1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “İstedadlı uşaqlar festivalı-2015” adlı tədbir keçirilmişdir

1 iyun 2015

Paylaş:

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il silsilə tədbirlər həyata keçirir. Ənənəvi olaraq bu il də keçirilən silsilə tədbirlərin yekunu olaraq 1 iyun 2015-ci il tarixdə  “İstedadlı uşaqlar festivalı-2015” adlı tədbir baş tutmuşdur.

Tədbirdən öncə saat 9.00-da uşaqlar Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın abidələrini, Şəhidlər Xiyabanını ziyarət etmiş, saat 11.00-da  isə Beynəlxalq Muğam Mərkəzində dövlət himninin səslənməsi ilə “İstedadlı uşaqlar festivalı-2015”-in təntənəli açılışı olmuşdur.

130-a yaxın istedadlı uşağın iştirak etdiyi festivalda elm, təhsil, incəsənət və idman sahələrində Azərbaycan Respublikasını beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər əldə etmiş 12 uşaq və uşaq hüquqlarının təbliği sahəsində uğurlu fəaliyyətinə görə 1 təşkilat – “Gələcək” Uşaqların İnkişafına Dəstək İctimai Birliyi Komitə tərəfindən mükafatlandırılmış, “Azərbaycanın gələcəyi” kuboku ilə təltif olunmuşdur. Tədbirdə 2014-2015-ci illərdə uğur qazanmış uşaqların fəaliyyətini özündə əks etdirən “İstedadlı uşaqlar-2015” adlı filmin təqdimatı baş tutmuşdur.

Komitənin sədri Hicran Hüseynova, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov uşaqları təbrik etmiş, onlara diplom və kuboklar təqdim edərək yaradıcılıq uğurları arzulamışlar.

Tədbir keçirilən məkanda dövlət uşaq siyasətini özündə əks etdirən fotoqalareya, həmçinin uşaqların rəsm əsərlərinin, onların uğurlarını özündə əks etdirən sərginin nümayişi də təşkil olunmuşdur.

Milli Məclisin deputatlarının, dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir uşaqların ifasında konsert proqramı ilə davam etmişdir.