Samux rayon İcra Hakimiyyəti ilə birgə Samux rayon Əhmədbəyli kənd məktəbində tədbir keçirilmişdir

23 sentyabr 2015

Paylaş:

Dövlət ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması və ailə həyatına hazırlığı, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq paytaxtda və regionlarda maarifləndirmə tədbirləri həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı layihə çərçivəsində növbəti tədbir 4 sentyabr 2015-ci il tarixində Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

    Tədbir “Azərbaycan ailəsi” filmlər festivalının iştirakçısı olmuş “Fəridin dünyası” və “Ağ-qara” filmlərinin nümayişi ilə başlayıb.

    Tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bütün qonaqları, tədbir iştirakçılarını salamladıqdan sonra bu cür layihələrin keçirilməsinin əhəmiyyətindən söz açıb.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova çıxışı zamanı Azərbaycan ailəsinə məxsus dəyərlərin qorunub saxlanılmasından və gələcək nəsillərə, Avropa dövlətlərinə örnək olmasının vacibliyindən söhbət açıb, Respublikamızda bu istiqamətdə aparılan uğurlu dövlət siyasətinin əhəmiyyətini vurğulayıb. Komitə tərəfindən mütəmadi olaraq ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edən S.Qəhrəmanova, yerli icra hakimiyyəti orqanlarına bu işdə göstərdikləri dəstəyə görə minətdarlıq edib.

     Daha sonra Samux rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev, Samux rayon, Alabaşlı qəsəbəsi 1 saylı tam orta məktəbin direktoru Maihzə Məmmədova, Samux rayon Polis şöbəsinin məsul əməkdaşı İlqar Verdiyev, Samux rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Samux rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rəhim İmanquliyev, Zemfira Ağayeva mövzu ətrafında çıxışlar ediblər.

           Tədbirdə həmçinin rayon icra hakimiyyətinin, daxili işlər orqanlarının nümayəndələri, təhsil işçiləri, ağsaqqallar, ağbirçəklər və gənclər iştirak ediblər. Tədbir ərzində maraqlı təkliflər səslənib və fikir mübadiləsi aparılıb, sonda yekun söz söylənilib və tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanmış məlumatlandırma vəsaitləri paylanılıb.