Media
Press relizlər
“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlər keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə birgə 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir.
Layihənin əsas məqsədi qızların bilik və bacarıqlarının inkişaf etdirilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması, özünəinam hissinin artırılması və ictimai fəallığının gücləndirilməsidir. Eyni zamanda layihə gender bərabərliyinin təşviqi, qadınların və qızların hüquq və imkanlarının genişləndirilməsi, onların cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin olunması istiqamətində əhəmiyyətli platformadır.
Layihə çərçivəsində 2024-2025-ci illərdə Gəncə, Şəki, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Zaqatala, Qax, Masallı, Quba, Xaçmaz, İmişli, Ucar, Göyçay, Saatlı, Şamaxı rayonlarında müxtəlif sahələrdə uğur qazanmış qadınlarla regionlarda yaşayan gənc qızlar arasında TEDx formatında görüşlər keçirilmişdir. görüşlər qızların və qadınların təhsil, karyera, sosial fəaliyyət və qərarvermə proseslərində iştirakını təşviq edir.
Görüşlərin cari il ərzində Xankəndi, Lənkəran şəhərlərində, İsmayıllı, Oğuz, Qazax rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.
Növbəti görüşlər 22 may 2026-cı il tarixində saat 11.00-13.00-da İsmayıllı şəhəri 5 nömrəli Tam Orta Məktəbdə, 25 may 2026-cı il tarixində saat 11.00-13.00-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi