“İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfrans keçirilib

24 iyul 2017

Paylaş:

24 iyul 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfrans keçirilib. Konfransda millət vəkilləri, dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, artıq bir neçə ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi birgə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirir. Dövlət Komitəsinin sədri qeyd edib ki,  Azərbaycan xalqının milli, mədəni, ailə dəyərlərinin formalaşmasında İslam dininin rolu böyükdür.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan, eyni zamanda, tolerant, dünyaya açıq bir ölkədir. “Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra digər sahələrlə yanaşı, dövlət-din münasibətləri istiqamətlərində ardıcıl siyasət formalaşmağa başlamışdır. Həmin siyasətin əsas prinsipləri bu gün də aktualdır. Və ölkəmiz bu möhkəm təməl üzərində öz inkişaf strategiyasını qurmuşdur”.

Komitə sədri diqqətə çatdırıb ki, Ölkə başçısının və Respublikanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər ölkəmizi bütün regionda və dünyada tolerantlıq nümunəsinə çevirmişdir. “Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə bağlılığından asılıdır. Bizim çox zəngin və gözəl milli-dini, mənəvi-əxlaqi dəyərlərimiz, ailə ənənələrimiz var. Və bu, ailədaxili münasibətlərin, o cümlədən, əxlaqi, mənəvi dəyərlərin formalaşmasında, uşaqlarda dərin tərbiyəvi xarakterin yaranmasında özünü göstərir”.

2008-ci ildən Komitə tərəfindən Ailə  Bayramının qeyd olunduğunu qeyd edən Komitə sədri bildirib ki, hər il bu bayramda müxtəlif xalqların, millətlərin nümayəndələri iştirak edərək, öz adətlərini tanıdır. Bütün bunlar hökumətimizin yürütdüyü siyasətlə bərabər cəmiyyətdə, ailələrdə mövcud vəziyyəti göstərir. “Heç bir din insanları zorakılığa, xüsusilə də mədəni dəyərlərin məhv edilməsinə səsləmir. İslam dini insan hüquqlarını, xüsusilə qadın və uşaq hüquqlarını qoruyan, ailədə qarşılıqlı anlaşmanı, qadına hörmət etməyi, təhsilin vacibliyini təbliğ edən dindir”.  

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, əgər biz İslam həmrəyliyi və ailə dəyərlərindən danışırıqsa, müqəddəs “Qurani-Kərim”in ailəyə verdiyi dəyəri irəli çəkilməliyik.  “Xüsusən də ailəni tamamlayan, gücləndirən o tellər anaların üzərindədir. İslam dini qadınlara kişilərdən daha üstün dəyərlər verir və İslami dəyərlər üzərində qurulan ailə demokratik ailə olmalıdır”.

Millət vəkili, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli çıxış edərək qeyd edib ki, sevindirici haldır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi mütəmadi olaraq birgə tədbirlər həyata keçirir və bu tədbirlərin cəmiyyətimiz üçün əhəmiyyəti olduqca böyükdür.

Ailə Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilən bir sıra dəyişiklikləri inqilabi dəyişiklik kimi qiymətləndirən millət vəkili qeyd edib ki, qanunvericilikdə baş vermiş dəyişikliklər nəticəsində ölkədə erkən nikahların qarşısı qismən alınıb. Daha sonra bəzi statistik məlumatları  diqqətə çatdırıb.

Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev çıxışında qeyd edib ki, Azərbaycan ailələri uzunömürlülüyü və ailədaxili münasibətlərin sabitliyi ilə seçilir. “Ailə dəyərlərinin təbliği, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi böyük əhəmiyyətə malikdir. Buna görə də Azərbaycanda Ailə institutu yaradılmalıdır”.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və Proqnazlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “İslamda ailəyə və qadına münasibət”, Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova “Quran və qanunda ailə dəyərləri:paralel yanaşmalar” mövzusunda təqdimatla çıxış ediblər.

Tədbir Azərbaycanda ailə institutunun formalaşmasında və qorunub saxlanmasında milli və dini dəyərlərin rolu, islamda ailəyə və qadına münasibət kimi mövzuların müzakirəsi ilə davam edib.