“Ailə və uşaq məsələləri üzrə mütəxəssislərin peşəkarlığının artırılması” layihəsi
Paylaş:
“Ailə və uşaq məsələləri üzrə mütəxəssislərin peşəkarlığının artırılması” layihəsi 2023–2025-ci illər ərzində ölkədə ailə və uşaq sahəsində fəaliyyət göstərən psixoloq, sosial işçi, mediator və digər müvafiq mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə həyata keçirilmiş kompleks təlim proqramlarını əhatə edir. Layihənin əsas məqsədi ailələrin sosial müdafiəsi, uşaqların inkişafı, nikah və ailə münasibətlərinin möhkəmləndirilməsi, habelə çətin həyat şəraitində olan və həssas qruplara aid uşaqlarla psixoloji və sosial işin daha peşəkar şəkildə aparılmasını təmin etməkdir.
Layihə çərçivəsində 2023-cü ildə iki təlim təşkil olunub. 25–28 sentyabr tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən “Ailə və nikah institutunu dəstəkləyən əsas mexanizmlər” mövzusunda keçirilən 4 günlük təlim-seminar ailələrlə çalışan 30 psixoloqun peşəkar hazırlığını gücləndirib, əlavə olaraq 60 gənc ailənin iştirakı ilə maarifləndirmə işi genişləndirilib. Təlimdə ailə münasibətlərinin idarə olunması, nikahın sosial-sosioloji əsasları, psixoloji dəstək mexanizmləri və ailədaxili problemlərin həlli üzrə müzakirələr aparılıb. 10–13 oktyabr tarixlərində isə Bakı şəhəri Sabunçu rayonunda uşaq inkişafı üzrə mütəxəssislər üçün Türkiyəli klinik psixoloq Fundem Ecenin iştirakı ilə “Bağlanma nəzəriyyəsi ilə oyun terapiyasının əlaqəsi” və “Uşaqlarda diqqət əksikliyi və hiperaktiv pozuntu” mövzularında 4 günlük təlim baş tutub. Təlimdə 100-ə yaxın psixoloq və sosial işçi interaktiv qrup işləri, praktiki tapşırıqlar və real iş nümunələri əsasında erkən uşaqlıq dövründə davranış problemlərinin qiymətləndirilməsi və müdaxilə yolları üzrə təcrübələrini artırıb, təlim sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
2025-ci ildə layihə çərçivəsində daha iki istiqamətdə təlimlər keçirilib. 24–26 sentyabr tarixlərində çətin həyat şəraitində olan uşaqlar və ailələrlə işləyən mütəxəssislər üçün keçirilən təlimlərdə Türkiyədən dəvət olunmuş ekspertlər tərəfindən sosial müdafiə mexanizmləri, risk qruplarının müəyyən olunması, psixoloji müdaxilə və sosial reabilitasiya yanaşmaları üzrə praktiki biliklər təqdim edilib. Təlimlər mütəxəssislərin real iş prosesində rastlaşdıqları çağırışlara dair bilik və bacarıqlarını gücləndirməyə yönəlib.
Bundan başqa, 2025-ci ilin iyul və oktyabr aylarında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mediasiya Şurası ilə əməkdaşlığı çərçivəsində ailədaxili mübahisələrin həllində mediatorların peşəkarlığının artırılmasına yönəlmiş seminarlar keçirilib. Türkiyəli mütəxəssis Yasemin Güllüoğlunun iştirakı ilə aparılan təqdimatlarda müasir mediasiya metodları, ailə hüququnda mübahisələrin sülh yolu ilə həlli, tərəflər arasında dialoqun qurulması və mediatorların etik davranış kodeksinə dair təcrübələr paylaşılıb.
Layihə çərçivəsində keçirilən təlimlər ümumilikdə yüzlərlə mütəxəssisi əhatə edərək, ölkədə ailə və uşaq sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, peşəkar resursların gücləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verib.
Keçid linkləri:
Uşaq inkişafı mütəxəssisləri üçün 4 günlük təlim
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi