“İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfrans keçiriləcək
Paylaş:
Ailə institutu tarix boyu dövlətlərin siyasi, sosial - iqtisadi, mədəni mühitinin formalaşmasında mühüm rol oynamışdır. Ailə cəmiyyətin aparıcı qüvvəsi olan vətəndaşları yetişdirir, dəyərlər sistemini formalaşdırır, sosial münasibətlərin nizamlayıcısı rolunda çıxış edir. Ona görə də dövlətimiz və cəmiyyətimiz möhkəm və sağlam ailənin qurulmasında maraqlıdır. Ailə institutunun daha da möhkəmləndirilməsi məqsədilə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliğinin, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin aparılmasının mühüm əhəmiyyəti vardır. Azərbaycan xalqının milli, mədəni, ailə dəyərlərinin formalaşmasında İslam dəyərlərinin rolu böyükdür. Artıq bir neçə ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 24 iyul 2017-ci il tarixində, saat 11:00-da “Pullman Bakı” otelinin (keçmiş “Kempinski Otel Badamdar”) “Qəbələ B” zalında “İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfrans keçiriləcəkdir.
Konfransda ailə institutunun təbliği, Azərbaycanda ailə institununun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu, islamda ailəyə və qadına münasibət kimi mövzular müzakirə olunacaqdır.
Kütləvi informasiya vasitələrini əməkdaşlığa dəvət edirik.