“İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Bakı Biznes və Kooperasiya Kollecində keçiriləcək
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə gənclər arasında insan alveri və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.
Bu istiqamətdə görülən işlərin davamı olaraq, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə, “İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir 4 dekabr 2017-ci il tarixində saat 11:30-da Bakı Biznes və Kooperasiya Kollecində Komitə əməkdaşlarının və eləcə də aidiyyatı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə kollec tələbələri üçün keçiriləcəkdir.
Layihənin əsas məqsədi tələbələrin insan alveri probleminin mahiyyəti, mövcud vəziyyət və mübarizə üsulları, eləcə də insan alverinin yaratdığı fəsadlar barəsində məlumatlandırılmasından ibarətdir. Keçiriləcək tədbirdə “İnsan alverinin qurbanı olma” adlı təqdimatın və Komitə tərəfindən keçirilən “Azərbaycan Ailəsi” film festivalına təqdim edilmiş insan alverinə qarşı mübarizəyə həsr olunmuş “Günahkarlar yoxsa günahsızlar” adlı filmin nümayişi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində keçiriləcək tədbirdə Komitə tərəfindən hazırlanmış və çap edilmiş maarifləndirmə vəsaitlərinin paylanılması və müzakirələrin aparılması planlaşdırılır.