“Mən həyatı seçirəm” adlı layihə çərçivəsində növbəti tədbir Bakı Qida Sənayəsi Kollecində keçirildi

8 dekabr 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir 8 dekabr 2017-ci il tarixində Bakı Qida Sənayəsi Kollecində komitə əməkdaşlarının və  ekspert qismində “Sağlam ailə” Tibb Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Qida Sənayəsi Kollecinin Təlim-tərbiyə işləri üzrə  direktor müavini Orxan Süleymanzadə tədbir iştirakçılarını salamlayıb, problemin aktuallığını qeyd edərək, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova Komitənin fəaliyyət istiqamətlərindən, xüsusilə də ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən layihələrdən söhbət açaraq hal-hazırda respublikamızda hər 3 istiqamətin prioritet olduğunu bildirib.

“Sağlam ailə” tibb mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmli çıxış edərək layihənin gənc nəslin sağlam ruhda yetişməsində əhəmiyyətini vurğulayıb .

Daha sonra “Sağlam ailə” tibb mərkəzinin həkim-ginekoloqu Nuridə Zeynalova mövzu ilə bağlı təqdimatla çıxış edərək gənclərin səhhətlərində yarana biləcək xəstəliklər və bu xəstəliklərdən qorunmağın yolları haqqında geniş məlumat verib. Nuridə Zeynalova gənclərə ailə qurmadan öncə əməl etməli olduqları məsələlər, qan yol ilə keçən müxtəlif xəstəliklər haqqında informasiya verilməsinin zəruri olduğunu qeyd edib. Sonra mövzu ətrafında müzakirələr aparılıb və kollec tələbələrini maraqlandıran suallara cavab verilib.

Sonda kollecin kitabxanasına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.