Uşaqlar – sabahımızın təminatıdır

27 may 2015

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor

Hicran Hüseynova

Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Hər bir ölkə uşaqları qorumağı, müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunaraq imzalanır, forumlar, tədbirlər həyata keçirilir. Bu məqsədlə 1950-ci il 1 iyun tarixi Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi BMT Baş Assambleyası tərəfindən qeyd olunmağa başlanılıb. BMT uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan etmişdir. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da bu gün böyük təntənə ilə yüksək səviyyədə qeyd edilir. Hazırda respublikada iki milyon beş yüz mindən çox uşaq var, bu, ölkə əhalisinin 1/4-dən bir qədər artıqdır.

Uşaq hüquqlarının təmin edilməsi, onların problemlərinin həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Respublikamızın güclü iqtisadi inkişafı sosial problemlərinin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Təsadüfi deyil ki, qlobal iqtisadi böhran fonunda 2009-cu il möhtərəm prezidentimiz tərəfindən “Uşaq ili” elan edilib. Bu, uşaq siyasəti istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinə geniş imkanlar açıb, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin bir daha uşaqların problemlərinə cəlb edilməsinə təkan verib. Uşaqların hərtərəfli inkişafında, intellektual və hüquqi biliklərə yiyələnməsində Ümumrespublika Uşaq Forumlarının xüsusi rolu var. Uşaqların öz hüquq və mənafeləri ilə bağlı qərarların qəbul olunmasında iştirakının təmin edilməsi ilə bağlı keçirilən (2009, 2011 və 2014-cü illər) bu forumlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə reallaşmışdır. Artıq ənənənə xarakteri daşıyan bu Forum onunla əlamətdardır ki, Forumun işini əvvəldən axıradək uşaqlar idarə edir, dövlət rəsmilərinə onları maraqlandıran suallarla müraciət edə bilir, həmçinin hökumətə öz hüquqları ilə bağlı istək və arzularını çatdırırlar. Burada vacib məqamlardan biri də forumlararası Əlaqələndirmə Şurasının işinin daha da təkmilləşdirilməsidir. Bunun üçün Bakı şəhərinin hər bir rayonunda məktəblərdə uşaq hüquqları ilə bağlı xüsusi təlimlər keçirilir. Hər məktəbdən bir nəfər olmaqla şəbəkənin yaradılması və uşaqların fəallığının artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsində uşaqların aktiv iştirakının təmin edilməsi əsas məsələlərdən biridir. Qeyd etmək istərdim ki, “Gələcək” Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin yaradılması bu məqsədə nail olmaq üçün göstərilən gözəl təşəbbüslərdən biridir.

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Bu siyasətin davamı olaraq ölkə Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində önəmli layihələr həyata keçirməkdədir. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” deyən Mehriban xanım hər il internat və uşaq evlərində tərbiyə alan, həmçinin qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənlikləri keçirir, neçə-neçə uşağın sınmış qəlbinin bir az da olsa bərpasına dəstək olub.

Məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır.

Bildiyiniz kimi, bu siyasətin reallaşmasında güclü qanunvericilik bazasının yaradılması çox vacibdir. Öz müstəqilliyini elan etdikdən sonra BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına və bu Konvensiyanın 2 Əlavə Fakültativ Protokollarına qoşulmuşdur. Keçən dövr ərzində davamlı olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilmişdir.

Belə ki, Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014-2020-ci illər üçün), İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə proqramlar qəbul edilmişdir.

Bildiyiniz kimi, 2012-ci il mayın 8-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. 2013-cü ildə keçirilən görüşdən sonra dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılmış, nəticələr araşdırılmışdır. Bütün məlumatlar Komitədə ümumiləşdirilmiş, tövsiyələr hazırlanmış və Nazirlər Kabinetinə çatdırılmışdır. 2014-cü il ərzində səkkiz müəssisədən beşində monitorinqlər aparılmışdır, digər üç müəssisədə isə bu il keçirilməsi nəzərdə tutulur. Şikayət əsasında əlavə olaraq, iki növbədənkənar yoxlama keçirilmişdir.

Uşaqların müəssisələrə düşməsinin qarşısının alınması sahəsində əhalinin məlumatlandırılması ötən il də prioritet istiqamətlərdən olmuşdur. Komitənin regionlarda fəaliyyət göstərən mərkəzlərdə həssas təbəqədən olan uşaqlar və onların ailələri üçün “açıq qapı” məsləhətləşmələri təşkil edilmişdir. Həmçinin Komitə tərəfindən valideyn himayəsindən məhrum uşaqların valideynləri ilə birgə görüşünü nəzərdə tutan maarifləndirmə tədbirləri keçirilmişdir. Onların fəaliyyəti nəticəsində 6 uşaq ailəsinə geri qaytarılmışdır, 7 uşağın müəssisəyə düşməsinin və 10 yaxın erkən nikahın qarşısını alınmışdır. Erkən nikah hallarının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və aparılan maarifləndirmə tədbirləri belə niakahların azalmasına səbəb olmuşdur. Bir məsələni qeyd etmək yerinə düşər ki, sağlam ailə mühiti uşaqların inkişafına təsir göstərir. Məsələ yalnız ali təhsildə, yaxşı işlə təmin olunmaqdan, övladına ailə qurmaqda kömək etməkdən ibarət deyil. Əgər valideyn övladları ilə mütəmadi ünsiyyət qurmurlarsa, onların həyatı ilə, xüsusən də, keçid yaş dövründə ona etinasız yanaşırlarsa, əlbəttə, həmin uşaqlar bir sıra sosial-psixoloji problemlərlə üzləşəcəklər. Bir çox hallarda məişət zəminində baş verən zorakılıq zamanı uşaqlar həm zorakılığın şahidi, həm də zorakılığın qurbanı olurlar. Həmin uşaqlar çox ciddi psixoloji zədələr alırlar ki, bunun da sonradan ağır fəsadları yaranır. Onların sosial-psixoloji reabilitasiya keçməsinə böyük ehtiyac vardır.

2013-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında təsdiq edilmiş Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planına əsasən, uşaq əməyinin istismarı ilə üzləşən uşaqların hüquqlarının müdafiə edilməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir. Bu sahədə aparılan həm nəzarət həm də maarifləndirmə tədbirləri nəticəsində uşaq əməyinin istismarı hallarınının sayında azalma müşahidə edilməkdədir. Lakin təəssüflər olsun ki, bu gün hələ də regionlarda təhsildən yayınaraq evdə əməyə cəlb olunan uşaqlar vardır və düşünürəm bu sahədə yerli səviyyədə aidiyyəti orqanların fəaliyyəti gücləndirilməlidir.

Azərbaycan talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il respublikada üç yüzə yaxın uşaq bu xəstəliklə doğulur. Son illər talassemiyanın profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların, eləcə də uşaqların müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli, 264 nömrəli Fərmanına əsasən hazırlanmış, Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş və 2006-2010-cu illəri əhatə edən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların qan və dəmirqovucu preparatlarla təminatının yaxşılaşmasına səbəb olmuşdur. Bu uşaqlar həm də, qan qohumluğu nikahı əsasında dünyaya gəlirlər. Bildiyiniz kimi, Möhtərəm Prezident cənab İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliklər edilməsi barədə Qanunu təsdiqlədi və bununla da tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi məsələsi qüvvəyə mindi. Biz bu dəyişikliyin müsbət nəticə verəcəyinə inanırıq. Komitəmizə ötən il ən çox müraciətlərdən biri də xəstəliklərdən əziyyət uşaqlarla bağlı olunmuşdur. Burada vətəndaşların tibbi sığortası məsələsi aktuallaşır. Əgər belə tibbi sığorta olarsa, həm valideynlər, həm də onların uşaqları müalicə oluna bilərlər. Sosial xidmət sahəsində dövlət tərəfindən 2014-cü ildə icra edilən layihələr təxminən altı yüz iyirmi nəfər sağlamlıq imkanları məhdud uşaq və onların ailələrini, beş yüz nəfər sosial təhlükəli vəziyyətdə olan uşaq və onların ailələrini, üç yüz otuz nəfər dövlət uşaq müəssisələrinə düşmə riski yüksək olan uşaq və onların ailələrini əhatə etmişdir. Dövlətimizin və cənab Prezidentimiz İlham Əliyevin xüsusi diqqəti, ölkənin Birinci xanımı Mehriban Əliyevanın qayğısı nəticəsində ötən il üç min yüz otuz üç nəfər sağlamlıq imkanları məhdud uşaq reabilitasiya kursu keçmişdir. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, həm beynəlxalq həm yerli səviyyədə bilik yarışları, olimpiadalar keçirilmiş, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün düşərgələr təşkil edilmişdir. Xüsusilə aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı uşaq istirahət düşərgələrinin sayının artırılmasına ehtiyac vardır. Eyni zamanda, sərhəd və cəbhəyanı bölgələrdə yaşayan uşaqlara qayğı daha da gücləndirilməlidir. Keçən il Komitə İdman və Gənclər Nazirliyi ilə birgə layihəsi çərçivəsində həmin rayonlardan olan 120 uşaq yay düşərgələrində dincəlmişdir. Bu tədbir bir daha göstərdi ki, onlara xüsusi diqqətlə yanaşılmalıdır. Onu da qeyd etmək istərdik ki, bu gün Azərbaycanda uşaqların sağlam böyüməsini təmin etmək üçün hər cür şərait var. Müxtəlif idman mərkəzləri, məktəbləri fəaliyyət göstərir, uşaqlar idmana cəlb edilir. Xüsusən də Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları gənclər arasında idmana marağın artmasına müsbət təsir göstərəcək və uşaqları, gəncləri, yeniyetmələri idman bölmələrinə gətirəcək və beləliklə, ölkəmizdə idman sahəsinin yüksək inkişafı təmin ediləcək.

Azərbaycan dövləti uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək strategiyasını artıq müəyyən edib. Bununla bağlı, Cənab Prezidentin Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını imzalanmışdır. Konsepsiyaya əsasən, bir sıra mühüm sənədlərin qəbulu nəzərdə tutulmuşdur. Qeyd etmək istərdim ki, Uşaq Strategiyası hazırlanıb, hökumətə təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı müəyyən iş görülür.

Biz ümid edirik ki, yer üzündə yaşayan uşaqların hər birinin arzu və istəkləri yerinə yetəcək. Sonda bir daha qeyd etmək istərdik ki, Azərbaycanda həyata keçirilən bütün proqramlar, layihələr və tədbirlər uşaqların inkişafına uğurlu töhfələr verəcək və onların mənafelərinin təmin olunmasına yönəldiləcəkdir. Uşaqlar dünyanın sevincidir, gələcəyə mirasdır, onlar mənsub olduqları ailənin sərvətidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik.