“Mən həyatı seçirəm” adlı layihə çərçivəsində növbəti tədbir Bakı İdarəetmə və Texnologiya Kollecində keçirildi
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.
Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir 13 dekabr 2017-ci il tarixində Bakı İdarəetmə və Texnologiyalar Kollecində komitə əməkdaşlarının və ekspert qismində “Sağlam ailə” Tibb Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı İdarəetmə və Texnologiyalar Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov tədbir iştirakçılarını salamlayıb, problemin aktuallığını qeyd edərək, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva Komitənin fəaliyyət istiqamətlərindən, xüsusilə də ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən layihələrdən söhbət açaraq hal-hazırda respublikamızda hər 3 istiqamətin prioritet olduğunu bildirib.
Daha sonra “Sağlam ailə” tibb mərkəzinin həkim-ginekoloqu Nuridə Zeynalova mövzu ilə bağlı təqdimatla çıxış edərək gənclərin səhhətlərində yarana biləcək xəstəliklər və bu xəstəliklərdən qorunmağın yolları haqqında geniş məlumat verib. Nuridə Zeynalova gənclərə ailə qurmadan öncə əməl etməli olduqları məsələlər, qan yol ilə keçən müxtəlif xəstəliklər haqqında informasiya verilməsinin zəruri olduğunu qeyd edib. Sonra mövzu ətrafında müzakirələr aparılıb və kollec tələbələrini maraqlandıran suallara cavab verilib.
Tədbirin sonunda Komitə tərəfindən hazırlanmış və çap olunmuş maarifləndirmə materialları Kollecin kitabxanasına təqdim olunmuşdur.