18 aprel tarixində Xətai rayonunda məktəb psixoloqlarının iştirakı ilə tədbir keçirilmişdir

18 aprel 2014

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə “Ailə, məktəb və cəmiyyət” adlı layihəsi çərçivəsində Bakı şəhərinin orta məktəblərində tədbirlər davam etdirilir.Layihə çərçivəsində növbəti tədbir 18 aprel tarixində Xətai rayonunda yerləşən 27 saylı orta məktəbdə rayonun məktəb, lisey psixoloqlarının iştirakı ilə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Komitənin “Ailə Problemləri” şöbəsinin müdir müavini Kamila Əliyeva bu tipli layihələrin keçirilməsinin önəmindən bəhs etmiş, Komitə tərəfindən müxtəlif istiqamətlərdə mütəmadi olaraq maarifləndirmə tədbirlərinin həyata keçirildiyini, cəmiyyət üzvləri arasında keçirilən bu cür layihələrin müsbət nəticələrinin önəmini qeyd etmişdir. Kamila Əliyeva gənc nəslin adət-ənənələrə uyğun olaraq tərbiyə edilməsinin, onların valideynlərə, yaşlı nəslə qarşı olan münasibətinin öyrənilməsinin, ailədaxili psixoloji iqlimin və ailədaxili münasibətlərin uşaqların psixoloji durumuna göstərdiyi təsirlərin öyrənilməsinin və s. bu tipli məsələlərin daima Komitənin diqqətində olduğunu vurğulamışdır. Layihənin əsas məqsədinin məktəb psixoloqlarının işinin gücləndirilməsinə və daha səmərəli təşkilinə yönəldildiyini qeyd edən Kamila Əliyeva tədbir iştirakçılarını müzakirələrdə aktiv olmağa, öz təcrübələrini bölüşməyə dəvət etmişdir.

Mövzular ətrafında statistik məlumatlar verildikdən sonra çıxış üçün söz Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəlliməsi, psixoloq Vəfa Kərimovaya verilmişdir. Vəfa Kərimova müasir dövrdə məktəb psixoloqlarının üzərinə böyük öhdəliklərin düşdüyünü, bu peşənin məsuliyyətli həmçinin çox vacib olduğunu qeyd etmişdir. Tədbir iştirakçılarına ailənin psixoloji iqliminə təsir edən amillər (ailədaxili münasibətlərin və ailə zorakılığının uşaqların təlim fəaliyyətinə, davranışına, psixoloji durumuna təsiri, ailədə yaranan problemlər və onların həlli yolları), valideyn-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsinin düzgün qurulması mövzuları haqqında geniş məlumat verildikdən və slayd şou vasitəsi ilə təqdimat edildikdən sonra tədbir iştirakçıları ilə müzakirələr aparılmışdır. Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələrinin ailə-məktəb-şagird mövzusunda göstərdikləri qısa səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Sonda qonaqlara Komitə tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri təqdim edilmişdir.