Mili və bəşəri dəyərləri yaşadan və təbliğ edən – novator ailm (Görkəmli alim, professor Aida İmanquliyevanın əziz xatirəsinə həsr olunur)

10 oktyabr 2017

Paylaş:

Zaman və məkandan, ictimai-siyasi şəraitdən asılı olmayaraq, bütün dövrlərdə cəmiyyətin inkişafını, xalqına və dövlətinə sədaqətlə xidməti öz həyat kredosuna çevirən şəxslər olub və olcaq. Belə nəcib insanlar qısa zamanda, cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilmiş, üzərlərinə düşən sosial və mənəvi  məsuliyyəti düzgün dəyərləndirmişlər. O xalq, millət xoşbəxtdir ki, onun vətəpərvər, insansevər ziyalıları var. Onlar həm həyatları, həm də fəaliyyətləri ilə bir mənəviyyat simvolu, müdriklik nümunəsidirlər.

Bu gün, ölkəmiz də mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm  və islam həmrəyliyi sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Məhz bu baxımdan Aida İmanquliyevanın yaradıcılığı çox qiymətlidir. O, Şərq mənəvi dəyərlərinin, müsəlman əxlaqının böyük təəssübkeşi idi. Təkçə öz almlərimiz deyil, digər ölkələrin tədqiqatçıları da qeyd edirdilər ki, Aida xanım  Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim Hələ ötən əsrin 70-ci illərində bu gün üçün aktual olan sivilizasiyalararası dialoq problemini  özünəməxsus tərzdə  araşdırmış, onun fəlsəfi mahiyyətini açıqlamağa çalışmışdır. Bu, bir alimin böyük intuisiyasından, elmi uzaqgörənliyindən xəbər verirdi. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən, alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürmüş, mədəni tərəqqini şərtləndirən amillərə istinad etmişdir. Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması kimi məsələləri tədqiq edən fədakar alim elmi araşdırmaları ilə şöhrət qazanmışdır.  Eyni zamanda, görkəmli alim Şərq filologiyasının müxtəlif aspektləri üzrə apardığı tədqiqatlarla, yaratdığı fundamental əsərlərlə elm tarixinin zənginləşməsində,  müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə, uğurlu yol açmışdır.

O, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçilikdən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. Aida İmanquliyeva Azərbaycanda ərəb filologiyası üzrə ilk qadın elmlər doktoru, professor idi. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti rəyasət heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri  olmuşdu.

Aida İmanquliyeva elmi-təşkilatı fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Vaxtilə onun dərslərində iştirak etmiş, mühazirələrini dinləmiş tələbələri   Aida xanımı - təcrübəli pedaqoqu bu gün böyük ehtiram hissi ilə xatırlayırlar. Onun bilavasitə rəhbərliyi altında ərəb filologiyası şöbəsində güclü kadrlar hazırlanmış, 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmiş, ərəb əbəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin ən müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar hazırlanıb dərc olunmuşdur.  Görkəmli elm fədaisi Şərqşünaslıq İnstitutunda  fəaliyyət  göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatı" ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədri olmuşdur. Akademik Ziya Bünyadov görkəmli şərqşünasın elmi-pedaqoji fəaliyyətinin bu cəhətini xüsusi vurğulayıb. O, qeyd edirdi ki, Aida xanım həmişə öz dərin elmi biliyini gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi onlardan əsirgəmirdi. Onu tanıyanlar Aida xanımın böyük zəhmətkeş və özünə qarşı həddindən ziyadə tələbkar bir alim olduğunu yaxşı bilirdilər.

Ərəb xalqının o dövrkü ictimai-siyasi cəhətdən ağır məhrumiyyətlərə məruz qalmasını, cəhalətdən yaranmış faciələri və itkiləri ürək ağrısı ilə qələmə alan ziyalıların fəaliyyətini tədqiq edən alim hər zaman təhsilin, dünyagürüşün bir insanın, bir xalqın taleyinə təsirin vacibliyini vurğulayırdı.  Aida xanım tədqiqatları davam etdirərək dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus ədəbi əlaqələrinə toxunur, dünya ədəbiyyatının müxtəlif ədəbi cərəyan və üslublarının yeni ərəb ədəbiyyatına təsirini müəyyənləşdirirdi. O, aktiv bir vətəndaş-alim, elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm xadimi idi. Keçmiş SSRİ-də ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə ümumittifaq Koordinasiya Şurasının üzvü idi. Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Hamburqda, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr etmişdir.

Aida İmanquliyevanın elmi yaradıcılığı ilə yaxından tanış olduqda, onun  Qərb-Şərq mədəniyyətlərini, ümumiyyətlə, dünyada mövcüd olan fəlsəfi, ədəbi, ictimai-siyasi fikir sistemlərini, ideya axınlarını, onların mənşə və mahiyyətini, tətbiq səviyyələrini çox dərindən bildiyi məlum olur. Onun elmi fəaliyyətinə və ərəb xalqları ilə, Şərq-Qərb elmi əlaqələrinin genişlənməsi, həmçinin digər mədəni əlaqələrinin inkişafı yolundakı fəaliyyətinə  dövrünün ən məşhur alimləri Ziya Bünyadov, İosif Bradinski, Anna Dolinina, Valeriya Kripçenko, Rüstəm Əliyev kimi dünya şöhrətli şərqşünaslar yüksək qiymət vermişlər. Göründüyü kimi  Aida İmanquliyeva elmin zirvəsini fəth edincə uzun və şərəfli bir yol keçmişdi. Mənsub olduğu nəslin nüfuzundan əsla istifadə etməyərək bu yolu öz əməyi ilə qət etmişdi. Bu gün onun şərqşünaslıq elmi üçün yetişdirdiyi onlarla tələbəsi və saysız-hesabsız xeyirxah əməlləri yadigar qalır.

Böyük mütəfəkkirlər əsrlər boyu cəmiyyətdə müsbət keyfiyyətləri ilə seçilən, rəğbət qazanan insanların maraqlı olduğu qədər də şərəfli ömür yoluna nəzər salarkən, onların yetişdikləri mühitin, aldıqları mənəvi tərbiyənin rolunu xüsusi önə çəkirlər. Şübhəsiz, hər bir şəxsiyyətin formalaşmasında onun doğulub boya-başa çatdığı mühitin və ailə dəyərlərinin təsiri birmənalı özünü göstərir. Aida xanım İmanquliyevanın alimliyini onun gözəl, bənzərsiz mənəvi  keyfiyyətləri tamamlayırdı. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu yüksək insani keyfiyyətlərdən  məhrum edə bilməmişdi. Zahiri və daxili gözəllik, sadəlik, mehribanlıq, həssaslıq, humanizm, insansevərlik onun müsbət aurasını daha da cəlbedici edirdi. Görkəmli alim alicənablığı, mərhəmətliliyi, xeyirxahlığı, başqalarına diqqət və qayğısı ilə ondan dərs alan gənclərə təkcə ərəbşünaslıq elminin incəliklərini öyrətmirdi. Şəxsiyyət olaraq da Aida xanım ətrafındakı insanlar üçün əsl insanlıq mücəssəməsi, canlı örnək idi.

Bu böyük insanın çoxşaxəli, zəngin  irsi təkcə onun yaradıcılığına aid olmayıb, eyni zamanda həm də ailəsinin, övladlarının varlığında yaşayır. Azərbaycanın böyük ziyalılarından biri, ölkəmizdə ilk Milli Aviasiya Akademiyasının yaradııcısı, akademik, hörmətli Arif Paşayavlə bərabər böyütdüyü qızları M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü,  İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz xanım Paşayeva və Azərbaycan Respublikasının  birinci  vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,  İSESCO və UNESCO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyeva  bu gün vətənpərvər və xeyirxah ziyalılar kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Bu ailə üzvlərinin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları, hər bir işdə peşəkarlıq nümunəsi  göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır. Onu da deməliyik ki, bu gün Aida xanımın arzu və əməlləri Nərgiz xanım Paşayevanın, xüsusilə, Mehriban xanım Əliyevanın timsalında  əzmlə davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım mədəniyyətlərarası və sivilizasiyaların dialoqununu yaradılmasında  həm Azərbaycanda, həm də ölkədən kənarda   bir sıra uğurlu layihələrin həyata keçirilməsinə başçılıq edir.   Hər bir şəxsiyyətin tarixi dəyəri onun öz xalqı üçün etdiyi xidmətlərlə ölçülür. Aida İmanquliyeva istedadlı alim, vətənpərvər ziyalı və kübarlıq məktəbinin parlaq nümayəndəsi idi. Həmin məktəbin ənənələrini bu gün Azərbaycanın tarixi-ictimai mühitində bənzərsiz mövqeyi, xüsusi çəkisi olan övladları ləyaqətlə davam etdirir.

Ədəbiyyatçı, şərqşünas, pedaqoq, tərcüməçi, ən əsası isə xeyirxah insan olan Aida İmanquliyeva, yalnız ailə üzvlərinin, tələbələrinin deyil, həm də Azərbaycan xalqının ürəyində əbədi  yaşayacadır.

  Ailə, Qadın və Uşaq Problemləri üzrə

 Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru,

 professor Hicran Hüseynova