Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İtaliya Respublikasının nümayəndə heyəti ilə görüşüb

2 noyabr 2017

Paylaş:

2 noyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın İtaliya Respublikası Senatının sədr müavini xanım Linda Lanzillotta ilə görüşü keçirilib.

Görüşdə İtaliya Senatının Sənaye, Ticarət və Turizm daimi komissiyasının sədri cənab Massimi Mukketti, İtaliya Senatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri xanım Alessandra Lai, İtaliyanın ölkəmizdəki Səfiri cənab Auqusto Massari, İtaliya Səfirinin müavini cənab Umberto Boeri, Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi xanım Lalə Çələbizadə və Komitə əməkdaşları iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonaqları salamlayaraq, qeyd edib ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.

Hicran Hüseynova Komitənin fəaliyyəti, ailə, qadın və uşaq məsələləri istiqamətində görülən işlər haqqında da məlumatları diqqətə çatdırıb. O bildirib ki, Komitə qadın və uşaqların müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə də bir sıra tədbirlər həyata keçirir. Bildirilib ki, Komitə tərəfindən gender bərabərliyini qorumaq məqsədilə daim mühüm addımlar atılır. Qadınların ictimai həyatda təmsilçiliyinin artırılması, qadın sahibkarlığının artırılması məqsədilə mütəmadi olaraq  qabaqlayıcı tədbirlər həyata keçirilir. O, eyni zamanda, “İşıq” jurnalı, Şərqdə ilk dəfə qadınların səsvermə prosesində iştirak etməsi, 1901-ci ildə ilk müsəlman qız məktəbinin açılması barədə məlumatları diqqətə çatdırıb.

İtaliya Respublikası Senatının sədr müavini Linda Lanzillotta səmimi qəbul üçün təşəkkürünü bildirib. O, gender bərabərliyi sahəsində İtaliya təcrübəsini bölüşüb. Linda Lanzillotta Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. Və əlavə edib ki, gələn il qadınların səsvermə hüququnun təmin edilməsinin 100 illiyi münasibətilə Azərbaycanda birgə tədbirlərin keçirilməsində maraqlıdırlar.

Daha sonra İtaliya Senatının Sənaye, Ticarət və Turizm daimi komissiyasının sədri Massimi Mukketti İtaliyada həyata keçirilən qadın sahibkarlığı ilə bağlı mühüm layihələr haqqında məlumat verib. Və Azərbaycanla da bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib.

Komitə sədri Hicran Hüseynova ölkəmizdə həyata keçirilən biznes layihələri, qadın sahibkarlığının inkişaf etdirilməsi istiqamətində görülən işlər, qadın sahibkarlara edilən dəstək, regionlarda açılan Qadın Resurs Mərkəzləri haqqında məlumatları diqqətə çatdırıb.

Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri və gələcək layihələr müzakirə edilib.