Beynəlxalq əlaqələr
Beynəlxalq tədbirlər və görüşlər
Komitə sədri BMT-nin Əhali Fondunun ölkə ofisinin rəhbəri ilə görüşüb
28 yanvar 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Əhali Fondunun (UNFPA) ölkə ofisinin rəhbəri Fərid Babayevlə görüşüb. Görüş zamanı Dövlət Komitəsi ilə UNFPA arasında əməkdaşlığa diqqət çəkən Bahar Muradova, həyata keçirilən layihələrin nəticələri barədə danışıb, bu layihələrin növbəti illərdə də davam etdiriləcəyinə inamını ifadə edib. B.Muradova, gender bərabərliyi anlayışının qadın və kişi bərabərliyinə əsaslandığını, eləcə də gender bərabərliyinin təmin olunması istiqamətində kompleks yanaşmanın önəmini vurğulayıb, həyata keçirilən layihələrdə kişilərin rolunun artırılmasının vacibliyini qeyd edib. O, uşaqların doğulanadək cins seçiminə məruz qalmasının məişət zorakılığının bir növü olduğunu qeyd edərək, bu sahədə qabaqlayıcı tədbirlərin əhəmiyyətindən danışıb. Bir sıra problemlərin ailə müstəvisində həll olunduğunu vurğulayıb və əlavə edib ki, ailə bağlarını gücləndirərək, ailə dəyərlərini qoruyaraq məişət zorakılığı problemini sağlam və konstruktiv şəkildə həll etmək mümkündür. Çıxışının davamında B.Muradova, növbəti illər üçün Məişət Zorakılığı üzrə Milli Fəaliyyət Planı layihəsinin hazırlanması, eləcə də Azərbaycan Hökumətinin CEDAW üzrə hesabatlılıq prosesində təşkilatla əməkdaşlığa dair təklif və tövsiyələrini səsləndirib. UNFPA ölkə ofisinin rəhbəri Fərid Babayev gender bərabərliyinin təmin olunması və məişət zorakılığı ilə mübarizə istiqamətində Komitə ilə uğurlu əməkdaşlıqdan və birgə icra edilən layihələrdən danışıb. O, 2020-2023-cü illərdə Gender Əsaslı Zorakılıq üzrə Monitorinq Qruplarının bacarıqlarının artırılması üzrə təlimlərin keçirildiyini, eləcə də gender-əsaslı zorakılıqla bağlı “860 Dəstək Xətti”nin fəaliyyət göstərdiyini qeyd edib. Komitə ilə birgə uşaqlar arasında cins nisbətinin pozulması ilə mübarizə istiqamətində 2018-2023-cü illəri əhatə edən fəaliyyətlərə diqqət çəkib. Təşkilatın hazırda həyata keçirdiyi layihələrdən danışan UNFPA rəsmisi, Komitə ilə əməkdaşlıq məqsədilə bir sıra təkliflər irəli sürüb. Görüş zamanı UNFPA-in cari 2021-2025-ci illər üzrə Ölkə Proqramı çərçivəsində Komitə ilə baş tutmuş əməkdaşlığın nəticələri müzakirə edilib, yeni Ölkə Proqramına (2026-2030) dair tövsiyələr dinlənilib və fikir mübadiləsi aparılıb.
Dövlət Komitəsinin sədri “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” üzrə yüksək səviyyəli dəyirmi masada çıxış edib
“İnsan inkişafı bizim fəaliyyətimizin mərkəzində dayanır və iqlim dəyişikliyi fonunda bu diqqətin əhəmiyyəti daha da artır.İqlim təsirləri sağlamlıqdan və təhsildən iqtisadi sabitliyə qədər insan inkişafının hər bir sahəsinə toxunur. Buna görə də, uşaqlarımızın hərtərəfli dəstəklənməsi vacibdir.” Bu sözləri BMT-nin İqlim Dəyişsmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində 18 noyabr 2024-cü il tarixində BMT-nin Uşaq Fondunun təşkilatçılığı ilə keçirilən “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” üzrə yüksək səviyyəli dəyirmi masada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, iqlim dəyişikliyinin təhsilə və sağlamlığa təsirləri vasitəsilə yaratdığı pozuntular bütün dünyada uşaqlara, ailələrə və icmalara birbaşa təsir edir. Buna görə, onların hərtərəfli inkişafı və ətraf mühit təsirlərindən qorunması yalnız gələcəyə bir sərmayə deyil, həm də Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir. B. Muradova qeyd edib ki, iqlim dayanıqlığını qurma yanaşmamız regionlar, icmalar və yaş qrupları arasında əlaqə yaratmaqla hər yerdə uşaqların inkişaf etməsi üçün bilik və dəstək təmin etməyə yönəlib. İqlim savadlı və iqlimə dayanıqlı bir nəsil yetişdirmək vacibdir və bunu təmin etmək üçün səmərəli və dayanıqlı mexanizmlər yaradılmalıdır. Həssas icmalar üçün iqlim dəyişikliyinin iqtisadi və sosial problemlər yaratdığını diqqətə çatdıran Komitə sədri sosial müdafiə və təhlükəsizlik şəbəkələrinin gücləndirilməsi, iqlim hadisələrindən təsirlənənlərə maliyyə dəstəyinin göstərilməsinin vacibliyini, ekstremal istilik, infeksiyalar, hava çirkliliyi, qidalanma və ərzaq təhlükəsizliyi üçün erkən xəbərdarlıq sistemlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, təhsil müəssisələri, səhiyyə təminatçıları, yerli hökumətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq, hərtərəfli bir şəbəkə yaratmaq üçün əsasdır. Uşaqlar və ailələr sabit dəstəyə, sağlamlıq xidmətlərinə çıxışa ehtiyac duyurlar. Onlar əmin olmalıdırlar ki, ekoloji dəyişikliklər dövründə geridə qalmayacaqlar. Bahar Muradova: “İlk dəfə olaraq, uşaqlara və gənclərə xüsusi diqqət yetirilərək, iqlim tədbirləri çərçivəsində hərtərəfli insan inkişafı COP gündəminə gətirilib. Uşaqlarımızı iqlim dəyişikliyi ilə üzləşmədə dəstəkləmək üçün atılan hər addım ortaq gələcəyimizə bir sərmayədir. Bu səbəbdən, hər kəsi bu vacib missiyada daha aktiv rol oynamağa və yaşıl dünya üçün həmrəyliyə çağırıram.” - deyə çıxışını sonlandırıb. COP29 Prezidentliyinin Gənclər İqlim Çempionu Leyla Həsənovanın və BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli Çempionu Mariam Allamın moderatorluğu ilə keçirilən panel müzakirələrdə Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, Koreya Respublikasının ətraf mühit naziri Wan-sup Kim, Nigeriya İqlim Dəyişikliyi üzrə Milli Şuranın Baş Direktoru və Katibliyin rəhbəri Nkiruka Maduekwe, Dominikan Respublikasının İqlim Dəyişikliyi üzrə Milli Şurasının Texniki Direktoru Sara Qonzales, Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin İqlim Danışıqları və Beynəlxalq Siyasətlər Başçısı Aysin Turpancı, Corc Warren Braun Universitetinin professoru, Sosial İnkişaf Mərkəzinin direktoru, Vaşinqton Universitetinin Next Age İnstitutunun direktoru Maykl Şerraden, Almaniyadan Sağlamlıq və Qidalanma üzrə Qlobal Direktor, Save the Children Beynəlxalq və Qlobal Sağlamlıq üzrə dosenti Revati Phalkey və digərləri də çıxış ediblər. Müzakirələrdə iştirak edən Uşaq Səfirlər Məclisinin nümayəndələri məclisinin fəaliyyəti haqqında məlumat veriblər və bu il keçiriləcək VI Ümumrespublika Uşaq Formu çərçivəsində təşkil ediləcək hər bir panelin ekologiya ilə əlaqələndiriləcəyinə diqqət çəkiblər. “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” üzrə dəyirmi masada Bahar Muradovanın çıxışı Speech of Mrs. Bahar Muradova
Bahar Muradova Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin Direktoru, professor Maykl Şerraden ilə görüşüb
18 noyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 Konfransı çərçivəsində Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin Direktoru, professor Maykl Şerraden ilə görüşüb. Qonağı salamlayan Bahar Muradova, onu bütün dünya üçün vacib olan konfrans çərçivəsində ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Gənclərin iqlim dəyişikliyi, dayanıqlı inkişaf və sosial problemlərə dair qlobal həllərin tapılmasında aktiv rolunu vurğulayan sədr əlavə edib ki, Azərbaycan hökumətinin bugün apardığı siyasətin özəyində məhz gənclər dayanır. B. Muradova qeyd edib ki, dayanıqlı enerjiyə keçiddə gənclər maraqlı tərəf və dəyişikliklərin hərəkətverici qüvvəsi kimi mühüm rol oynayırlar. Qeyd olunan məsələyə Azərbaycanda xüsusi diqqət yetirildiyinə diqqət çəkən sədr, Füzuli rayonunda COP29 çərçivəsində imzalanan müqaviləyə əsasən 500 hektara yaxın ərazidə yeni günəş enerjisi stansiyasının tikilməsi ilə bağlı qərar qəbul edildiyini deyib. Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin Direktoru, professor Maykl Şerraden Azərbaycanda şahidi olduğu inkişaf proseslərinin, xalqımızın qonaqpərvərliyinin, yüksək mənəvi keyfiyyətlərinin onda xoş təəssüratlar yaratdığını qeyd edib. Rəhbərlik etdiyi Sosial İnkişaf Mərkəzinin bu günə qədər həyata keçirdiyi layihələr haqqında geniş məlumat verən qonaq, xüsusi olaraq enerji keçidinin bugünki dünyada mütləq olaraq paralel şəkildə insan inkişafı prosesi ilə birgə aparılması və bu prosesdə gənc nəslin hərtərəfli iştirakı haqqında mülahizələrini bildirib. O, gənclərin iqlim dəyişikliyi ilə mübarizəyə verdikləri töhfələri vurğulayaraq, onların beynəlxalq səviyyədə qərarların qəbul edilməsində iştirakını artırmaq üçün birgə səylərin əhəmiyyətini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bahar Muradova COP29 çərçivəsində “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” mövzusunda keçirilən tədbirdə çıxış edib
“Ən fəal vətəndaşlar kimi gənclər sülh quruculuğuna öz həll yollarını təklif edərək töhfə verir, iqlim dayanıqlılığı və ətraf mühit təşəbbüslərində iştirak edərək, davamlı inkişaf prinsiplərini təşviq edirlər.” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində 18 noyabr 2024-cü il tarixində İslam Elm, Təhsil vəMədəniyyət Təşkilatının (İCESCO) təşkilatçılığı ilə “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” mövzusunda keçirilən tədbirdə çıxış edib. O bildirib ki, hər gün dünyanın müxtəlif yerlərində milyonlarla insan, o cümlədən uşaq və gənclər iqlim dəyişikliyini və onun konfliktlərlə bağlı təsirlərini öz həyatlarında hiss edir. İqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin iştirakınım genişləndirilməsi, onların hüquqlarının qorunması və xüsusi ehtiyaclarının mövcud siyasət və proqramlarda nəzərə alınmasının vacibliyini qeyd edən Komitə sədri qeyd edib ki, gənclər arasında təhsilin və maarifləndirmənin təşviq edilməsi onların yalnız uyğunlaşmasını deyil, həm də proseslərdə fəal iştirakını vurğulayır. O diqqətə çatdırıb ki, gənclərin liderliyi fərdi təşəbbüslərlə məhdudlaşmamalı, onların səsinə qulaq asmaq, ideyalarını qəbul etmək və qərarların qəbul edilməsi proseslərinə cəlb etmək daha davamlı və ədalətli gələcək hazırlamaq deməkdir. Azərbaycanda resurslardan səmərəli istifadə üçün bir sıra mühüm dövlət proqramları, sosial-iqtisadi inkişaf strategiyaları və geniş fəaliyyət planlarının reallaşdırıldığını qeyd edən B. Muradova azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” kimi vahid konsepsiya əsasında genişmiqyaslı bərpa və yenidənqurma işləri, minalardan təmizləmə işlərinin aparıldığını diqqətə çatdırıb. O əlavə edib ki, iqlim dayanıqlılığı və sülh quruculuğunu təmin etmək üçün gənc səfirlər “Sülh üçün Birləşək” kimi müxtəlif virtual platformalar yaratmalıdırlar. Burada onlar bu mövzuları müzakirə edərək diqqət mərkəzində saxlaya bilərlər. “Bu bir həqiqətdir ki, enerjisi, yaradıcılığı və qətiyyəti ilə gənclər güclü və harmonik bir dünyanın memarlarıdır. Gəlin hamılıqla gələcəyə doğru irəliləyərkən onların missiyasını dəstəkləməyə davam edək”- deyə Komitə sədri çıxışını yekunlaşdırıb. İSESCO-nun Baş Qərargahında Strategiya və Əməkdaşlıq Departamentinin əməkdaşı Dinara Quliyevanın moderatorluğu ilə keçirilən tədbir zamanı İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan çıxış edib. İnsan kapitalı, uşaq və gənclər, sağlamlıq və təhsil üzrə tematik gündə qeyd edilib ki, İSESCO gənc sülh səfirləri sessiyası iqlim və sülh problemlərinin həllində gənclərin liderliyini və innovasiyalarını nümayiş etdirəcək, onların nailiyyətlərini qeyd etməklə və gələcək əməkdaşlıq imkanlarını araşdırmaqla bu gənc liderlərə iqlim dəyişikliyinə davamlılıq və sülh quruculuğu sahəsində qlobal dəyişikliyi davam etdirmək üçün səlahiyyət verəcək. İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi mövzusunda tədbirdə Bahar Muradovanın çıxışı Speech of mrs. Bahar Muradova (ICESCO)
Bahar Muradova BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean ilə görüşüb
Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oktyabrın 21-də BMT Baş katibinin müavini və BMT-nin Avropa üzrəİqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean ilə görüşüb.
Qadın hüquqları və gender bərabərliyi sahəsində Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) Cenevrədəki nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones və "UN Women"in Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb. Görüşdə Azərbaycan ilə BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin Cenevrədəki nümayəndəlik ofisi arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Bu əməkdaşlığın bir sıra sahələri əhatə etdiyi, gender bərabərliyi və qadınların hüquqları ilə yanaşı, onların iqtisadi müstəqilliyi, məşğulluq məsələləri ilə bağlı bir sıra birgə layihələrin həyata keçirildiyi qeyd olunub. Nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycanın BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisi ilə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycanda qadınların hüquqlarının qorunmasına, xüsusilə həssas təbəqədən olan qadınların problemlərinin həllinə böyük diqqət yetirilir, regionlarda müvafiq dəstək və resurs mərkəzləri fəaliyyət göstərir. Ölkəmizdə qadınların hüquq və azadlıqlarının təmin olunması, gender bərabərliyi sahəsində dövlət və parlament səviyyəsində ardıcıl tədbirlər reallaşdırılır, qanunvericilik bazası daha da təkmilləşdirilir, mütərəqqi qanunlar qəbul edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın hüquqları və gender bərabərliyi ilə bağlı vacib qanunların qəbul edildiyini diqqətə çatdırıb, bu sahədə dövlət və parlament arasında nümunəvi əməkdaşlıqdan söz açıb. O, Azərbaycanın sahədəki təcrübəsinə bir sıra ölkələr tərəfindən böyük maraq göstərildiyini qeyd edib. Söhbət zamanı Azərbaycanda qadınların iqtisadi fəallığının artırılması, xüsusilə onların kənd təsərrüfatında uğurlu fəaliyyətinin təmin edilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, ölkəmizdə qadınların bilik və bacarıqlarının artırılması, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün maliyyə resurslarına çıxış imkanları asanlaşdırılır, qadın sahibkara aşağı faizli kreditlər ayrılır. Bu sahədə görülən işlər uğurlu nəticələr verir. Belə ki, Elektron Kənd Təsərrüfatı Sistemində qeydiyyatda olan 683 mindən çox fermerin 26 faizini qadın fermerlər təşkil edir. Həmçinin işğaldan azad olunan ərazilərin minalarla çirkənlədirilməsinin Qarabağda və Şərqi Zəngəzurda digər sahələrlə yanaşı, insanların, xüsusən qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə ciddi maneə olduğu da vurğulanıb. B.Muradova Bakıda keçiriləcək COP29 çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə 21 noyabr - Gender Bərabərliyi Günü münasibətilə beynəlxalq tədbirin keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycanın Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını vurğulayan Komitə sədri həmin tədbirdə iştirak etmək üçün ICESCO-nun Baş katibinin də dəvət olunduğunu bildirib.
Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı beynəlxalq konfransda iştirak edir
Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı beynəlxalq konfransda iştirak edir. Azərbaycan nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işə başlayan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə keçirilən "Pekin+30" Regional Baxış Görüşünün açılış mərasimində iştirak edib. BMT Baş katibinin müavini və Birləşmiş Millətlər Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra BMT Qadınlar Təşkilatının Normativ Dəstək, BMT Sistem Koordinasiyası və Proqram nəticələri üzrə icraçı direktorun müavini Nyaradzayi Qumbonzvanda və Parlamentlərarası İttifaqın Baş katibi, Beynəlxalq Gender Çempionları Qlobal Şurasının sədri Martin Çunqonq çıxış ediblər. “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” mövzusuna həsr olunan tədbirdə açılış çıxışlarından sonra təşkilati məsələlərə baxılıb, tədbirin gündəliyi səsə qoyularaq qəbul edilib və sədr seçilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova "Pekin+30" Regional Baxış Görüşünün "Avropa İqtisadi Komissiyası (ECE) Regionu üzrə gender bərabərliyi ilə bağlı əsas tendensiyalar" mövzusunda sessiyasında məruzə ilə çıxış edib. Azərbaycanın son otuz ildə bu sahədə qazandığı təcrübəni bölüşməyə hazır olduğunu vurğulayan B.Muradova qeyd edib ki, müstəqilliyimizin bərpasından sonra üzləşdiyi çağırışlara, ərazi və insan itkilərinə baxmayaraq, bərabər hüquqlar məsələsi ölkəmiz üçün yalnız öhdəlik kimi deyil, həm də milli dəyər kimi qəbul edilib. Ölkədə bu sahədəki qanunvericilik bazasından söz açan sədr məlumat verib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı 10 qanun, 12 normativ akt, 4 fəaliyyət planı, 1 strategiya qəbul edilərək həyata keçirilib, CEDAW tövsiyələrinə uyğun olaraq, gender bərabərliyi ilə bağlı problemləri həll etmək üçün yeni hüquqi tədbirlər reallaşdırılıb. Hazırda ailə qanunvericiliyinin təkmilləşdirilməsi, Məişət Zorakılığına qarşı ikinci Milli Fəaliyyət Planının və Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsinin hazırlanması üzərində iş aparılır. Qadınlar üçün iş məhdudiyyətlərinin azaldıldığını, ödənişli atalıq məzuniyyəti haqqında yeni qanunun hazırlandığını vurğulayan B.Muradova, gender bərabərliyini təşviq etmək, qadınların səlahiyyətlərini artırmaq, məişət zorakılığına qarşı mübarizə aparmaq, həm mərkəzi, həm də yerli səviyyədə monitorinq qrupları kimi institusional mexanizmləri gücləndirmək üçün qanunvericiliyə dəyişikliklər edildiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, Birinci Pekin Konfransından ötən müddətdə Azərbaycan öhdəliklərini həyata keçirmək və qadınlarımızın səlahiyyətlərini gücləndirməyə kömək etmək üçün daim çalışıb. Belə ki, beş dəfə Azərbaycan Qadınlarının Qurultayı və bir dəfə Forumu keçirilib. İctimai-siyasi həyatda da mühüm irəliləyişlər əldə olunub. DİM kontekstində Dayanıqlı İnkişaf üzrə Milli Koordinasiya Şurası "2030 Gündəliyi" öhdəliklərinə nəzarət etdiyini bildirən sədr diqqətə çatdırıb ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasına dair dördüncü Könüllü Milli Hesabatını təqdim edən regionda ilk və dünyanın beş ölkəsindən biridir. Növbəti ayda Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini xatırladan B.Muradova konfrans çərçivəsində “Gender Günü”nün təşkil olunacağını vurğulayıb. Ölkəmizdə qadınların təhsil imkanlarının genişləndirilməsi məsələsinə də toxunan Komitə sədri bildirib ki, həssas qruplar xüsusi təqaüd proqramları vasitəsilə dəstəklənir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə Biznesinə Asan Dəstək (ABAD), Azərbaycan Kənd Qadınları və Qadın Sahibkarlıq assosiasiyaları, o cümlədən Qadın Resurs mərkəzləri qadınların imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd edən B. Muradova əlavə edib ki, buna görə də biz Pekin Bəyannaməsinə sadiq qalırıq və qadınların bütün sahələrdə bərabər iştirakına töhfə verməyə davam edəcəyik. Tədbir çərçivəsində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının həyata keçirilməsi istiqamətində regional tərəqqi və problemlər haqqında üzv dövlətlərin və vətəndaş cəmiyyətinin bəyanatları qəbul olunub. "Pekin+30" Regional Baxış Görüşünə oktyabrın 22-də yekun vurulacaq.
Bahar Muradova “Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” adlı yan tədbirdə çıxış edib
Cenevrədə keçirilən “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” görüşü çərçivəsində “Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” adlı yan tədbir təşkil edilib. Tədbirin moderatoru, BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones mühüm mövzuya həsr olunan tədbirin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul olunmasının gender bərabərliyinin qlobal əhəmiyyətini artırdığını və qadınların hüquqlarının müdafiəsi və onların iqtisadi gücləndirilməsi sahəsində müsbət nəticələrə gətirib çıxardığını vurğulayıb. B. Muradova, bu illər ərzində əldə edilən bir sıra müsbət rəqəmləri diqqətə çatdırıraq, ölkəmizdə qadınların kənd təsərrüfatı təhsilində iştirakını və müxtəlif layihələr vasitəsilə ixtisaslaşmalarını təşviq etməyə xüsusi diqqət yetirildiyini bildirib. O, Azərbaycanın Pekin Bəyannaməsinin 12 kritik sahəsinə sadiq olduğunu xatırladaraq, yan tədbirin rəqəmsallaşmanın yüksək standartlarını hədəfləyən islahatlar və texnologiyalar vasitəsilə gələcək fəaliyyətləri planlaşdırmaq və proqnozlaşdırmaq imkanı verəcəyinə inamını ifadə edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında gender bərabərliyinin inkişafı və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasının son vaxtlar beynəlxalq maliyyə mühitində əsas müzakirə mövzularından olduğunu qeyd edərək deyib ki, əmək bazarlarında gender fərqinin daralması inkişaf etməkdə olan bazarlarda və iqtisadiyyatlarda ümumi daxili məhsulun artırılmasına töhfə verə bilər. Kənd təsərrüfatının iqtisadiyyatın inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd edən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ölkədə kənd təsərrüfatı sahəsində qadın sahibkarların fəaliyyəti və onlar üçün yaradılan imkanlardan danışıb. Tədbirin davamında digər çıxışlar dinlənilib və müzakirə aparılıb. Qeyd edək ki, yan tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan), UN Women və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Ofislərinin (Food and Agriculture Organization of the United Nations (FAO)) birgə təşkilatçılığı ilə keçirilib.
Dövlət Komitəsinin sədri Bahar Muradova Cenevrədə səfərdədir
Azərbaycanın müvafiq dövlət qurumları nümayəndələrinin təmsil olunduğu nüməyəndə heyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Cenevrədə keçirilən “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” məqsədilə görüşdə iştirak edir. Görüşün təşkilatçıları Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisidir (UN Women Europe and Central Asia). Qeyd edək ki, görüşdən öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan), UN Women və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Ofislərinin (Food and Agriculture Organization of the United Nations (FAO)) birgə təşkilatçılığı ilə yan tədbir təşkil edilib.