“KİV-də qadın və uşaq problemləri” mövzusunda dəyirmi masa keçirilib
Paylaş:
İyulun 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Milli Mətbuatın yaranmasının 140 illiyinə həsr olunmuş “KİV-də qadın və uşaq problemləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbir mətbuatın və ictimaiyyətin görkəmli nümayəndələrinin, jurnalistlərin iştirakı ilə baş tutub.
Tədbiri giriş nitqi ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova əvvəlcə bütün tədbir iştirakçılarını salamlayaraq media nümayəndələrini Milli Mətbuatın 140 illik yubileyi münasibətilə təbrik edib. Sədaqət Qəhrəmanova nəzərə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə hər il iyul ayının 22-i milli mətbuatın yaranması kimi qeyd olunur. O həmçinin bildirib ki, Azərbaycan mətbuat yarandığı gündən qadın və uşaq məsələlərinə həssaslıqla yanaşmış, onların hüquq və azadlıqlarına dair, xüsusən də, qadının ictimai həyata cəlb edilməsi, uşaqların təhsil alması kimi mühüm məsələləri özündə əks etdirən maarifləndirici yazılar nəşr etmişdir.
Komitənin sədr müavini kütləvi informasiya vasitələrinin ailə məsələlərinin təbliğindəki rolundan danışaraq bu sahədə əməkdaşlığın vacibliyini də vurğulayıb. O, qadın və uşaq məsələlərinə mətbuatda geniş yer verilməsi, onların maariflənmələri məqsədilə nəşr edilən qəzet və jurnallar barədə də məlumat verib.
“Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, Azərbaycan bütün dünyada azad, müstəqil, demokratik ölkə kimi tanınır” deyə bildirən sədr müavini, həmçinin mətbuatın mühüm inkişafına yardım edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və dövlət orqanları ilə ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsində Mətbuat Şurasının rolunu xüsusi olaraq vurğulayıb.
Sədaqət Qəhrəmanova onu da olaraq vurğulayıb ki, jurnalistlər cəmiyyətin aparıcı qüvvəsidir və onlar öz yazılarına görə məsuliyyət daşımalı, insan talelərinə laqeyd qalmamalıdırlar.
Daha sonra Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndəsi Elşad Tağıyev, tanınmış jurnalist Flora Xəlilzadə, “Xalq” qəzetinin nümayəndəsi Tahir Aydınoğlu, “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı müvafiq mövzu ətrafında müzakirələr apararaq, Azərbaycanda medianın inkişafına dövlət dəstəyi haqqında danışıblar. Ailə dəyərlərinin təbliğində milli mətbuatımızın oynadığı rol diqqətə çatdırılıb. Çıxış edənlər KİV-ə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən bir qrup jurnalist diplom və hədiyyə ilə təltif olunub.