“Qız yükü” adlı tamaşanın təqdimatı keçirilib

25 oktyabr 2017

Paylaş:

25 oktyabr 2017-ci il tarixində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Qız yükü” adlı tamaşanın təqdimatı keçirilib. Tədbir 11 oktyabr-Beynəlxalq Qızlar Günü münasibətilə, BMT-nin Əhali Fondunun və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği üzrə qlobal proqramı” çərçivəsində baş tutub.

Tamaşadan əvvəlçıxış edən BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev bildirib ki, Azərbaycanda müstəqillik əldə olunduqdan sonra hər bir, o cümlədən sosial sahədə də mühüm nailiyyətlərin əldə olunmasına baxmayaraq, gender bərabərliyi istiqamətində hələ də görüləcək işlər var. Doğulan uşaqlar arasında cinsi nisbətin pozulması hələ də aktual problem olaraq qalır. Bu səbəbdən BMT-nin Əhali Fondu Azərbaycan hökuməti ilə birgə bu istiqamətdə müvafiq araşdırmalar aparıb və gələcəkdə ölkədə kəskin cinsi fərqliliyin ola biləcəyi proqnozlaşdırılıb. Bununla əlaqədar fond tərəfindən təşkil olunan tədbirlərin bir qismi selektiv abortlarla mübarizəyə həsr olunub.

Ölkədə demoqrafik tarazlığın pozulduğunu deyən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, hazırda ölkədə hər 1000 kişiyə 1006 qadın düşür: “Mövcud vəziyyətin yaranması əsasən mentalitetdən irəli gəlir. Demək olar ki, hər bir ailədə oğlan uşaqlarına daha çox üstünlük verilir. Bu halın qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülür. Bu tədbirlərin müsbət nəticə verəcəyinə ümid edirəm”.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib: “Həyata keçirilən dövlət gənclər siyasətində gender bərabərliyi, erkən nikahlar kimi cəmiyyəti narahat edən problemlərin öz əksini tapmasına çalışırıq. Ailə dəyərlərinin qorunması gənclər arasında apardığımız maarifləndirmə tədbirlərinin bir hissəsidir. Bu tədbirlər həm Bakıda, həm də bölgələrdə keçirilir. Əslində XX əsrdə gender bərabərliyi probleminin olması təəccüblüdür. Mənim fikrimcə uşağın qız və ya oğlan olmasını düşünmədən öncə onun ailəsinə və dövlətinə xeyirli övlad olmasını təmin etmək haqqında düşünmək daha doğru olardı”.

Gender bərabərliyi hər bir dövlətin vacib məsələlərindən biridir deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, demoqrafik sahədə pərsəngin pozulması ağır fəsadlarla nəticələnə bilər. O bildirib ki, Azərbaycanda gender bərabərliyinin təminatı istiqamətində mühüm dövlət proqramları icra edilir, vacib tədbirlər həyata keçirilir. 

“Ölkəmizdə Beynəlxalq Qızlar Gününün qeyd olunması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Burada ən böyük problemlərdən biri də hər bir ailədə kişilər qədər qadınların da oğlan uşaqları dünyaya gətirməyə daha çox üstünlük vermələridir. Bu düzgün deyil və biz də hər birimiz bunun qarşısının alınması istiqamətində əlimizdən gələni etməliyik. Hazırda bütün dünyada qadınlar kişilərlə çiyin-çiyinə hər bir işin öhdəsindən gəlirlər. Bütün dünya qadınları kimi Azərbaycan xanımları da cəmiyyətdə mühüm yer tutur, ictimai həyatda böyük rol oynayırlar. Bunun bariz nümunəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır”, deyərək S.Qəhrəmanova bildirib.

Sonra “Qız yükü” tamaşasının premyerası keçirilib.

Azərbaycan Dövlət Pantomima Teatrının aktyorlarının ifasında təqdim olunan tamaşanın rejissoru və müəllifi Respublikanın Xalq Artisti, Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və rəhbəri Bəxtiyar Xanızadədir.

Tədbirdə BMT-nin Əhali Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və Idman Nazirliyinin, eləcə də Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.