Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində növbəti tədbir keçirilmişdir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər il olduğu kimi silsilə tədbirlər təşkil edilir. Təşkil edilən tədbirlərdə xüsusi qayğıya ehtiyacı olan, qaçqın və məcburi köçkün ailələrdən olan, həmçinin dövlət müəssisələrində tərbiyə və təhsil alan uşaqların iştirakına da xüsusi diqqət yetirilir.
Bu istiqamətdə növbəti tədbir olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsi ilə birgə əməkdaşlıq çərçivəsində Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinin nəzdində olan 45 saylı axşam tam orta məktəbinin şagirdləri arasında “Mənim hüquq və vəzifələrim” mövzusunda inşa müsabiqəsi keçirilmişdir.
Komitə tərəfindən müsabiqədə iştirak etmiş uşaqların yazı işləri arasında ən yaxşı inşa seçilərək birinci yerə layiq görülmüşdür. Bununla bağlı 11 iyun 2015-ci il tarixdə, saat 11:00-da Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir .
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri, əməkdaşları və Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinin rəisi və digər əməkdaşlar iştirak etmişdirlər. Tədbiri Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova açaraq uşaqları salamlamış, onları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etmiş, daha sonra Tərbiyə Müəssisəsinin nəzdində olan 45 saylı axşam tam orta məktəbinin şagirdləri arasında “Mənim hüquq və vəzifələrim” mövzusunda keçirilmiş inşa müsabiqəsindən söhbət açmış və Komitə tərəfindən müsabiqənin qalibi diplom və radio pleyer ilə mükafatlanmışdır. Həmçinin, Komitə tərəfindən islah olunan uşaqlara şirniyat və digər hədiyələr verilmişdir.