Azərbaycan Xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini qürurla anırıq!

12 dekabr 2017

Paylaş:

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.

O, böyük siyasi və dövlət xadimi, xalqın ümummilli lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının ulu öndərin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.

1993-cü ildə Respublikamızın tarixinin həlledici dövrlərində Ulu Öndər Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi bu istiqamətlərin inkişafına da güclü stimul verdi. 1995-ci ildə Pekində keçirilmiş “VI Ümumdünya Qadın Konfransı”nda Azərbaycan qadınlarının iştirakı isə müasir qadın hərəkatına yeni nəfəs gətirdi. Qeyd etmək lazımdır ki, Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20%-ni itirən, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan ölkəmizin qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edirdi. Konfransda qadınların cəmiyyətdə vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi və dünyanın 189 ölkəsi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində Pekin Bəyannaməsi və Fəaliyyət Platforması qəbul etdi. Bu gün qürurla deyə bilərik ki, həmin konfransda ölkəmizi layiqincə təmsil etmiş qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər.

Müstəqillik əldə edildikdən sonra, böyük siyasi iradə tələb edən məsələlərdən biri də ölkəmizdə bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun yaradılması idi. Bunun nəticəsi olaraq, Ulu Öndərin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə  Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkə rəhbərinin "Azərbaycanda qadınların rolunun artırılması",“Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. ​Bu da ölkəmizdə qadınların statusunun artırılmasına verilən dəyərin yüksək göstəricisi olmuşdur. 

Ulu Öndərimizin xatirəsini dərin hüznlə yad edirik.