“Məişət zorakılığının qarşısının alınması” mövzusunda təlim keçirildi

11 oktyabr 2017

Paylaş:

11 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının  gücləndirilməsi adlı layihə çərçivəsində “Məişət zorakılığının qarşısının alınması” mövzusunda təlim keçirilib.

Təlim iştirakçılarına məişət zorakılığının qarşısının alınması, sözügedən sahə üzrə ölkəmizdə mövcud olan qanunvericilik və zorakılığa məruz qalan insanlara sosial – psixoloji və hüquqi xidmətlərin göstərilməsi, məişət zorakılığı üzrə monitorinq qruplarının fəaliyyətləri barədə ətraflı məlumat veriib. Təlimin keçirilməsində məqsəd qaçqın və məcburi köçkün qızlar və onların ailə üzvlərinin məişət zorakılığının qurbanına çevrilməməsinin qarşısının alınması üçün maarifləndirmə işinin aparılması olub.

Təlim iştirakçıları müzakirələr zamanı aktiv iştirak edərək bu məsələdə profilaktik tədbirlərin sayının artırılmasının vacibliyini vurğulayıblar. Həmçinin, bu sahə üzrə maarifləndirmə işinin mütəmadi olaraq aparılması fikri iştirakçılar tərəfindən irəli sürülüb.

İştirakçılara cəmiyyətdə zorakılığın qarşısının alınması istiqamətində 22 iyun  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi və s. haqqında ətraflı məlumatlar verilib.

Təlimdə “Məişət zorakılığına yox deyək!“ mövzusunda buklet təlim iştirakçılarına paylanılıb.