Salyan rayonunda Qadın Resurs Mərkəzinin açılışı olub

20 oktyabr 2017

Paylaş:

20 oktyabr 2017-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Coca-Cola Fondunun əməkdaşlığı əsasında Salyan rayonunda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb.

Açılış mərasimində Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin rezident əlaqələndiricisi və BMTİP-nin rezident nümayəndəsi Qulam İshaqzai və Coca-Cola-nın Qafqaz və Mərkəzi Asiya regionu üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Aleksandra Akkirman iştirak edib.

Resurs mərkəzinin açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mərkəzin istifadəyə verilməsində məqsədin qadınların sosial həyatda fəal iştirakını gücləndirməyə kömək etməkdən ibarət olduğunu bildirib. Qeyd edib ki, resurs mərkəzi qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, bacarıqlarının inkişafı, sahibkarlıq fəaliyyəti, peşə təhsili və özünüifadə üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərəcək.

Komitə sədri qadın və uşaqların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətindən də söz açıb. O, kənd və rayonlarda yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması məqsədilə həyata keçirilən tədbirləri, o cümlədən BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində görülən işləri diqqətə çatdırıb. Əminliklə bildirib ki, Salyan rayonunda açılan Qadın Resurs Mərkəzi qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqinə mühüm töhfə verəcək.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanla təmsil etdiyi qurum arasında səmərəli əməkdaşlığın uğurla davam etdiyini bildirib.

Q.İshaqzai gənclərin və qadınların sosial-iqtisadi həyatda fəal iştirakının ölkənin kənd rayonlarında inklüziv və davamlı inkişaf üçün vacib olduğunu vurğulayıb, yeni yaradılan mərkəzlərin bu sahədə fəal rol oynayacağına əminliyini ifadə edib.

Digər çıxış edənlər regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlərdən danışıb, yeni açılan mərkəzlərin gənclər və qadınların məşğulluğunun dəstəklənməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, bu mərkəzlər qadınların iqtisadi və sosial təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi, potensialın artırılması, sahibkarlıq fəaliyyəti, peşə təhsili üçün imkanların yaradılması və ictimai dəstək qazanılması üçün ictimai platforma rolu oynayır.

Sonra 9 qadına öz biznes fəaliyyətlərinə başlamalarına şərait yaradacaq mükafatlar verilib və peşə kurslarını bitirən qadınlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, BMTİP ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində kənd qadınlarının icma həyatında mövqelərinin möhkəmləndirilməsi məqsədilə Sabirabad, Neftçala, Biləsuvar və Masallı rayonlarında da qadın mərkəzləri yaradılıb. 

Neftçala və Salyan rayonlarında kənd qadınları və gənclərin iqtisadi və sosial rifahının yaxşılaşdırılması üçün Coca-Cola Fondunun irəli sürdüyü təşəbbüs əsasında BMTİP bugünədək 400 nəfər qadına iqtisadi, təhsil və sosial bacarıqlar üzrə təlim keçib. Qurum, həmçinin qadınların rəhbərlik etdiyi 28 biznes sahəsinin inkişafını dəstəkləyib, 1300 kişi və qadın arasında gender və zorakılıq məsələləri barədə maarifləndirmə tədbirləri təşkil edib, 114 gənc kənd qadını üçün peşə təhsilini təmin edib, altı kənd icması üzrə 800 qız üçün nəzərdə tutulmuş su və kanalizasiya avadanlıqlarını təkmilləşdirib.