"Qadınlar gələcəyin alternativ enerjisi uğrunda"

6 sentyabr 2017

Paylaş:

31 avqust - 1 senyabr 2017-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində "Qadınlar gələcəyin alternativ enerjisi uğrunda"  mövzusunda Beynəlxalq Qadınlar Forum təşkil olunub.

Forumda ABŞ, Rusiya, İtaliya, Kanada, Belarusiya, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələrinin yüksək səviyyəli qonaqları iştirak edib. 

Azərbaycan Respublikasını bu beynəlxalq tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təmsil edib. Plenar iclasında çıxış edən S. Qəhrəmanova qeyd edib: " Azərbaycan Respublikası sürətlə yeniləşir və ölkə inkişaf templərinə görə, bir sıra istiqamətlərdə dünya və regional liderə çevrilib. Sənaye, kənd təsərrüfatı, xidmət sahələrinin diversifikasiyası, planlaşdırma və idarəetmənin optimallışdırılması, fasiləsiz yeniləşən texnoloji tərəqqi ölkədə iqtisadi və sosial irəliləyişin və ümumiyyətlə davamlı inkişafın uğurunun təzahürüdür. Əldə edilmiş nailiyyətlər bir çox beynəlxalq təşkilatların rəsmi hesabatlarında da əksini tapıb. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Qısa zaman kəsiyində qazanılan uğurların kökündə ölkə prezidenti tərəfindən reallaşdırılan və insan potensialına, innovativ texnologiyalara əsaslanan inkişaf strategiyası durur." Həmçinin sədr müavini qadın sahibkarlığı mövzundan söz açaraq qeyd edib ki, bu sahədə görülən işləri nəzərə alaraq, Azərbaycan SPEKA - ya sədr seçilmişdir və region ölkələrin təcrübələri araşdırılır, yeni əməkdaşlıqlar yaranır, buna BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində Bakıda keçirilən konfrans və forumlar əyani sübutdur.

S.Qəhrəmanova diqqətə çatdırıb ki,  Ermənistanın aqressiv işğalçı siyasəti bu gün də davam edir, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var, ölkəmiz tərəqqi edir, dövlət qadın siyasəti həyata keçirilir, xüsusilə, 400 minə yaxın qaçqın və məcburi köçkün qadınların cəmiyyətə inteqrasiyasına, onların fəal iştirakına nail olunub. 

Forum çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Qazaxıstan Respublikasının dövlət katibi Gülşara Abdiqalikova ilə görüşüb. Görüş zamanı tərəfdaşlar ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini müzakirə ediblər.