“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir Xaçmaz rayonunda keçirildi
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, “Ailə Akademiyası” adlı layihə çərçivəsində növbəti regional tədbir 2 avqust 2017-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə Xaçmaz, Quba, Qusar, Xızı, Siyəzən, Şabran rayonlarının yerli özünüidarəetmə orqanları iştirakı ilə Xaçmaz rayonunda yerləşən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilib.
Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanda tarixən gözəl ailə ənənələrinin mövcudluğunu, bu ənənələrin yaşadılmalı və gələcək nəsillərə ötürülməli olduğunun vacibliyini vurğulayıb. “Ailə Akademiyası” layihəsinin xüsusilə gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını bildirən İ.Nəzərova ölkəmizdə dövlət ailə siyasətinin uğurla həyata keçirildiyini qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında ailə dəyərlərinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Bildirilib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib. Milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm təməl üzərində dayanaraq cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb. Dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının artırılması olduqca vacibdir.
Aynur Sofiyeva müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklərin ailə institutuna nəzərəçarpacaq təsir göstərdəyini qeyd edərək, layihənin əsas hədəfinin gənclər, yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanların olmasını vurğulayıb və layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.
Daha sonra tədbirdə çıxış edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və Siyasi Sosiologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə layihənin əhəmiyyətini qeyd edərək, gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasındakı vacibliyini xüsusi vurğulayıb. Rəna Mirzəzadə ailə institutuna olan təsirlərin aradan qaldırılmasında birbaşa cəmiyyətin əsas rolunun olduğunu və onların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
“Ailə Akademiyası” layihəsi ilə bağlı təqdimatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra çıxış edən bələdiyyə sədri Mahir Fətəliyev, ağsaqqal Əli Mustafayev layihənin əhəmiyyətini, gənclərin, ailələrin üzləşdiyi problemləri, yaşlı nəsil ilə gənc nəsil arasında olan münasibətin vacibliyini qeyd ediblər.
Layihə ətrafında aparılan müzakirələrdə regionlardan gəlmiş yerli özünüidarəetmə orqanlarının nümayəndələri layihənin ailə dəyərlərini qorumaq və möhkəmləndirmək istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.
Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq, keçirilməsi nəzərdə tutulur.