Sabunçu rayonu Maştağa Mədəniyyət Evində erkən nikahlara aid tədbir keçirilib
Paylaş:
24 yanvar 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Maştağa qəsəbəsində yerləşən 22, 108, 128, 187, 209, 255, 293 nömrəli məktəblərin direktor, şagird, müəllim və valideyn kollektivinin iştirakı ilə Maştağa Mədəniyyət Evində “Erkən nikahlara son!” adlı maarifləndirici tədbir həyata keçirilib.
Tədbir Maştağa məktəblilərinin çəkdiyi rəsmlərdən ibarət sərgiyə baxışla başlamışdır.
Tədbirdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, AMEA-nın Fəlsəfə İnstitunun Siyasətin fəlsəfəsi şöbəsinin müdiri Rəna Mirzəzadə, Milli Məclisin üzvü Dilarə Cəbrayılova, “Rəhimə Xanım ziyarətgahı” məscid Dini İcmanın sədri Musa Qasımov və 209 nömrəli məktəbin müəllimi Əzizə Quliyeva çıxış edib.
Tədbirdə erkən nikah və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik, Komitə və İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.
Tədbir mövzu ilə bağlı hazırlanan video-çarxın nümayişi ilə davam etdirilib.
Sonda qonaqlar tərəfindən məktəbliləri maraqlandıran sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.