Ermənistanın növbəti təxribatına Komitənin rəsmi mövqeyi
Paylaş:
Ermənistan silahlı qüvvələrinin son təxribatı nəticəsində Quliyeva Sahibə İdris qızı və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Biz heç bir uşağın istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi olsun- müharibədən əziyyət çəkməsinə qarşıyıq. Lakin təəssüflər olsun ki, erməni xisləti öz mənfurluğundan əl çəkmir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan on üçü həlak olmuş, on doqquzu isə yaralanmışdır. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına 2 yaşlı Quliyeva Zəhra əlavə olundu.
Biz hüquqi dövlət qurmuşuq. Və bütün məsələlərində hüquq çərçivəsində həll olunmasının tərəfdarıyıq. Ermənistan da BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya etmişdir. Lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir. İstər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirirlər. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.
Bu gün hər bir vətəndaş, o cümlədən, Azərbaycan qadınları da ölkə başçısının ədalətli mövqeyini dəstəkləyir. Bu, dövlətlə xalqının, ordunun birlik və bərabərliyinin təcəssümüdür. Xalqımız bu münaqişənin beynəlxalq çərçivədə sülh yolu ilə həll olunmasının tərəfdarıdır və eyni zamanda dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir.
Biz, beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə , Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik.
Biz bir daha Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakinləri 50 yaşlı Quliyeva Sahibə və 2 yaşlı Quliyeva Zəhranın ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralanan Quliyeva Sərvinazın tezliklə şəfa tapmasını diləyirik. Daha nə qədər uşaq və dinc əhali amansızcasına qətlə yetirilməlidir ki, dünya ictimaiyyəti bu hərbi münaqişənin ədalətli həllinə diqqət yetirsin.