Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarının növbəti seçimi Ağcabədidə aparılıb
Paylaş:
Bu il Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçiriləcək. Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin bütün şəhər və rayonlarından forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə regional görüşlər davam edir.
Növbəti belə görüş 6 mart 2017-ci il tarixində Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində keçirilib.
Tədbirdə Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Tərtər və Zərdabdan olan uşaqlarla fərdi şəkildə müsahibələr aparılıb. Hər bir rayondan fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə edən iki uşaq, bölgə üzrə ümumilikdə 12 uşaq forumda iştirak etmək hüququ qazanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək bildirib ki, Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun keçirilməsində məqsəd uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir. Ölkəmizin digər bölgələrində də bu cür istedadlı uşaqların seçilməsi məqsədi daşıyan görüşlər mart-aprel aylarında davam etdiriləcək.
Regional görüşdə, həmçinin AZƏRTAC-ın Uşaq Bilik Portalının (www.portal.azertag.az) təqdimatı keçirilib. Altı rayondan şagirdlərin və müəllimlərin iştirak etdiyi təqdimat mərasimində AZƏRTAC-ın əməkdaşı Xanım Nağıyeva çıxış edərək, portal barədə məlumat verib. Bildirib ki, 2013-cü ildən fəaliyyət göstərən portal müxtəlif yaş qruplarından olan uşaqlar üçün nəzərdə tutulub. Burada tarix, mədəniyyət, elm və digər mövzular, görkəmli şəxsiyyətlər barədə zəngin materiallar təqdim olunur, “Azərbaycan”, “Xəbərlər”, “Ensiklopediya”, “Bizi əhatə edən dünya”, “Nənənin sandıqçası” və digər bölmələr fəaliyyət göstərir. Eyni zamanda, uşaqların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və inşalara da yer ayrılır. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Facebook” səhifəsində də izləmək mümkündür.
Sonra Uşaq Bilik Portalına həsr olunan videoçarx təqdim edilib.
Tədbir çərçivəsində “Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual oyununun zona mərhələsi də keçirilib. Bu mərhələdə Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Tərtər və Zərdab rayonlarını təmsil edən komandaların tərkibinə daxil olan 30 şagird mübarizə aparıb. Yarışda fərqlənən Füzuli komandası final turunda iştirak etmək hüququ qazanıb. Final yarışları aprel ayında Bakıda keçiriləcək.
Komandaların üzvlərinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim edilib.