Media
Press relizlər
“AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Paylaş:
14 aprel 2026-cı il tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı keçiriləcək.
Konfrans çərçivəsində “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda yan tədbir, “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə” və “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda panel müzakirələri təşkil ediləcək.
Azərbaycan Respublikasının AQEM-ə sədrliyi çərçivəsində təşkil olunan bu mühüm tədbir qadınların davamlı inkişaf proseslərində rolunun gücləndirilməsi, onların iqtisadi və sosial həyatda iştirakının genişləndirilməsi baxımından vacib platforma rolunu oynayacaq.
Konfrans zamanı AQEM-ə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri və akademik dairələrin təmsilçiləri bir araya gələrək qadınların davamlı inkişaf məqsədlərinə töhfəsi, rəqəmsallaşma və özəl sektor sahələrində iştirakının artırılması, innovativ və davamlı sahibkarlığın təşviqi, eləcə də ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizədə qadınların rolu kimi aktual məsələləri müzakirə edəcəklər.
Eyni zamanda, tədbir çərçivəsində təcrübə və qabaqcıl yanaşmaların mübadiləsi aparılacaq, qadınların imkanlarının genişləndirilməsinə yönəlmiş milli və regional təşəbbüslər diqqət mərkəzində olacaq.
Konfransın davamı olaraq AQEM Qadınlar Şurasının ilk iclası baş tutacaq. İclas üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatını rəsmi olaraq tətbiq edəcək. İclasda üzv dövlətlərin çıxışları dinləniləcək, davamlı artıma qadınların töhfəsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Müzakirələrin yekunu olaraq Şuranın mandatına uyğun olaraq tövsiyələrin qəbul edilməsi nəzərdə tutulur.
Tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və AQEM-in Baş katibi Kayrat Sarıbayın beynəlxalq konfransa və AQEM Qadınlar Şurasının ilk iclasına həsr olunmuş brifinqi də keçiriləcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi