir. Ailəni qorumaq vətənini qorumaqdır. Ailəsinə sədaqət dövlətinə sədaqətdir.

Xoşbəxt ailədə böyüyən uşaq gələcəyin nümunəvi vətəndaşıdır. Şəxsiyyətin formalaşmasında emosional dəstək maddi dəstəkdən daha vacibdir. Emosional rifah üçün ailədə münasibətlər xüsusilə vacibdir. “Xoşbəxtlik üçün ailə niyə vacibdir?” sualına cavab verərkən insanların şəxsiyyət kimi tamamlanması ailədən asılıdır. Ailənin münasibətlərdə müstəqilliyi fərdi məsuliyyətin inkişafını təşviq edir. Ailədə mənalı münasibətlər mənsub olmaq ehtiyacını tənzimləyir. Mənsub olmaq insanların bir-birini qeyd-şərtsiz sevməsidir. İnsan mənsub olduğu zamana və məkana aiddir.

Ailədə müsbət ünsiyyət xoşbəxtliyin açarıdır. Qayğı ilə ifadə olunan fikirlər faydalı müzakirədir, mübahisə deyil. Ailə üzvləri arasında sevginin var olması mövcudluq hissidir. Valideynlər həm övladları üçün, həm də bir-birləri üçün mövcud olmalıdırlar. Valideynlər davranışları ilə nümunə yaratmalıdırlar. Ünsiyyət və davranış ailədə sevginin mühafizəçiləridirlər. Empatiya quraraq ünsiyyətin və davranışın keyfiyyətini yaratmaq olur. Xoşbəxtliyin qarşısını alacaq hadisələrin təməli qoyulmamalıdır ki, daha sonra inşa olunmasın.

Xoşbəxtliyi hər kəs eyni formada ifadə edir, amma bədbəxtliyin hekayəsi şəxsə görə dəyişir. Xoşbəxt ailələr eyni hissi yaşayırlar, amma bədbəxt ailələrin hiss etdikləri eyni deyil.

İnsan mühitə uyğunlaşan canlıdır. Ailə şəxslərin iştirak etdiyi, maddi və mənəvi ehtiyaclarını ödəyə bildiyi sosial mühitdir. Ailənin hər biri üzvü özünəməxsus emosional davranışlarını bu sosial mühitdə ifadə edir. Xoşbəxtlik və bədbəxtlik arasında məsafə o qədər qısadır ki, ailə mühitində bu sərhəddir.

Ailə mühitində məişət ixtilafı və məişət zorakılığı ailə üzvlərində fiziki və psixoloji şiddətin yaranmasına səbəb olur. Həyat yoldaşları arasında ünsiyyət problemləri və psixoloji uyğunsuzluq yaranmış zorakılıq mühitinin başlanğıc nöqtəsidir. Ailədaxili uyğunsuzluq və ailədaxili yaşanan problemlər depressiya, patoloji narahatlıq, yuxusuzluq, post travmatik stress pozuntusu və cinsi problemlərlərə səbəb olur.

Ailədə məişət zorakılığı güc və təzyiq tətbiq etməklə fiziki və ya psixoloji zərər verən bütün davranışlar kimi müəyyən edilir. Məişət zorakılığı ailə üzvlərindən birinə ailənin digər üzvləri tərəfindən psixoloji və fiziki hücumudur. Ailədə emosional və iqtisadi zorakılıqlar da şəxsi çətin hala salır. “Çətin hal” anlayışının formalaşması ailədəki məcburiyyətdən yaranır. Həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ailə üzvləri arasında emosional və iqtisadi münasibətlər aydın olmalıdır. Münasibətlərin idarəçiliyində ailənin bütün üzvlərinin iştirakçılığı təmin edilməlidir.

Rəqəmsal dünyada kommunikasiya texnologiyalarının inkişafı ilə müşayiət olunan məişət problemləri həyat yoldaşları arasında xəyanət və aldatma fenomen olaraq müşahidə edilir. Xüsusilə mobil telefon, internet və sosial medianın geniş yayılması həyat yoldaşlarının aldatma və xəyanətlə qarşılaşmalarına səbəb olur.

Ailənin kiçik dövlət olduğunu qəbul ediriksə, uşaqlar da ailənin özəyidir. Ailənin psixoloji sağlamlığı cəmiyyətə faydalı vətəndaşlar yetişdirməsinə töhfələr verir. Hər bir uşağın yaşamaq hüququ var. Hər bir uşaq sağlam mühitdə mədəni və mənəvi cəhətdən inkişaf etməlidir. Valideynlər övladlarını hərtərəfli inkişaf etdirmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplərlə böyütməlidirlər. Ailədə iştirakçı olan şəxslər psixoloji  sağlamlıqlarını fikirlərində və davranışlarında vərdişə çevirməlidirlər. Xoşbəxtliyi hər kəs eyni formada ifadə edir, amma bədbəxtliyin hekayəsi şəxsə görə dəyişir. Xoşbəxt ailələr eyni hissi yaşayırlar, amma bədbəxt ailələrin hissi etdikləri eyni deyil.

“Ailə daxilində inam və həmrəylik qurulmazsa, şəxslər güclü stress və gərginlik yaşayırlar. Belə insanlar özlərinə də etibar edə bilmirlər”.

 Ailə daxilində qarşılıqlı əlaqə uşaqların da hisslərinin formalaşmasına səbəb olur. Şəxsin psixikasında yaranmış böhranlar özünün vacib hesab etmədiyi ailə mühitlərinə reaksiya kimi qiymətləndirilir. Ailədə dəyər hissinin formalaşması şəxslərin özünü sübut etmək üçün hesab olunandan artıq hərəkətə ehtiyac duymur. Ailə mühitində münasibətlər söhbət etməklə tənzimlənir. Ailənin dəyər yaratması üzvlərin ləyaqət anlayışına münasibətindən asılıdır. Yüksək mənəvi keyfiyyətləri qoruyan şəxslər ailədə etibarlı mühit yaratmış olurlar.

Ailədə etibarlı mühit ailə üzvlərinin təhlükəsiz və ailədən kənar təhlükəli hadisələrin ailədən uzaq tutulacağından asılıdır. Ailədə böyüyən uşaq evdə özünü təhlükəsiz hesab etmirsə, uşaq başqa mühitlərə və şəxslərə üz tutur. Uşağın ailə ilə münasibəti fərqli müstəvidə inkişaf edir. Etibarlı mühitin təməli empatiya hissinin uşağa nümunə göstərilməsidir. Uşaq valideynləri arasındakı münasibəti olduğu kimi qəbul edir. Necə eşidirsə, elə də danışır, necə görürsə, elə də davranır. Ailə daxilində etibarlılıq və həmrəylik varsa, ailədən kənarda yaşanan hadisələr ailədə böhran yaratmır. Etibarlılıq hissinin hakim olduğu ailələr xarici təsirlərdən xilas olmaq gücündədirlər. Ailənin özgüvəninin formalaşması üçün xarici təsirlər uzaq tutulmalıdır. Ailə daxilində inam və həmrəylik qurulmazsa, şəxslər güclü stress və gərginlik yaşayırlar. Bu insanlar özlərinə belə etibar edə bilmirlər.

Xoşbəxtliyin düsturu yoxdur, amma üsulu var. Xoşbəxtliyin üsulu odur ki, həll edilməli olan problemlər zamanında həllini tapmalıdır.

 Ailə xoşbəxtlik mühitidir. Xoşbəxtliyin olmadığı mühit ailə deyil, sistemdir. Bir qrup şəxsin məcburiyyətlə davam etdirdiyi mühitə də ailə deyə bilərik. Ailədə maddi və mənəvi ehtiyacların qarşılanması ailənin xoşbəxt olmasını formalaşdırır. Bütün ehtiyaclar qarşılıqlı münasibətlərlə təmin edilməlidir. Özünü evində dəyərli hiss edən şəxs xoşbəxt olur, iş fəaliyyəti də ona xoşbəxtlik gətirir və faydalılıq təsirini gücləndirir. Xoşbəxtliyin düsturu yoxdur, amma üsulu var. Xoşbəxtliyin üsulu odur ki, həll edilməli olan problemlər zamanında həll edilməlidir.

Ailə mühitində valideynlər öz hərəkətləri və sözləri ilə övladlarına məsuliyyət hissini öyrətməlidirlər. Ailədə hər kəs məsuliyyət hissini bölüşməlidir. Uşaqlara da yaşlarına uyğun olaraq məsuliyyət qoyulmalıdır. Ailədə bütün məsuliyyətləri öz üzərinə götürən, övladlarını məsuliyyətdən xilas edən valideynlər öz həyatlarını formalaşdıra bilməyən, daim başqalarının idarəsi altında olan şəxsiyyətlər yetişdirirlər. Bu cür mühitdə yetişən fərdlər, həyatlarında baş verən hadisələrə görə hər zaman başqalarını məsuliyyətə cəlb edirlər.

Uşağa hər şeyi hazır vermək qayğı deyil. Məsuliyyət hissinin inkişaf etdirilməsi üçün çətinliklərin öhdəsindən gəlməyi öyrətmək lazımdır. Müxtəlif yaşlarda çətinliklərlə necə mübarizə aparmaq izah edilməlidir. Problemlər özgüvənsizlik və başqalarından asılılıq yaratmamalıdır. Problemlər şəxsin özünüdərk prosesini gücləndirməlidir. Uşaqların öz istedadlarını kəşf etməkləri üçün çətinlik və təcrübə vacib meyarlardır. Gələcəkdə özünüifadə və özünütəsdiq problemi yaşayan şəxslər uşaqlıq dövrlərində öz çətinliklərini dərk etməyənlərdir.

Ailə “mən” ideyası ilə formalaşmamalıdır. Ailə “biz” deyərək davam edən ideyanı formalaşdırmalıdır.

 Ailədə sağlam psixoloji mühitin olmaması uşağın daimi qorxu içində böyüməsi ilə nəticələnir. Özünü ifadə edə bilməyən uşaq mühakimə olunmaqdan və cəzalandırılmaqdan qorxur. Öz həyatını və təcrübələrini zənginləşdirmək üçün ailədə sağlam mənəvi mühit olmalıdır. Müstəqil yaşa çatana qədər uşağı hansısa ideoloji baxışa təhrik etmək olmaz. Sağlam mənəvi mühit ailənin övladına verə biləcəyi ən vacib prosesdir. Uşaqların şəxsiyyət kimi yetişməsində “sevmək” və “müsbət insani münasibətlər” keyfiyyətləri bünövrə rolunu oynayır. “Başqalarının həyatına mane olmamaq” ideyası mədəniyyət olaraq təlqin edilməlidir. Mənəvi olaraq qazandıqları onun şəxsiyyət kimi yetişməsində bələdçi olacaqdır.

Ailədə psixoloji mühitin sağlam olması üçün ehtiyacların yaratdığı psixoloji uyğunsuzluqları aradan qaldırmaq lazımdır. “Mən beləyəm!”-deyərək davam edən davranışlar ailədə münaqişə yaradır. Ailə “mən” ideyası ilə formalaşmır. Ailədə “biz” deyərək ifadə etdiyimiz fikirlər müzakirənin mübahisəyə çevrilməsinə zəmin yaratmır.

Ailədə psixoloji mühitin sağlamlığı şiddətdən, xəyanətdən və yalandan uzaq olmaq, etibarlı və sağlam ünsiyyət qurmaq, sevgi və empatiya hissini gücləndirməklə formalaşır!