“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir Masallı rayonunda keçirilib

1 fevral 2018

Paylaş:

        Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə 2017-ci ildən etibarən start verilən “Ailə Akademiyası” layihəsi uğurla davam etdirilir.

        Layihənin davamı olaraq, növbəti regional tədbir Masallı rayon İcra Hakimiyyəti ilə birgə Masallı, Salyan, Biləsuvar, Neftçala, Cəlilabad, Lerik, Yardımlı, Astara rayonlarının və Lənkəran şəhərinin aktiv bələdiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə 30 yanvar 2018-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilib.

        Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirərək layihənin xüsusilə də gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

        Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Masallı rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib.

        Aynur Sofiyeva çıxışı zamanı bildirdi ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Bununla yanaşı qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib. “Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən Aynur Sofiyeva, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb. Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, qəbul edilən qanunlardan söhbət açan Aynur Sofiyeva bildirdi ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb.

         “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib. Çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun  Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor Rəna Mirzəzadə layihənin əhəmiyyətini qeyd edərək,  gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasındakı vacibliyini xüsusi vurğulayıb. Rəna Mirzəzadə ailə institutuna olan təsirlərin  aradan qaldırılmasında birbaşa cəmiyyətin əsas rolunun olduğunu və onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Lənkəran Regional Ədliyyə şöbəsinin əməkdaşı Çingiz Cavadov, Masallı rayonu Kolatan bələdiyyəsinin sədri Elçin Sadıqov, rayon üzrə din xadimi Nəcəfqulu Quliyev, rayon üzrə fəal gənc  Sübhan Şiriyev, Biləsuvar şəhər bələdiyyəsinin sədri İlqar Abbasov, Astara rayonu Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva  “Ailə dəyərlərinin müqəddəsliyi”, “Ailə münaqişələri və həlli yolları”, “Ailə dəyərləri və müasir gənclik”, “Ailə dəyərləri və prinsipləri” mövzuları əsasında milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan bəhs ediblər.

Daha sonra rayon Ağsaqqallar Şurasının üzvü, rayon ziyalısı Qardaş Fətullayev çıxış edərək qloballaşma dövründə ailə institutuna olan təsirlər fonunda dünyanın müxtəlif ölkələrində tətbiq olunan ailə məhkəməsi institutunun yaradılmasının vacibliyini diqqətə çəkib. Yaşlı nəsil ilə gənc nəslin dialoqunun təşkili baxımından da layihənin əhəmiyyətini xüsusi vurğulayan Qardaş Fəttulayev tədbirdə iştirak edən rayon üzrə gənc ailəyə öz tövsiyələrini bildirərək ona qiymətli hədiyyə təqdim edib.

    Tədbir yekunlaşdıqdan sonra qonaqların iştirakı ilə Masallı şəhər bələdiyyəsinin
“Ailə Akademiyası” layihəsi çərçivəsində hazırladığı təlimə baxış keçirilib.

         Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.