Dövlət Komitəsi sədrinin BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə Regional Bürosunun Direktorunun müavini ilə görüşü keçirilib
Paylaş:
13 fevral 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova ilə BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə Regional Bürosunun Direktorunun müavini cənab Rastislav Vrbenskinin görüşü keçirilib.
Görüşdə, eyni zamanda, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi /BMTİP-in rezident nümayəndəsi cənab Qulam İsakzai, BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndənin müavini cənab Alessandro Frakassetti və başqaları iştirak edib.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonaqları salamlayaraq, bildirib ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.
Görüş çərçivəsində Hicran Hüseynova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qadın siyasətinin keçirilməsi ilə bağlı dəstəyini qeyd edib.
Dövlət Komitəsinin sədri “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsinin həyata keçirilməsini də qeyd edərək, bildirib ki, layihənin əsas məqsədi kənd qadınlarının işgüzar və sosial fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək göstərməkdir.
Görüşdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, BMT-nin Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya dair ölkənin növbəti hesabatının hazırlanması və digər məsələlərlə bağlı müzakirələr keçirilib. Eyni zamanda, görüşdə qadın sahibkarlığının inkişafı, qadın resurs mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, ikitərəfli əməkdaşlığın səviyyəsinin artırılması və digər mövzular haqqında danışıqlar aparılıb.