Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil edilmiş peşə kurslarını uğurla bitirməsi ilə bağlı şəhadətnamələrin təqdim edilməsi mərasimi keçirilib

7 iyun 2015

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.4.6 bəndinə əsasən internat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna köməklik göstərilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq və gənclərin müxtəlif kurslara yönəldilməsi istiqamətində işlər aparılır.

Bu istiqamətdə növbəti kurslar aşpaz köməkçisi peşəsi üzrə Komitənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığı çərçivəsində 4 may- 4 avqust 2015-ci il tarixlərində 11 nömrəli İnteqrasiya təlimli İnternat məktəbində təhsil alan kimsəsiz, valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqlar üçün Bakı Regional Peşə Tədris Mərkəzində keçirilib. Peşə təlimi zamanı uşaqlara qayğı ilə yanaşılıb, müvafiq nəzəri və praktik biliklərə lazımi səviyyədə yiyələnmələri üçün bütün işlər görülüb. İnternat məktəbini və peşə hazırlığı kursunu eyni vaxtda başa vuran bu gənclərin yenicə yiyələndikləri peşə bacarıqları onların əmək bazarına çıxışının asanlaşmasına imkan yaratmaqla, səmərəli məşğulluqlarının təminatına mühüm dəstəkdir.

14 avqust, 2015-ci il tarixində peşə kurslarına cəlb edilən uşaqlara şəhadətnamələrin təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və müdir müavini Aidə Seyidli, Bakı Regional Peşə Tədris Mərkəzinin direktoru Rafiq İsayev və 11 nömrəli İnteqrasiya təlimli İnternat məktəbinin direkoru Gülnarə Abdullayeva iştirak ediblər.

Tədbirdə kursu bitirən gənclərin öz peşələri üzrə münasib iş yerləri ilə təmin olunmalarının diqqətdə saxlanacağı vurğulanıb, habelə peşə hazırlığı kursunu bitirən gənclər həmişə diqqət və qayğı ilə əhatə olunmalarına, onların gələcək məşğulluqlarının təmin olunması üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.