Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Paylaş:
28 sentyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.
Qonağı salamlayan Hicran Hüseynova Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edərək ailə, qadın və uşaq problemlərinin həlli sahəsində birgə fəaliyyətin genişlənməsinə olan məmnunluğunu ifadə edib.
Dövlət Komitəsinin sədri bu istiqamətdə Azərbaycan tərəfinin bütün zəruri addımları atmağa hazır olduğunu qeyd edərək, birgə fəaliyyətin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Görüş zamanı Avropa İttifaqı ilə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində bir sıra mühüm layihələrin (Tvinning, TAİEX) uğurla həyata keçirilməsi müzakirə edilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas öz növbəsində, ailə, qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib və səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin qadın və uşaq hüquqlarının qorunması, gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində qlobal səviyyədə və beynəlxalq forumlarda Azərbaycan hökumətinin dəstəyinin vacibliyini qeyd edib.