Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsini dərn hüznlə yad edirik

19 sentyabr 2017

Paylaş:

Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdəndir.

Şərqşünas, ədəbiyyatşünas, tənqidçi, eyni zamanda tərcüməçi kimi tanınan Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olmuşdur. Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi.

Aida xanımın elmi yaradıcılığı çox zəngindir. Onun nəzəri tədqiqat dairəsini ümumiləşdirən "Ərəb filologiyası məsələləri", "Şərq filologiyası məsələləri", "Şərqin problemləri: tarix və müasirlik" və onlarca digər məqalə və elmi əsərləri alimin elmi maraq və tədqiqat əhatəsinin çox geniş və müxtəlif sahələrə, yalnız filologiya elminin deyil, digər ictimai-humanitar elmlərin sərhədlərinə də nüfuz etdiyinin göstəricisidir. Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin maraq dairəsi geniş və çoxşaxəlidir. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya ("Mixail Nuayme və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması, inkişafı idealına sadiq qalıb.

Ürəklərdə özünə abidə qoymuş Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında vəfat etmişdir.