“Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirildi
Paylaş:
24 oktyabr tarixində “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilib. Tədbir Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Bu layihənin əsas komponentlərindən biri də məişət zorakılığın qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə şurasının yaradılması və Milli Fəaliyyət Planın hazırlanmasıdır. Bunu nəzərə alaraq, CEDAW Komitəsinin üzvü və hazırda BMT-nin Baş Katibinin Münaqişələrdə Cinsi Zorakılıqla bağlı Xüsusi Nümayəndəsi xanım Pramila Patten 17-19 aprel 2017-ci il tarixində Bakıya işgüzar səfər etmiş və hökümət nümayəndələri, bütün əlaqəli nazirliklərin nazir müavinləri ilə səmərəli görüşlər keçirmişdir. Ekspert bu görüşlərin yekun nəticələri əsasında beynəlxalq təcrübəyə uyğun gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi üzrə qurumlararası koordinasiya mexanizminin yaradılması və milli qanunvericilik çərçivəsinin hazırlanması üzrə tövsiyələr hazırlamışdır.
“Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində keçirilən konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu layihənin əsas komponentlərindən birinin məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması olduğunu bildirib. Qeyd olunub ki, layihənin əsas məqsədi gender əsaslı zorakılığın qarşısının alınması, eləcə də istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verməkdir.
H. Hüseynova bildirib ki, bu gün dünyanın ən mühüm problemlərindən biri gender əsaslı zorakılığın qarşısının alınmasıdır: "Bu məsələnin həll edilməsi sahəsində bütün ölkələr dövlət səviyyəsində iş aparır, müxtəlif layihələr keçirir. Azərbaycan da bu prosesdən kənarda qalmayıb. Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Hakimlər, vəkillər üçün spesifik keçirdiyimiz təlimlər öz müsbət nəticəsini verir. Artıq son iki ildə məhkəmə qərarlarında bu sahədə qəbul olunmuş qanun və qoşulduğumuz konvensiyalar istinad edilir".
Komitə sədri qeyd edib ki, bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir: "Bu qruplar baş vermiş zorakılıq hallarını araşdırır, qurbanının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Eyni zamanda, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib. Bu günlərdə məişət zorakılığı ilə bağlı onlayn məlumat bankının təqdimatı keçirildi. Banka yığılan məlumatların təhlili problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artıracaq. Biz çalışırıq ki, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görək. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Salyanda Qadın Resurs Mərkəzləri yaradılıb”.
Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshakzai bildirib ki, Azərbaycan hökuməti tərəfindən məişət zorakılığı probleminin həlli üçün bir sıra mühüm strateji müdaxilələr edilib.
ABŞ-ın Azərbaycandakı missiya rəhbərinin müavini Vilyam Gil isə qeyd edib ki, dünyada hər 3 qadından biri gender əsaslı zorakılıqdan əzab çəkir: “Bu problemlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı, qanunvericilik sahəsində islahatlar və təşəbbüslər vacibdir. Mən Azərbaycan hökuməti tərəfindən "Məişət zorakılığı haqqında" qanunun qəbul edilməsini böyük nailiyyət hesab edirəm”.
Daha sonra təqdimatla çıxış edən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova qeyd edib ki, Azərbaycanda məişət zorakılığına dair normativ hüquqi aktların bazası əcnəbi ekspertlər tərəfindən təhlil edilib: "Məişət zorakılığından əziyyət çəkənlərin pulsuz hüquqi yardımla, vəkillə təmin olunması, təqsirkar şəxsin evdən uzaqlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini ekspertlər tövsiyə edir".
Digər çıxış edənlər gender əsaslı zorakılığın qarşısının alınmasının, cavab tədbirlərinin görülməsinin və bu istiqamətdə atılan addımların vacibliyini vurğulayıblar.
Konfrans çıxışlarla davam etdirilib.