‬ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan ilə görüşüb

20 noyabr 2017

Paylaş:

‪Noyabrın 20-də ‬ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQPUDK) sədri Hicran Hüseynova UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan ilə görüşüb.

Görüşdə Hicran Hüseynova Bakıda keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun əhəmiyyətindən danışıb. Bildirib ki, bu Forumda uşaqların fəallığının, onların inkişafı istiqamətində görülən işlərin nəticələrinin şahidi olduq. “Belə inkişafı yalnız dövlət tərəfindən güclü siyasət təşkil olunanda görmək mümkündür. Azərbaycanda bu sahədə də güclü siyasət təşkil olunub. Bu gün Azərbaycanda müxtəlif sahələrdə - təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində uşaqlar üçün hər cür şərait yaradılıb. Çalışırıq ki, uşaqlarımız üçün yaradılan imkanlar gündən-günə genişlənsin”,- Komitə sədri vurğulayıb.

Hicran Hüseynova Azərbaycanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib. Qeyd edilib ki, Azərbaycanda bu gün uşaqlarla bağlı 200-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bütün bu görülən işlər uşaqların inkişafında mühüm əhəmiyyət kəsb edir.

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan deyib ki, Forumda uşaqların fəallıqla iştirakı ilhamvericidir. Uşaqların yeni ideyaları gələcək fəaliyyət üçün bir addımdır. Bu məsələdə vətəndaş cəmiyyəti ilə Azərbaycan dövlətinin işbirliyi bu işin daha məqsədyönlü, səmərəli aparılması üçün təməl rolunu oynayır. Bu işbirliyinin nəticəsində müsbət nəticələr əldə edilir.