Laçın həsrəti ilə keçən 23 il
Paylaş:
Laçın 18 may 1992-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 1835 kv. kilometrlik ərazi zəbt edilib, yüzlərlə maddi mədəniyyət nümunəsi erməni vandalizminə tuş gəlib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub, 64 min nəfər məcburi köçkünə çevrilib. Ən acınacaqlısı isə odur ki, bu vəhşilik uşaqlardan da yan keçməyib. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib. Laçında ermənilər tərəfindən 48 sənaye, 63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəniyyət, 103 ümütəhsil, 142 səhiyyə ocağı dağıdılıb və talan edilib.
23 ildir ki, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan Laçının bütün icra strukturları hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Müxtəlif yerlərdə məskunlaşmaq məcburiyyətində qalan laçınlılar doğma yurdlarının həsrəti ilə yaşayırlar, ancaq torpaqlarımızın düşmən tapdağından xilas olunacağı günü səbirsizliklə gözləyirlər. Prezident İlham Əliyevin ətrafında sıx birləşən, Qarabağ probleminin həlli istiqamətində dövlət başçısının apardığı prinsipial və ardıcıl siyasəti birmənalı şəkildə müdafiə edən Laçın camaatı çox nikbindir. Onlar dədə-baba torpaqlarına tezliklə dönəcəklərinə qətiyyən şübhə etmirlər. Ölkəmizin artan beynəlxalq nüfuzu və hərbi qüdrəti də Laçının, həmçinin digər ərazilərimizin azad olunmasına əminliyin ifadəsidir.