Siyəzən rayonunda “Bizim gücümüz birliyimizdədir” adlı layihənin növbəti tədbiri həyata keçirilib
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Bizim gücümüz birliyimizdədir“ adlı layihə çərçivəsində növbəti tədbir 14 avqust 2015-ci il tarixində Siyəzən rayonunun Mədəniyyət evində keçirilib.
Layihənin əsas məqsədi Azərbaycan ailəsinə xas dəyərlərin, eləcə də sağlam həyat tərzinin təbliğ olunması, ailələrin asudə vaxtının səmərəli şəkildə təşkilidir.
Tədbiri giriş sözü ilə açan Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova tədbir iştirakçılarını salamlayaraq, bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb.
Sonra çıxış üçün söz Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya verilib. A.Sofiyeva öz çıxışında dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə geniş məlumat verərək, milli-mənəvi və ailə dəyərlərimizin qorunmasının vacibliyini qeyd edib.
Aynur Sofiyeva Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülən işlərdən, eləcə də əldə olunmuş nailiyyətlərdən söz açıb.
Tədbir zamanı Siyəzən rayon Təhsil şöbəsinin müdiri Günel Ağayeva, Siyəzən Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Şəmşad Əliyev, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Siyəzən Rayon Ağsaqqallar Şurasının sədri Qələmşah Babayev, Siyəzən Rayon Səhiyyə İdarəsinin əməkdaşı Töhfə Əzimova, həmçinin digər tədbir iştirakçıları məişət zorakılığı, təhsil, səhiyyə, gənclərin asudə vaxtının səmərəli təşkili və digər mövzular ətrafında çıxışlar edib və bu mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda Komitə tərəfindən hazırlanmış və çap olunmuş maarifləndirmə vəsaitləri tədbir iştirakçılar arasında paylanılıb.