Media

Press relizlər

“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçiriləcək

24 noyabr 2026 16:35

Paylaş:

25 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçiriləcəkdir.

Seminar Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq Kampaniyası çərçivəsində təşkil olunur.

Tədbirin əsas məqsədi gənclər arasında gender əsaslı zorakılıqla bağlı məlumatlılığın artırılması, zorakılığın müxtəlif formalarının tanıdılması, bu halların qarşısının alınması yollarının təşviqi, eləcə də zorakılığa məruz qalan şəxslərin hüquqları və müdafiə mexanizmləri barədə biliklərin genişləndirilməsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova seminarda açılış nitqi ilə çıxış edəcəkdir.

Seminar çərçivəsində iştirakçılara gender əsaslı zorakılığın mahiyyəti, əsas növləri və təzahür formaları, zorakılığın qarşısının alınması və onunla mübarizə mexanizmləri, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və müvafiq dəstək xidmətlərinə yönləndirilməsi qaydaları, eləcə də bu sahədə mövcud olan milli qanunvericiliyin və beynəlxalq hüquqi sənədlərin tələbləri barədə ətraflı məlumat veriləcəkdir.

Ekspert Abel Bayramovun təqdimatında keçiriləcək seminarda mövzu real həyat nümunələri və interaktiv müzakirələr əsasında izah olunacaq, iştirakçıların gender əsaslı zorakılıq hallarının müəyyən edilməsi, düzgün qiymətləndirilməsi və belə hallara adekvat yanaşma ilə bağlı bilik və məlumatlılığının artırılmasına diqqət yetiriləcəkdir. Eyni zamanda, iştirakçıların sualları cavablandırılacaq və mövzu ətrafında fikir mübadiləsi aparılacaqdır.

Seminarda 70 nəfər tələbə – qız və oğlan, həmçinin “Qızların təhsilinə dəstək” layihəsinin iştirakçısı olan tələbə qızlar da iştirak edəcəkdir.