“Sülh və milli mənəvi dəyərlərimiz” adlı tədbir keçirildi
![](https://family.gov.az/store/media/post/NewFolder/20170818_104954.jpg)
Paylaş:
Avqustun 25-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində Beynəlxalq Sülh aylığı çərçivəsində “Sülh və milli mənəvi dəyərlərimiz” adlı tədbir keçirilmişdir.
Mərkəzin sosial iş üzrə mütəxəssisi “Sülh günü” və “Sülh Aylığı”-nın yaranma tarixi haqqında uşaqları məlumatlandırmışdır. O bildirmişdir ki, sülh bəşəriyyətin məqsədi, missiyası, həm də halal haqqıdır. Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. O, Sülh gününün nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağalmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsət olduğunu bildirmişdir.
Mərkəzin sosial pedaqoqu da çıxışında bu ilki Müqəddəs Qurban bayramının da Sülh aylığına düşdüyünü bildirərək iştirakçılara milli-mənəvi dəyərlərimizdən danışmış, İslam dininin ən sülhsevər din olduğunu vurğulamışdır. Uşaqlar sülhə aid hazırladıqları musiqi kompozisiyası ilə tədbirə xüsusi rəng qatdılar.
Tədbirin sonunda Müqəddəs Qurban bayramı və yeni dərs ilinin açılması münasibəti ilə 15 aztəminatlı ailənin uşaqlarına məktəbli çantası və məktəb ləvazimatları hədiyyə verilmişdir.