Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusilə təmas xəttinə yaxın rayonlarından olan uşaqlar üçün növbəti yay düşərgəsinə start verilib
Paylaş:
Azərbaycanın Ermənistanla təmas xəttində yerləşən rayonlarda yaşayan uşaqlara psixoloji dəstək, onların asudə vaxtının təşkili, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi olduqca əhəmiyyətlidir. Bu məqsədlə ötən il Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusiilə təmas xəttinə yaxın rayonlarından olan uşaqlar üçün yay düşərgəsi təşkil edilmişdir.
Bu istiqamətdə işin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birlikdə Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusiilə təmas xəttinə yaxın olan Ağdam, Tərtər, Füzuli, Daşkəsən rayonlarından olan uşaqlar üçün 20 iyul tarixində Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq mərkəzində növbəti yay düşərgəsinə start vermişdir. Yay düşərgəsi 3 avqust 2015-ci il tarixinə qədər davam edəcəkdir. Düşərgə yuxarıda qeyd olunan rayonların Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, yay düşərgəsi zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramlar həyata keçirilməsi və təlimlərin təşkili, həmçinin qrup işləri, fərdi liderlik qabiliyyətlərinin və biliklərin artırılması və digər sahələrdə uşaqların imkanlarının artırılması nəzərdə tutulmuşdur.