Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi

12 dekabr 2017

Paylaş:

12 dekabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Fəxri Xiyabanda Ulu Öndərin məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Tədbir Dahi şəxsiyyətin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında danışıb. O bildirib ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi yüksəlişinin təmin edilməsi, beynəlxalq nüfuzunun artırılması böyük siyasi və ictimai xadimin səyləri nəticəsində mümkün olmuşdur: “1993-cü ildə Respublikamızın tarixinin həlledici dövrlərində Ulu Öndər Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi bu istiqamətlərin inkişafına da güclü stimul verdi”.

Komitə sədri Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin dövlət qadın siyasəti olduğunu qeyd edərək bildirib ki, 1995-ci ildə Pekində keçirilmiş “VI Ümumdünya Qadın Konfransı”nda Azərbaycan qadınlarının iştirakı müasir qadın hərəkatına yeni nəfəs gətirdi: “Qeyd etmək lazımdır ki, Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20%-ni itirən, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan ölkəmizin qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edirdi. Konfransda qadınların cəmiyyətdə vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi və dünyanın 189 ölkəsi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində Pekin Bəyannaməsi və Fəaliyyət Platforması qəbul etdi. Bu gün qürurla deyə bilərik ki, həmin konfransda ölkəmizi layiqincə təmsil etmiş qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər”. Hicran Hüseynova bildirib ki, müstəqillik əldə edildikdən sonra, böyük siyasi iradə tələb edən məsələlərdən biri də ölkəmizdə bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun yaradılması idi. Bunun nəticəsi olaraq, Ulu Öndərin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə  Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkə rəhbərinin "Azərbaycanda qadınların rolunun artırılması",“Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. ​Bu da ölkəmizdə qadınların statusunun artırılmasına verilən dəyərin yüksək göstəricisi olmuşdur. 

Komitə sədri diqqətə çatdırıb ki, zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Yarandığı gündən etibarən Komitə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahələrindəvahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsi və inkişafını təmin edir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Ötən müddət ərzində müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş vermişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan kompleks islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Əlbəttə ki, ölkənin inkişafı vətəndaşların da yaşayışına müsbət təsir göstərir.”

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev çağdaş tariximizdə müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan görkəmli şəxsiyyət, nüfuzlu rəhbər kimi əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti dünya məkanında özünə layiqli yer tutub.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, "BDU-nun “Ekoloji kimya" kafedrasının müdiri Sevinc Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək, Ümummilli Liderin respublikamızın bütün sahələr üzrə inkişafı, ölkəmizin dünyaya tanıdılması istiqamətində gördüyü işləri, öz xalqı və dövləti qarşısında misilsiz xidmətləri vurğulayıblar, eyni zamanda, Ulu Öndərlə olan xatirələrini bölüşüblər.  Qeyd olunub ki, böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev müxtəlif sahələrdə çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini hər zaman diqqətlə izləyib, onların hüquqlarının qorunması istiqamətində mühüm işlər görüb.

Sonda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub.